"Əksər hallarda qadınlar heç bir səbəb olmadan döyülürlər" - Psixoloq

 
25 Noyabr Qadın Zorakılığına Qarşı Beynəlxalq Müdafiə Günüdür.
"Məişət zorakılığı", "Ailədaxili zorakılıq" bəlkə də son vaxtlar ən çox eşitdiyimiz ifadələrdəndir. Zorakılıq dedikdə ağıllarda ilk olaraq "zor və ya güc tətbiq etmək" kimi fikirlər formalaşır. Ancaq zorakılıq təkcə bundan ibarət deyil. Fiziki, psixoloji, iqtisadi və sosial zorakılıqlar da mövcuddur. Araşdırmalar göstərir ki, dünyada ən çox qadınlar zorakılığa məruz qalırlar. Buna görə də, zorakılıq dedikdə ağlımıza ilk gələn qadın olur. Zorakılığın ilk müşahidə olunduğu yer isə ailədir. Kişilər üçün həmişə güclü, iradəli imici formalaşdığı halda, qadınlar üçün zərif, gücsüz imici formalaşır. Belə olduqda qadın istər ailədə, istərsə də, cəmiyyətdə özündə mübarizə aparacaq güc tapa bilmir və nəticədə, hər şeylə hesablaşmaq məcburiyyətində qalır. Qadının belə çarəsiz rəftarı kişidə "hökmranlıq" hissini daha da gücləndirir və hətta bu, zorakılığa qədər gətirib çıxarır. Digər tərəfdən, cəmiyyətdə qız uşaqlarından imtina edilməsi, onların təhsildən uzaqlaşdırılması, erkən nikaha məcbur edilməsi və evləndikdən sonra fiziki, psixoloji, iqtisadi və sosial zorakılığa məruz qalması qadınlarda hər yaşda və hər dövrdə fərqli şəkildə müşahidə edilən hallardandır. Ən dəhşətlisi isə bu kimi halların sonu bəzən intiharla nəticələnir. Bəs qadına qarşı zorakılıq tətbiq edilməsinin səbəbləri nələrdir? Zorakılığa məruz qalan qadının böyütdüyü uşaq hansı psixoloji sarsıntılar keçirir? Və nəhayət, belə hallarda qadın hara müraciət etməlidir?
“Ailəm” jurnalına açıqlama verən, psixoloq Vəfa Rəşidova ailədaxili zorakılıq hallarında bəzən hər iki tərəfin də günahkar olduğunu qeyd etdi: "Deyirlər ki, son vaxtlar zorakılıq çoxalıb. Əslində isə zorakılıq həmişə olub. Ailədaxili münasibətlərdə zorakılığa gəlincə, burada səbəblər müxtəlifdir. Belə ki, çox vaxt zorakılıq göstərən tərəfi günahlandırsalar da, burada məsələyə birtərəfli yanaşmaq doğru deyil. Yəni, əgər ailədə zorakılıq varsa, burada hər iki tərəfin də rolu var. Ancaq təbii ki, bu həmişə belə olmur. Ümumiyyətlə, zorakılıq arzuolunmaz bir haldır və xüsusilə də, ailədə zorakılığa yer yoxdur. Əgər bir ailədə zorakılıq varsa, deməli, bu ailə sağlam mövqedə deyil. Eyni zamanda ailə üzvlərindən birində və ya hər ikisində psixoloji problem var. Psixi sağlamlığı yerində olmayan şəxsin zorakılığa meyilli olması isə təbiidir".

Həmsöhbətimizin sözlərinə görə, zorakılığa məruz qalan qadının böyütdüyü uşaq da cəmiyyətə faydalı olmur: "Bu kimi hallar ailədəki uşaqlara da ciddi təsir göstərir. Ailədə zorakılıq görən qadının böyütdüyü uşaq cəmiyyətə faydalı olmur. Təbii ki, burada da istisnalar yox deyil. Bəzi qadınlar zorakılığa məruz qalsalar da, xaraktercə möhkəm olur və buna görə də, ailədə vəziyyətə nəzarət etməyi, uşaqlarına dəstək olmağı bacarırlar. Yəni, onlar uşaqlarını ataya qarşı mənfi fikirlərlə doldurmur, əksinə bütün gücləri ilə ailələrini xilas etməyə çalışırlar. Bax, belə ailələrin uşaqları cəmiyyətə faydalı olurlar. Digər bir ailə növündə isə ana zorakılığa məruz qaldıqda depressiyaya düşür və əgər belə demək mümkünsə, həyatdan əlini üzür. Belə ailədə böyüyən uşaq da cəmiyyətdə uğur qazanmaq istəmir, ya da uğur qazanmaq istəyir, ancaq bunu necə edəcəyini bilmir. Çünki valideyn ailədə vəziyyətə nəzarət etmir və ən əsası, uşağa dəstək olmur. Bu şəkildə isə ailədə ancaq aqressiv fərdlər formalaşır. Nəticədə, belə ailədə böyüyən uşaq ya ailədə gördüyü zorakılığı başqasına tətbiq edir, ya da cəmiyyətdə cinayət yolunu tutur. Digər tərəfdən, belə vəziyyətdə ən çox müşahidə olunan hallardan biri də o uşaqların narkomaniyaya qoşulmasıdır. Bir sözlə, bu cür ailələrdə ancaq ünsiyyət qura bilməyən və ailə qurmaqdan qorxan fərdlər yetişir".
