Sərnişindaşıma şirkətinin rəhbərinə cinayət işi açıldı


Azərbaycanda şirkət rəhbərinin qanunsuz əməlləri ifşa edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Sözügedən məlumatı olduğu kimi təqdim edirik:

“Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə “İ-Qafqaz” MMC-nin təsisçisi və direktoru İsmayıl Maqsudovun özü və rəhbəri olduğu hüquqi şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən sui-istifadə etməklə vergi bəyannamələrinə əsasən firmasının gəliri olmadığı halda maliyyə vəziyyətinə dair bilə-bilə şişirdilmiş yalan məlumatlar təqdim edərək Bakı şəhərində avtobuslarla sərnişindaşıma fəaliyyətini həyata keçirmək təyinatı üzrə kredit verilməsi üçün “Bank of Azerbaijan” ASC-yə müraciət edərək müxtəlif vaxtlarda 853 min manat məbləğində kredit alaraq “Bank of Azerbaijan” ASC-yə külli miqdarda ziyan vurmasına, həmin kreditlər üzrə 1 milyon 244 min manat məbləğində pul vəsaitini qəsdən ödəməməklə “Bank of Azerbaijan” ASC-nin bank fəaliyyətinin və kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə İsmayıl Maqsudova Cinayət Məcəlləsinin 195.2 (qanunsuz kredit alma külli miqdarda ziyan vurduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və “İ-Qafqaz” firmasının mülkiyyətində olan ümumi dəyəri 480 min manat məbləğində qiymətləndirilmiş 12 ədəd “Daewoo” markalı daşınar əmlakı üzərinə həbs qoyulub”.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top