Məmməd Araz: "Ustad haqqı qazanmış şair"


İnsan var övladları, digər əzizləri üçün özünü oda-közə vurur və vəfat edəndə ailədə, nəsildə yeri görünür...
İnsan var eli-obası üçün çalışır, hər bir ailənin ağrı-acılarına ortaq olur, kimsəsizlərə əl tutur, süfrəsini hər kəsə təmənnasız açır. Onun üçün  "evdən yox, eldən getdi " deyir,  minnətdarlıqla xatırlayırlar...
İnsan da var ağlı, biliyi, yazdığı əsərləri ilə könülləri işıqlandırır, insanlara örnək olur, ölümündən sonra da Vətənə xidmət edir. Belə insan üçün " öldü" demirlər, "dünyasını dəyişdi, ürəklərə köçdü " deyirlər.
  Gözəl insan, şair, tərcüməçi, naşir İlyas Tapdıq daim yeri görünən, eldən gedən, ürəklərə köçən, əsərləri ilə xalqına daim xidmət edəcək bir insan idi...
 
Məlumat üçün deyim ki...
  Biz orta məktəbdə oxuyanda İlyas müəllim tanınmış şair idi. Məktəb illərində uşaqlar üçün yazdığı şeirləri,  tələbəlikdə də isə sevgi şeirlərini həvəslə əzbərləyərdik. Qəzetçi olandan sonra  onunla müxtəlif tədbirlərdə görüşərdik.  Bu zaman o, məni tanımasa da köhnə tanışlar kimi əl tutardı.
 İllər sonra İlyas müəllimlə Mədəniyyət Nazirliyinin dəstəyi  və  F. Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə keçirilən, 2012-ci ildən başlayan Uşaq Kitab Karvanının yolçuları olduq. Məlumat üçün deyim ki, mən o dəstəyə ölkənin ən populyar və sevilən  uşaq qəzeti  olan "Tumurcuq"un  redaktoru kimi dəvət edilirdim. Hansı bölgəyə səfər edirdiksə uşaqlı-böyüklü hamı İlyas müəllimin  ətrafına  yığılır, doğma adam kimi hal-əhval tuturdu. Hər görüşdə məktəblilər şairin şeirlərini əzbər söyləyər, onu öz aralarına alıb şəkil çəkdirər, kitabına avtoqraf yazdırardılar. Böyüklər isə yazdığı şeirləri şairin öz dilindən eşitmək istədiklərini bildirirdilər. Möhkəm yaddaşa malik İlyas müəllim də onları qırmırdı. Bəzən poeziya dəqiqələri iki saatadək davam edirdi. İlyas müəllim canlı ensiklopeyia idi. Gəncə-Qazax bölgəsinə səfər zamanı İlyas Tapdığın heyranları ona tez-tez " Sən Hüseyn qağanın (  xalq şairi Hüseyn  Arif nəzərədə tutulur ) yadigarısan" deyir, öz evlərinə dəvət edirdilər. Bu, şairə, onun poeziyasına xalq məhəbbətinin nümunəsi idi. Bu səfərlər zamanı çox vaxt mən İlyas müəllimlə eyni otaqda qalırdıq. Şam yeməyindən sonra biz oteldə ancaq gün boyu gördüklərimizdən deyil, eyni zamanda keçmişdən, qağılarımızdan, ədəbiyyatdan, sənətdən söhbət edərdik. Onunla hər bir söhbət mənim üçün nağıl kimi şirin olurdu. Çünki İlyas müəllim sadə təbiətə malik insan idi və mənə ərklə ömürlüyündən- taleyin ona yaşatdığı ağrı-acılı illərdən, nisgilli ilk sevgisindən, poeziya yollarında addımlarından həvəslə danışırdı. Onun sinəsi aşıq şeirləri , xalq ədəbiyyatı nümunələri ilə dolu idi. Onları elə sapa düzürdü ki, elə bil dastan gecəsi, oxucularla görüş keçirirdi. Bəzən mehmanxana işçiləri, oradakı qonaqlar da bizim otağa İlyas müəllimi dinləməyə gəlirdilər. Azərbayacanın elə bir rayonu yox idi ki,orada gəzib-dolanmasın. Kiminlə tanış olurdu, deyirdi ki, sizin rayonun filan kəndində filankəsə məndən salam de. 
 Çox ürəyigeniş, təvazökar adam idi. Kiminsə ünvanına xoşagəlməz söz deməzdi.
 