Zorakılığa məruz qalan qadına valideyn dəstəyinin olmamasına, həmçinin, ana tərəfindən "Vaxtında nənən də, mən də belə görmüşük" deyilməsinə münasibət bildirən psixoloq V. Rəşidova bunun cəmiyyət psixologiyası olduğunu qeyd etdi: "Bu, cəmiyyət psixologiyasıdır və "Nənəm belə edirdi", "Babam belə edirdi" ifadələri doğru deyil. Çünki sən bu gün etdiklərini sabah etmirsən. O ki, qaldı nənənin, babanın etdiklərini edəsən. Bu çox utopik bir düşüncədir. Ailədə zorakılıq görən qadın isə bunu gəlib anasına deməməlidir. Bu, vəziyyətdən çıxış yolu deyil. İlk növbədə, belə halların altında yatan səbəbləri araşdırmaq lazımdır.
"Nəyə görə mənə qarşı bu zorakılıq oldu?", "Nəyə görə o bu hərəkəti etdi?" suallarına cavab tapmaq lazımdır. Əksər hallarda zorakılığa məruz qalan qadınlar heç bir səbəb olmadan, necə deyərlər, oturduqları yerdə döyülürlər. Bu vaxt məlum olur ki, o ya anasını, ya atasını özünə nümunə götürür, ya da bu şəxsin psixoloji problemləri var. Bu kimi insanların müalicə alması mütləqdir. Çünki, zorakılıq bir dəfə oldusa, ikinci, üçüncü dəfə də ola bilər. Digər tərəfdən, zorakılıq tətbiq edən adama aqressiya göstərmək də doğru deyil. Belə olduqda, həmin adam daha da qıcıqlanır. Məsələn, qadın gedib kişiyə desə ki, "Mən boşanacağam" və ya "Atama, anama deyəcəyəm", təbii ki, onda kişi daha çox zorakılıq tətbiq edəcək. Çünki, onun psixologiyası yerində deyil və nə etdiyinin fərqinə varmır. Həmin situasiyalarda qadın kişiyə dəstək olmalıdır. "Sən belə insan deyilsən", "Bu sənin xarakterin deyil", "Gəl, bu problemi birlikdə həll edək" kimi sözlər deyilməlidir. Məsələn, mənim bir pasientim var. O, artıq neçə ildir ki, zorakılığa məruz qalır və hər dəfə də anasının yanına gedir. Nəticədə isə bu problem öz həllini tapmamış qalır. Ona görə də, əgər problem varsa, ondan qaçmaq yox, onunla üzləşmək lazımdır. Əgər danışıqlarla bu problem öz həllini tapmırsa, deməli psixoloq dəstəyi mütləqdir".

Mövzu ilə əlaqədar öz mövqeyini bildirən müğənni Elnarə Xəlilova da bütün hallarda qadının öz ayağı üzərində durmalı olduğunu qeyd etdi: "Hazırda qadına qarşı zorakılıq hallarının baş verməsinin müxtəlif səbəbləri var. Həyat tərzi, stress və s. İndi həyat heç kim üçün asan deyil. İstər qadın üçün, istərsə də, kişi üçün yaşamaq çətindir. Ancaq ailədə biri od olanda biri də su olmalıdır. Lakin elə qadın var ki, hər şeyə dözür. Ancaq mən belə şeyin əleyhinəyəm. Düzdür, uşağa və ailəyə görə nəyəsə dözmək olar. Ancaq bu da bir yerə qədər olmalıdır.
Bəzən də ailədə zorakılıq qadınların savadsızlığından irəli gəlir. Düşünürəm ki, qadın savadsız belə olsa, əgər istəsə, öz ayağı üzərində dura bilər. Yemək bişirə, paltar tikə və ya qab yuya bilər". E.Xəlilova lazım gəlsə, özünün də ailəsini dolandırmaq üçün deyilən işlərdə işləyə biləcəyini vurğuladı: "Mən həmişə özümü o qadınların yerinə qoymağa hazıram. Çünki, həyatdır, heç kim heç nədən sığortalanmır və hər kəsin başına iş gəlir. Baxmayaraq ki, ali təhsilim var, əgər ehtiyacım olsa, ailəmi dolandırmaq üçün saydığım işlərin hamısını görə bilərəm. Təki qazandığım pul halal zəhmətimin bəhrəsi olsun. Yəni, deməyim odur ki, heç kimə boyun əymərəm və öz bacarığım hesabına öz ailəmi saxlaya bilərəm. Bütün qadınlara da bunu tövsiyə edirəm. Əgər hər hansı bir məhdudiyyətimiz yoxdursa, hər bir qadın öz ayaqları üzərində dayana bilər.
