Faiq Ağayev kimlərin qara siyahıya salınmasını istəyir? - VİDEO


İTV-də yayımlanan “3D” verilişinin növbəti qonağı Xalq artisti Faiq Ağayev olub.

Müğənni Dadaşlinskinin suallarına maraqlı cavablar verib:

“Mən həmişə demişəm, “Nikolay onluğu” deyiləm ki, hamının xoşuna gəlim. Mənə qarşı müsbət fikirdə olanlar, həmçinin haqqımda mənfi düşünənlər də var. Amma müsbətlər qat-qat çoxdur. Küsülü olduqlarımla bağlı statistika aparmamışam. Ona görə də, birdən-birə bu suala cavab vermək mənim üçün çətin olar. Həyatımın o qədər vacib hissəsi deyil ki, bütün fikirlərimi bu istiqamətə yönləndirim. İnsan nə edirsə, özü edir. Ara vuran axtarmağa ehtiyac yoxdur. Kişi müğənnilər arasında heç vaxt rəqabət olmayıb. Mənə rəqib çıxanlar xanımlar olub, bəziləri ilə dostlaşmışıq, bəziləri ilə danışmırıq”.

Dadaşlinski müğənnidən deputat olmaq fikrindən niyə daşındığını soruşub: “Mən nə demişəm ki, namizədliyimi verəcəm, nə də ki, fikrimi dəyişmişəm. Sadəcə olaraq sizin həmkarınız, qonşu kanalda çalışan aparıcılardan biri söylədi ki, mən sizi o kürsüdə görürəm. Mən də cavab verdim ki, niyə də yox. Bununla söhbət bağlandı. Daha sonra müzakirələr başlandı. Jurnalistlər Milli Məclisdə deputatlara müraciət etdilər. Onların fikirlərini öyrəndilər. Gəlin bir il də gözləyək. Gələn il seçkilərdir. Onda dəqiq cavab ala biləcəksiniz”.

Müğənni son zamanların aktual mövzusu olan ifaçıların vergi ödəmə məsələsinə də toxunub: “Öz sahəmdə ən yaxşı vergi ödəyicilərindən biriyəm. 2002-ci ildən bəri həmişə ödəmişəm. Rüşvət verməmişəm. Şərait yaradıblar ki, şirinlik verim, eləməmişəm. Gedib halal yolla pul qazansınlar”. 

Sonda Faiq Ağayev “Kanallarda qadağa olmalıdırmı” sualına maraqlı cavab verib: “Kanalların hazırki durumundan razı deyiləm. Televiziyada qurşaqdan aşağı zarafatlarla, bayağı mövzularla əyləndirmək düüzgün deyil. Dəfələrlə demişəm ki, elə verilişlər var ki, bütövlüklə ləğv olunmalıdır. Eləsi də var ki, maraqlıdır, sadəcə aparıcısı dəyişməlidir. Nə qədər camaatı güldürmək olar? Bir az da düşündürmək lazımdır. Bir televiziya kanalının qara siyahısında olmuşam. Qonşu kanalda veriliş apardığıma görə digər kanal mənə 3 illik qadağa qoydu. Bu qadağa zamanı digərlərində fərqli olaraq mənim barəmdə mənfi süjetlər getmədi. Məni vurmadılar. Kanalda kiməsə qadağa qoymaq lazımdır. Hansısa naşı aşbaz bir toyda 500 nəfər öldürə bilər, naşı sürücü qəza törədib 10 nəfərİ yox edə bilər. Amma bir müğənninin(müğənni deməyə dilim gəlmir) daha doğrusu ifaçılıq iddiasında olan keyfiyyətsiz birinin ucbatından bütöv bir nəsil mənəvi travma alır, zövqləri korlanır. Televiziyaya soyğunçuluq, dava-dalaş, mənəviyyatsızlıq gətirənləri buraxmaq olmaz”. //yenisabah.az

DİGƏR XƏBƏRLƏR

Top