Gözəl qələm sahibi olmaqla yanaşı, yaxşı təşkilatçı idi
 
 Şair, tərcüməçi, naşir İlyas Tapdıq "Uşaqgəncnəşr"də redaktor (1957-1962), "Azərnəşr"də redaktor, böyük redaktor (1962-1968), "Gənclik" nəşriyyatinda böyük redaktor, redaksiya müdiri, bas redaktor (1968-1976), Azərbaycan Bas Mətbuat Müvəkkilliyində qrup rəhbəri (1976-1978), Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində televiziya gəncər Baş redaksiyasinin baş redaktoru (1978-1983), "Azərnəşr"də bədii ədəbiyyat şöbəsinin müdiri (1989-1992), Türkiyənin Ankara şəhərində Türk Standartları İnstitutunda və Xarici İşlər Nazirliyi və Kalkınma Ajansında müəllim, "Azərbaycan" qəzetinin Türkiyə üzrə xüsusi müxbiri (1992-1995) vəzifələrində işləyib.
 
  Bir dəfə  uşaqlığından danışırdı...
  Deyirdi ki, uşaqlığım ağır illərə düşüb. Görərdin nənəm qarğıdalının dənini səpib həyətə və əlimə də bir çubuq verirdi ki, dəni sərçələrdən qoru. Ancaq mənim sərçələrə yazığım gələrdi. Buna görə də arada qarğıdalıdan bir ovuc götürüb atırdım sərçələr tərəfə ki, ac qalmasınlar. Bir azdan qapı sərçə ilə dolardı... Nənəm də baxıb deyərdi ki, sən dəni qoruyursan, yoxsa sərçələri yemləyirsən? 
 Nənəm yaxşı xalça toxuyardı. Mən də onun yanında oturub vurduğu naxışlara baxardım. Arabir qaçıb lazım olan kələfi, yumağı gətirərdim. Bəzən nənəm ilmələrin yerini səhv salardı. Mənə deyərdi ki, İlyas, diqqətlə bax, gör bu, hansı əriş-arğacdı? Mən də bu işdə ona kömək edərdim. Bir az böyüyəndən sonra qoyun-quzu da otarmışam, meşədən odun da gətirmişəm ki, şaxtadan, qardan qorunaq. Beləcə, uşaqlıq həyatımın ən gözəl və xoşbəxt günlərini yaşamışam...
Mənim iki qardaşım, bir bacım olub. Qardaşlarım yaşca məndən böyük olublar, ancaq mən onlardan boylu-buxunlu, qüvəli olmuşam.  Qonşumuz dəmirçi idi. Mən  bir neçə il onun yanında çalışıb çörəkpulu qazanmışam. İyirmidörd kiloluq gürzü təkəlli vura bilirdim. İllər sonra mən o dəmirçixanada keçirdiyim yaşantıları "Dəmir o dəmir, dəmir od əmir" adlı poemamda misralara çevirdim. Yəqin ki, orada işləməsəydim heç o əsəri də yaza bilməzdim.
 Atam zəhmətkeş, qorxmaz kişi idi. Səkkiz-doqquz yaşım olanda məni atın tərkinə alıb gecə meşədən keçib yayalağa aparardı.  Atı bəzən düz canavarların üstünə sürərdi. Çox az dincəlirdi. Getdi müharibəyə. Əvvəllər məktub yazardı. Bir gün qara kağızı gəldi və mənim atasız, həsrət dolu günlərim başladı. İlk şeirim də "Atamın son məktubu" oldu...
 İlyas müəllimin " Valideynlərimə" adlı bir şeiri var. Həmin şeirdə yazıb ki, "Mən uşaq şairiyəm, uşaqlar ürəyimdir..." Deyirdi ki, bu sahədə uğurlarım çox olduğuna görə mən özümü uşaq şairi sayıram.
 