Valideynlər də qız uşaqlarını təhsildən yayındırmamalıdırlar. Əgər maddi imkanları universitetə göndərməyə yol vermirsə, ən azı bir peşəyə istiqamətləndirməlidirlər. Allah hər kəsə bir istedad verir və bunu heç olmasa, uşaq yaşlarından üzə çıxarmaq lazımdır. Heç ailədə zorakılıq yoxdur, həyat yoldaşı bir hadisədə dünyasını dəyişdi, onda bu qadın qapı-qapı düşüb pul axtarmalı deyil ki? Ona görə də, mütləq qadının bacardığı bir iş olmalıdır. Belə halların qarşısını almaq üçün qadınlar təhsilli olmalı, öz üzərində işləməyi bacarmalıdırlar".
Məişət zorakılığına məruz qalan qadın çox vaxt öz hüquqlarını, hara müraciət edəcəyini bilmir və bu vaxt məlumatsızlıqdan gördüyü zorakılığa qarşı susmalı olur. Hüquqşünas Sevinc Əliyevanın sözlərinə görə, qadın məişət zorakılığına məruz qaldıqda mütləq lazımi orqanlara müraciət etməlidir: "Nəzərə alsaq ki, məişət zorakılığından ən çox qadınlar əziyyət çəkir, buna görə də, zorakılıq deyəndə ağlımıza ilk gələn qadınlar olur. Qanunvericilikdə bununla bağlı 22 iyun 2010-cu ildə "Məişət zorakılığının qarşısının alınması" haqqında qanun qəbul olundu. Bu qanun tətbiq olunmamışdan əvvəl qadın ancaq fizki zorakılıq həddinə çatdıqdan sonra şikayət etmək hüququna malik idi. Ancaq qanun qəbul olunandan sonra məişət zorakılığının təkcə fiziki yox, psixoloji, iqtisadi və cinsi zorakılıq növləri də müəyyən edilərək, müəyyən cəzalar tətbiq olundu. Psixoloji zorakılıq dedikdə, şəxsin şəxsə psixi təzyiq göstərməsi, ona dözülməz psixi şərait yaratması nəzərdə tutulur. İqtisadi zorakılıq zamanı isə birinin digərinin mülkiyyətində, sərəncamında olan əmlakından, gəlirlərindən məhrum etməsi və iqtisadi asılılıq yaratması nəzərdə tutulur. Əgər qadın fiziki, cinsi zorakılığa məruz qalırsa, bu vaxt o, ilk növbədə hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Ancaq, bu psixi, iqtisadi və digər zorakılıq növləri olarsa, onda hüquq-mühafizə orqanlarına yox, şəxsin faktiki yaşadığı yerin mənsub olduğu icra hakimiyyətinə müraciət etməlidir. Belə olduqda zərərçəkmiş şəxsə 24 saat ərzində mühafizə orderi verilir. Mühafizə orderində təqsirli şəxsə münasibətdə zərərçəkmiş şəxsə qarşı qadağalar qoyulur. Zorakılığı törədən şəxs mühafizə orderini icra etməzsə, həmin şəxs inzibati məsuliyyətə cəlb edilir. Müəyyən olunmuş cəriməni ödədikdən sonra yenə də zorakılığa davam edərsə, zorakılığa məruz qalan qadın yenidən yaşadığı yer üzrə müvafiq məhkəməyə müraciət etməlidir. Məhkəmə qətnaməsi ilə bu dəfə 180 günlük mühafizə orderi verilir. Həyat yoldaşı bu dəfə də o orderə əməl etməzsə, artıq cinayət məsuliyyəti yaranır və həmin şəxs 2 ilə qədər azadlıqdan məhrum edilə bilər.
Bundan başqa, məişət zorakılığı zorakılığın ayrıca bir növü kimi götürülür. Çünki adi halda zorakılığa çox nadir hallarda məruz qalırıq. Gündəlik həyatda hər kəs təhqirə məruz qala bilər, ancaq psixi zorakılığa məruz qalma halları daha tez-tez baş verir. Bu baxımdan məişət zorakılığı daha çox baş verən zorakılıq olduğu üçün ən çətin zorakılıq hesab olunur. Məişət zorakılığı adi bir fiziki güc tətbiq etməklə başlayır, qarşısı alınmadıqda daha da çoxalır və nəhayət, cinayətə qədər gedib çıxır".
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top