Rüşvət və dələduzluğa görə həbs edilən sabiq polisdən Ali Məhkəməyə ŞİKAYƏT

Rüşvətə təhrik etmə, dələduzluq və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmədə təqsirli bilinən Sərxan Sadıqov Ali Məhkəməyə kassasiya şikayəti verib.

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, şikayət hakim Gülzar Rzayevanın sədrlik etdiyi kollegiyanın icraatına verilib.

Qeyd edək ki, S.Sadıqov "Bakı Metropoliteni" QSC-də polis əməkdaşı olub. O, Sədrəddin Kərimov və Xəyyam Səfərzadəyə maşın nömrəsi alacağı vədi verib. Lakin sonradan S.Sadıqov verdiyi vədə əməl etməyib. Ümumilikdə, həmin şəxslərə 17 min manata yaxın ziyan dəyib.

Zərərçəkmişlərin şikayəti əsasında saxlanılan S.Sadıqovun barəsində Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə), 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Sadıqov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmdən verilən şikayəti təmin etməyib. S.Sadıqov bu qərardan verdiyi kassasiya şikayətini avqust ayında geri götürsə də, yenidən Ali Məhkəməyə şikayət verib.

DİGƏR XƏBƏRLƏR

Top