"İlyas müəllim üçün çox qəribsəmişik"
F. Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla xanım Qəmbərova:  " Şair İlyas Tapdıq sözünün, hərəkətinin yerini bilən adam idi. Bizə dəyərli məsləhətlər verərdi. Kitabxanada keçirilən əksər tədbirlərdə iştirak etməyə çalışardı. Sözlə, kitabla bağlı öyrənmək istədiyimiz hər hansı sual olanda ürəklə ona müraciət edərdik. Çünki İlyas müəllim gözəl şair olmaqla yanaşı, təcrübəli tərcüməçi və naşir idi. O, uşaqlar üçün yazdığı "Kəndimizin çobanı", "Bulaq başında", "Xumar", "Arxalı dağlar", "Çimnaz oynayır", "Əksim", " Qoçaq dovşan", "Özüml" görüş", "Nağıllı ağaclar", "Şıltaq günəş" və digər kitabların müəllifi idi.
 İlyas müəllim, belə demək olarsa, Uşaq Kitab Karvanın saribanı idi. O, bizimlə yola çıxanda hamı sevinərdi. Ona görə ki, yolboyu maraqlı söhbətlər aparar, bölgələrdə keçirilən kitab bayramının daha yaddaqalan olması üçün məsləhətlər verər, həmin tədbirlərdə hamının ürəyincə olan çıxışlar edərdi. Uşaq Kitab Karvanının əsas dəstəkvericisi Mədəniyyət Nazirliyi olduğundan bölgələrdə bizi hörmətlə qarşılayır, lazım olan şəraiti yaradırdılar. Bununla yanaşı, şair İlyas Tapdıq bizimlə olanda istər rayon rəhbərləri, istərsə də ayrı-ayrı ziyalılar dəstəmizə xüsusi qayğı göstərməyə çalışardılar. Bu, İlyas müəllimə xalq sevgisinin nümunəsi idi.
 Bir neçə ildir ki, kitabxanamızın əməkdaşları Azərbaycanın görkəmli uşaq yazarlarının əsərlərinin biblioqrafiyasını çapa hazırlayır.  Gözəl şairimiz İlyas Tapdığın əsərlərinin biblioqrafiyası 2015-cı ildə kitab halında nəşr edildi. Dostu, şair Zahid Xəlil kitaba İlyas Tapdıq yaradıcılığı barədə geniş, mənalı giriş yazmışdı. Təəssüf ki, İlyas müəllim xəstə olduğundan kitabın təqdimatında iştirak edə bilmədi. 
 Ötən  ay Uşaq Kitab Karvanı yenə bir neçə şəhər və rayona səfərə çıxmışdı. Bu dəfə bizimlə İlyas müəllimin şeir kitabları uşaqların görüşünə getmişdi... Biz İlyas müəllim üçün çox qəribsəmişik."
 
Kökə bağlı şair idi
 
  İlyas Tapdıq ağız ədəbiyyatına, aşıq şeirinə, klassik ədəbiyyatımıza yaxşı bələd və bağlı olan insan idi. Buna görə də onın əsərləri  arasında özünün yaratdığı çoxlu qoşma, təcnis, gəraylı, tapmaca, yanıltmac və sair var. Bu əsərlərdə fikrin yığam ifadəsi hakimdir.
Özü danışırdı ki, müharibə illərində bizim qonşuluqda Göyçədən gələn dəmirçi İbrahim yaşayırdı. Hər gün onun evində saz çalınar, aşıqlar oxuyardılar. Mən o aşıqlara diqqətlə qulaq asardım. Onlar daha çox Aşıq Alının, Aşıq Ələsgərin şeirlərini oxuyurdılar. Mən də saz çalmağı öyrənmişdim. İndi müğənnilərin oxuduğu "Nə qaldı?" qoşmasını uşaq yaşlarımda əzbər bilirdim...
 Xatırladaq ki, İlyas müəllim ustadlara ehtiram əlaməti olaraq "Aşıq Alı" və "Aşıq Ələsgər " adlı  telefilmlərin və digər bir neçə telefilmin ssenarisini yazıb.
Bütün yaradıcılığı boyu o, doğma yurd sevgisi ilə yaşayıb, o torpağın hər qayasına, qarlı zirvəsinə, meşəsinə, bulağına, gülünə, çiçəyinə şeirlər həsr edib. O, bəzən bir neçə misra ilə gözəl təbiət lövhəsi çəkir və oxucu sözün qüdrətinə, şairin ilhamına heyran olur. İlyas Tapdıq təkcə təbiətdən yox, Aşıq Alıdan, Dədə Ələsgərdən, dədə Şəmşirdən, Səməd Vurğundan, Rəsul Rzadan və digər qüdrətli saz, söz ustadlarından dərs almışdı. O, təbiətin hər kəsin görüb-duymadığı hikmətlərini şeirə ustalıqla gətirib. Onun yaradıcılığını oxucuya sevdirən əsas cəhətlər təbiilik və səmimiyyətdir.  O, nədən yazır yazsın bizə məlum mövzuya yeni poetik biçim verir və  düşüncəmizi təzələyir.  Şairin məşhur "Gədəbəydədir" şeiri 1962-ci ildə yazılsa da yenə çoxları tərəfindən sevilir, əzbərlənir. Çünki bu şeirdəki poetik mənzərə o qədər təbii və genişdir ki, elə bil sən şeiri oxuduqca zəngin Gədəbəy torpağını addım-addım gəzib dolanırsan:
Dağlardan tökülən gur şəlalələr,
Çəmənə od salan yanan lalələr,
Ayaz gecələrdə düşən jalələr,
Otların sırğası Gədəbəydədir!
Şairin "Daşkəsən lövhələri"nə aid silsilə şeirləri, "Payız gəlib Qarabağa", "Aranla dağ arasında", "Meşədə", "Şəlalə",  "Kol dibinə iz düşdü",  "Bahar lövhələri", "Meşəbəyi" və neçə-neçə bu kimi şeirləri oxuduqca heyrətlənirsən və sənə elə gəlir ki, İlyas Tapdıq hər fəsilə uyğun təbiətin gözəlliklərinin sərgisini təqdim edir:
Quşlar uçub,
Boş yuvalar
Xan çinarda xala dönüb.
Nar dənəsi şirinləşib
Pətəyində
Bala dönüb... ("Payız gəlib Qarabağa")
 Yaxud:
Üzərində ağ buludlar yarılar,
Yel vuranda gülün-gülə sarılar,
Çiçəyinə nəğmə deyib arılar-
Şirəçəkir çəmənlərın tər çağı,
Sinən üstə səpələnir, Ər dağı!
İnamla demək olar ki, İlyas Tapdıq poeziyasında Azərbaycan təbiəti bütün çalarları ilə gözəl, təravətli və solmazdır.
 Dağlar ucalıq, paklıq və zənginlik rəmzidir. Başı qarlı zirvələr, dağların qoynundakı sıx meşələr, ilboyu zümzümə edən sərin bulaqlar, səfalı yaylaqlar hər zaman insan üçün cəlbedicidir. Uşaqlığını dağlar qoynunda yaşamışlar bütün yaşlarda dağlara can atırlar. ilyas müəllim də bu barədə söhbət düşəndə deyirdi ki, uşaqlığım keçən o yerlərə gedəndə rahatlıq tapıram. Orada hər dağ, ağac, yol, bulaq mənə tanışdı. Onların hər biri ilə görüşür, söhbətləşirəm. Bir sözlə, təbiət məni ovudur.

İlyas Tapdıq da zəngin təbiət abidələri və çox qiymətli yeraltı sərvətləri olan Gədəbəy dağlarını tez-tez yada salıb, o yerlərə çoxlu şeir və poema  yazıb. Bunları  şairin dağlara vəfa borcu kimi qiymətləndirmək olar:
 
Əzəl başdan siz oldunuz həyanım,
Dağlar, sizə baş əyməyə gəlmişəm.
Şair deyib, qiymət verib sayanım,
Dağlar, sizə baş əyməyə gəlmişəm.
 
Hər ürəyin payızı var, qışı var,
Hər yuvanın bir qayıdan quşu var,
Çiçəyində anamın göz yaşı var,
Dağlar, sizə baş əyməyə gəlmişəm.
 
Ana elin əhvalını sormağa,
Baba yurdda bir dağ olub durmağa,
Aşığını oxutdurub yormağa,
Dağlar, sizə baş əyməyə gəlmişəm.
 
 İlyas Tapdığın qoşmaları, lirik şeirləri ilk çağlardan aşıqlar tərəfindən el şənliklərində oxunub, dillər əzbəri olub.  Bununla yanaşı,  onun həm uşaqlar üçün yazdığı, həm də sevgi və təbiət mövzusunda qələmə aldığı şeirlər bəstəkarların ilham qaynağına çevrilib. Bəstəkarlardan Sevda İbrahimova, Nəriman Məmmədov, Eldar Rüstəmov, Oqtay Kazımov, Zabitə Məmmədova, Arif Mirzəyəv, Bəxtiyar Kərimov və başqaları onun şeirlərinə mahnılar yazıblar. Bununla yanaşı, İlyas Tapdıq poeziyasına, şəxsəiyyətinə böyük məhəbbətin nəticəsidir ki, onlarla aşıq vəşair onun şeirlərinə nəzirə  yazıb, onu dağların qoynunda görüşə çağırıb.  Xalq şairi Zəlimxan Yaqubun İlyas müəllimə həsr etdiyi şeirin son bəndləri belədir:
 
Şair- çiçəklərdən bal çəkən arı.
Şerin- zirvələrin tərtəmiz qarı.
Qalxıb Gədəbəydən Bakıya sarı
Dağ enən, düz keçən, döş gələn kişi
 
Sözü çiçəklərin dadında qalan,
Eşqi baxışların odunda qalan,
Şeiri  Zəlimxanın yadında qalan,
Nəfəsi Allaha xoş gələn kişi.
 
 
"İlyas Tapdıq ədəbiyyata ləyaqətlə xidmət edib"
 
  Bu günlərdə Xalq şairi Musa Yaquba zəng eləmişdim. Əvvəlcə ustada səhhəti ilə bağlı dil-ağız elədim və cansağlığı arzuladım. Sonra dedim ki, eşitmişəm siz İlyas Tapdıqla oturub-durmusuz, bir neçə dəfə səfər yoldaşı da olmusuz...
Musa müəllim dedi:
- İlyas məndən bir neçə yaş böyük idi. Böyüklüyü də bacaran adam idi. Gözəl şair, təmənnasız insan, idi.  O, "Gənclik" nəşriyyatında baş redaktor olanda mən hələ İsmayıllıda işləyirdim. Şeirlərimi göndərirdim, o da diqqətlə yanaşır, kitabımı çapa hazırlayırdı. "Azərnəşr"də işləyəndə də mənə köməyi dəyib. Hər ikimiz dağlıq rayondan idik və təbiət mövzusunda daha çox yazırdıq. Mən onun təbiətə aid şeirlərini çox yerdə  misal gətirirdim.  Deyirdim ki, təbiətdən belə yazmaq lazımdır. Bir neçə dəfə bizim Buynuza gəzməyə gəlmişdi. Ədəbiyyat haqqında geniş söhbətlərimiz olurdu. Dağlara, meşəyə gəzməyə çıxırdıq. O zaman mən İlyasın Tapdığın təbiətə vurğunluğunun bir daha şahid oldum. O təbiətin qoynunda hər şeyə diqqətlə baxır, elə bil nəyisə axtarırdı... İlyas Tapdıq Azərbayacan ədəbiyyatında ləyaqətlə xidmət edib. Allah ona qəni-qəni rəhmət eləsin. 
 
İlk kitabının puluna qardaşına ev tikdirib
 
 Pedaqoji  İnstitutda oxuyanda "Kəndimizin çobanı" adlı ilk şeirlər kitabı çap olunub. Bu, ilk böyük uğuru idi. İkinci kitabı rusca olub. İlk kitabına görə ona çoxlu qonarar veriblər. Həmin pula tələbə İlyas qardaşına ev tikdirib.
 
 
 
Sevgi "Gözlər"i
 
  Özünün danışdıqlarından çıxardığım nəticə bu olub ki, İlyas müəllim gəncliyində elə də sakit cavan olmayıb. Bir özünüz düşünün, boylu-buxunlu cavan, istedadlı şair, yaxşı iş yeri. İlyas müəllim də gözəllərə şeirlər yazırmış. Hətta bir dəfə istədiyi qızın adını şeirdə misraların birinci hərfi kimi yazıb və qəzetdə çap etdirib. Məsələ faş olub və onu Yazıçılar İttifaqına üzvlikdən azad etmək istəyiblər. Xalq şairi Rəsul Rza onun qanının arasına girib. İttifaqın birinci katibi xalq yazıçısı Mehdi Hüseyn iclası keçirməyə hazırlaşdığı vaxtda Rəsul Rza onun otağına girib və soruşub ki, gündəlikdə duran məsələ nədir? Mehdi Hüseyn məsələni açıb deyib. Rəsul müəllim də gülərək deyib ki, bu oğlan yenə baş hərflərlə yazıb, çoxu elə şeirin əvvəlində yazır ki, filankəsə. Deməli, İlyas abırlı adamdır, belə işə görə ona ciddi cəza vermək düzgün olmaz.  Mehdi Hüseyn də fikrindən daşınıb və məsələ bitib.
 
Zahid Xəlil: “O xalqdan yaradıcı bəhrələnən  şair idi “
 
  İlyas Tapdıq sadə kəndli övladı idi. Bu sadəlik təkcə onun şeirlərində deyil, insanlara münasibətində də  görünürdü. Altmış illik şəhər həyatı da onu “şəhərli oğlan” edə bilmədi. Gədəbəy dağlarının təmiz havası ömrünün sonuna qədər onu və şeirlərini tərk etmədi. Sinəsindən saz düşmədi. Hətta şeirləri də saz havasının ritminə uyğun yazıldı.
     Görkəmli rus yazıçısı M.Pirilijayeva “Detskaya literatura” jurnalında “Salam, İlyas Tapdıq” adlı məqaləsində qeyd edir ki, Azərbaycan uşaqları ona görə xoşbəxtdir ki, onların İlyas Tapdıq kimi gözəl şairləri var.
      Bu gözəllik nədədir? İlyas Tapdıq hər şeydən əvvəl güclü müşahidə qabiliyyətinə malik olan bir sənətkardır. Hamı gördüyü kimi bir lövhəni İlyas Tapdıq heç kəsin görə bilməyəcəyi bir mənzərəyə çevirməyi bacarır.
                                                           Nənənin evində gəbə var,
                                                           Gəbənin üstündə dəvə var,
                                                           Dəvənin belində təpə var,
                                                           Təpənin üstündə nəvə var...
      Təkcə bu bənd bitkin bir şeir ola bilərdi. Lakin şair hər misranın məntiqi davamını kəşf edir. “Nənənin evində gəbə var, Gəbənin üstündə dəvə var” bu misraların məntiqi davamı kimi şeirdə oxuyuruq: “Dəvənin yunundan toxunar gəbələr”. Yalnız bu misradan sonra uşağa aydın olur ki, dəvələri əzizləyib, gəbənin üstündə şəklini niyə çəkiblər. Çünki dəvənin yunu olmasaydı, gəbələr də toxunmazdı. Dəvələrin belindəki təpələr, həmin təpələrin üstündə oynayan nəvələrinin xoşbəxtliyinin də səbəbi həmin dəvələr və gəbələri toxuyan nənələrdir.
     İ.Tapdıq xalq ədəbiyyatından yaradıcılıqla bəhərlənən bir söz ustasıdır. Xalqın yanıltmaclarının uşaq üçün nə qədər sevimli olduğunu hamı bilir. Çünki bu janr səslərin, sözlərin yaratdığı alliterasiyaya əsaslanır və belə əsərlər oyun xarakterli olduğuna görə balacaların çox xoşuna gəlir. İ.Tapdığın yaratdığı bir silsilə şeir, xalqın həmin ənənələrinə əsaslanan gözəl nümunələridir.
                                                             Keçidi
                                                             Keçdi
                                                             Keçim.
                                                             Gərək indi mən keçim
                                                             Keçim
                                                             Keçib
                                                             Keçini
                                                             Keçim.
    Ümumiyyətlə, xalqdan yaradıcı bəhrələnən İ.Tapdığın alliterasiyaya əsasən “Bildirçin” şeiri uşaq poeziyamızın nadir nümunələrindəndir.Bu şeirdə “bildirçin”, “bildir-bildir”, “çildir” və s. kimi sözlər bir süjet ətrafında məharətli birləşdirilib. Şeiri oxuyan hər bir uşaq ona yenidən qayıtmaq istəyir.
 
Tərcümələri və tərcüməçiləri
 
İlyas Tapdıq dünya uşaq ədəbiyyatının balalarımıza çatdırılmasında tərcüməçi kimi böyük əmək sərf edib. Əmək fəaliyyəti daha çox nəşriyyatlarala bağlı olan şair minə yaxın kitabın redaktoru olub. İlyas müəllim gözəl tərcüməçi idi. Onun müxtəlif illərdə rus və türkmən dillərindən etdiyi tərcümələri  (Litva xalq şerindən "İki xoruz", V.Suteyev- "Miyo eləyən kim idi?", M.Zoşşenko- "Kələkbazlar və ağıllılar", E.Mejelaytis- "Dovşan-oğlan", V.Berestov- "Səhər laylası", İ.Pivovarova-" Axşam və səhər", K.Tanrıkuliyev- "Kəpənək", "Tovuz quşu" və digər) elə rəvan və aydın səslənir ki, sanki həmin şeirlər elə Azərbaycan dilində qələmə alınıb. Həmin əsərlərin hamısı kitab halında nəşr edilib.
Şairin özünün əsərləri Rusiyada böyük tirajla kitab halında çap olunub.  Bu işdə tərcüməçi Alla Axundovanın xidmətləri böyük olub.  Bununla yanaşı, şairin əsərləri  türk, qırğız, türkmən, eston, latış, polyak, çex və digər dillərə çevrilib.
 
"Sözün məsuliyyətini  duymağı  biz İlyas Tapdıqdan öyrənməliyik"
 
Şair Qəşəm İsabəyli  İlyas müəllimin 80 illiyi ərəfəsində redaksiyamıza "Ədəbi imzalar bolluğunda ədəbi sima – İlyas Tapdıq" adlı bir yazı yazmışdı. Yazı çox xoşumuza gəldiyindən növbəti sayda çap elədik. O, ustadın ikicə ( "Dəvələr". "Bildirşin") şeirini incələyərək fikrini belə yekunlaşdırmışdı: "İşlətdiyi sözün məsuliyyətini duymağı biz İlyas Tapdıqdan öyrənməliyik. O, heç bir sözə başdansovdu yanaşmır. O söz ki, onun yeri misrada hardadırsa, ustad həmin sözü öz yerinə də qoyur ki, söz, ifadə urvatsız olmasın. Əlbəttə bu sadəcə söz seçimi deyil, həm də istedad məsələsidir. Bu şeirləri götür qoy ən korafəhim uşağın qabağına, de ki, burda ifadə olunan fikirlərin rəsmini çək.
Bu gün uşaq ədəbiyyatının qarşısına qoyulan vacib vəzifə - düşündürücü, təfəkkürə sirayət edən əsərlər yazmaq tələbini, demə, şair İlyas Tapdıq 40 il bundan qabaq yerinə yetiribmiş. Ən çox Müşfiqin adına yaraşıq "üçlük"lərin ahəngi  duyulan bu şeirlər hər zaman təzədi, orijinaldı, dəbdən düşməzdi."
 
 
Payızın bu çağları idi...
 
 Qazaxdan qayıdırdıq. Söhbətimiz də elə hər mənada payız üstündə köklənmişdi. İlyas müəllim keçmişin alatoranında qalan, xatirəyə dönən ömür yolundan danışırdı. O, birdən özünün qələmindən çıxan bu misraları söylədi:
 Yağış göydə qalmaz, ah yerdə gülüm,
 Bir həsrətə neçə kərə bükülüm?
 Bəlkə daha xəzəl olub tökülüm?
 Bir də gördüm payız kəsib qapımı...
 
İkimizi bir dözümdə görmədim,
Səhv elədim, bir sözümdə bilmədim,
Mən İlyasam, heç özüm də bilmədim,
Bir də gördüm payız kəsib qapımı...
 
Mənə elə gəlirdi ki, bu misralar İlyas müəllimin ömür etiraflarının şeirə dönmüş bir parçasıdı. Payız axı insanın ahıl çağına uyğun gəlir. Yəni, həyatın boyu işləyirsən, çalışırsan, sevirsən, sevilirsən, amma zaman öz axarında davam edir və bir də görürsən ki, qocalıq qapının kandarını kəsib...
 
Bu ayrılıq üzdü onu...
  Əvvəl həyat yoldaşı Münəvvər xanım (2012-ci ildə) bu dünyadan köçdü. Xanımının ondan ayrılış İlyas müəllimi yaman dəyişdi. Danışdıran kimi, deyirdi ki, elə bil ki, bədənimin yarısı yoxdu, yarı canla necə yaşamaq olar? Bu ayrılıq bir müddət sonra onu yatağa saldı, xəstəlik ona güc gəldi. Ürək də vəfasız çıxdı... Kişi qısa müddətdə əridi. Arabir deyirdi ki, günəşi  istəyirəm, yaz tez gəlməsə yaza çətin çıxaram...  Ürəyinə yaman damıbmış, elə dediyi kimi də oldu... 2016-cı il dekabrın 25-də dünyasını dəyişdi. Onu Badamdar qəbiristanlığında dəfn etdilər...
 Bir neçə gün əvvəl İlyas müəllimin məzarını ziyarətə getmişdik. Şair, tərcüməçi və professor Zahid Xəlil qəbir daşının üstinə yazılmış “...anamın boynuma dolanan qolu, yuxumun laylası....“ misralarını oxuyub fikrə getdi və sonra astaca dedi ki, İlyas müəllim, kaş səni Gədəbəydə, gözəl təbiətin qoynunda, el-obanın gözü qabağında basdıraydılar...

....
 Çağdaş ədəbiyatımızın zənginləşməsində böyük xidmətələri olan şair İlyas Tapdığın 85 yaşı tamam olur.  Qüdrətli qələm sahiləri Səməd Vurğun, Mir Cəlal, Süleyman Rüstəm,  Osman Sarıvəlli, Məmməd Araz, Hüseyn Arif və rus yazıçıları Sergey Mixalkov, Valentin Berestov və başqaları İlyas Tapdıq yaradıcılığını yüksək qiymətləndıriblər.  Xalq şairi Məmməd Araz onun yaradıcılığına həsr etdiyi "Ustad haqqı qazanmış şair" məqaləsində yazıb: "İlyas Tapdığın uşaq ədəbiyyatımızın inkişafında və zənginləşməsində xüsusi və şərəfli zəhmətini görməmək, onu qiymətləndirməmək son dərəcə insafsızlıq olardı. Yüzlərlə maraqlı uşaq şeirlərinin, onlarca mənzum nağıl və poema müəllifi İlyas Tapdıq əllinci illərdən bu günədək şeirləri uşaqların dilinin əzbəri olan şairdir".
Bəli, İlyas Tapdıq həm uşaqlarımızın, həm də bütövlükdə xalqın şairi idi. Təəssüf ki, "Xalq şairi" adına layiq görülmədi, heç ikinci Fəxri Xiyabanda da dəfn edilmədi. Halbuki, ustad haqqı qazanmış hər bir sənətkar bu ada və hörmətə layiqdir.
                               Səməd Məlikzadə
Yazı KASPİ qəzetinin 23 noyabr sayında (ədəbiyyat əlavəsində)  kiçik ixtisarla verilib.
 Redaksiyanın yaradıcı kollektivinə təşəkkür edirəm.

DİGƏR XƏBƏRLƏR

Top