Gələn il pensiyalar nə qədər arta bilər? - Rəqəmlər DSMF direktorunu təkzib edir - ANALİZ

 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) direktoru Himalay Məmişov mətbuata verdiyi açıqlamada bildirib ki, hər ilin əvvəlində pensiyaların indeksləşdirilməsi həyata keçirilir və təxminən 200 manat pensiya alan şəxsin pensiyası növbəti ilin yanvar ayından sonra 27-30 manat civarında artacaq".
Yeniavaz.com xəbər verir ki, pensiyaların bu məbləğdə artması üçün bu ilin yekununda muzdla çalışan işçilərin orta aylıq nominal əmək 2018-ci illə müqayisədə 13,5-15% həddində artması lazımdır.
Bildiyiniz kimi, 2006-2017-ci illər ərzində əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi (artıb-azalması) inflyasiya səviyyəsinə görə hesablanırdı. 2018-ci ildən etibarən isə əmək pensiyalarının sığorta hissəsi Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan orta aylıq nominal əməkhaqqının artım tempinə görə indeksləşdirilir. 2017-ci il ərzində ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2016-cı ilə nisbətən 5,7% artığı üçün ötən ilin əvvəlində əmək pensiyalarının sığorta hissəsi də 5,7% artırılıb. 2018-ci il ərzində isə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2017-ci ilə nisbətən 3% artığı üçün ötən ilin əvvəlində əmək pensiyalarının sığorta hissəsi də 3% artırılıb. Yəni bu ilin əvvəlində 200 manat pensiya alan şəxslərin pensiyasında 6 manat artım oldu.
Qeyd edək ki, 2017-ci ildə əmək haqqında ən aşağı artım 5,1% (yanvar ayında), ən yüksək artım isə 7,4% ( avqust ayında) olub və illik artım 5,7% təşkil edib.
Ötən il isə əmək haqqında ən aşağı artım 2,2% (fevral ayında), ən yüksək artım isə 4% (may ayında) olub və illik artım 3% təşkil edib.
 
Məlumat üçün bildirək ki, bu ilin ilk 9 ayı ərzində əmək haqqında ən aşağı artım 7,2% (yanvar ayında), ən yüksək artım isə 11,7% (sentyabr ayında) olub. Əgər növbəti 3 ayda orta aylıq nominal əmək haqqında nəzərəçarpacaq artım qeydə alınmazsa, gələn il üçün əmək pensiyalarının sığorta hissəsinin artımı 10%-dən yüksək olmayacaq.
Xatırladaq ki, minimum əmək haqqı və müxtəlif sahələrdə çalışan işçilərin əmək haqqının artırılması sentyabr ayının 1-dən tətbiq olunub. Bu səbəbdən də əsas artım da məhz sentyabr ayında qeydə alınıb. Növbəti aylarda orta aylıq nominal əmək haqqının ciddi şəkildə artacağı gözlənilmir. Belə olan təqdirdə, gələn il 200 manat pensiya alan şəxsin pensiyası DSMF direktorunun dediyi kimi 27-30 manat deyil, ən yaxşı halda 20 manat həddində arta bilər.
 
Son 4 ildə orta aylıq nominal əmək haqqında aylar üzrə qeydə alınan artımlar (mənbə: Dövlət Statistika Komitəsi):
 
Aylar 2016-cı il 2017-ci il 2018-ci il 2019-cu il
Yanvar 8 % 5,1 % 3 % 7,2 %
Fevral 6,2 % 5,9 % 2,2 % 8,6 %
Mart 8 % 5,9 % 3,5 % 8,5 %
Aprel 7,8 % 6,8 % 3,5 % 7,9 %
May 7,6 % 6,3 % 4 % 7,9 %
İyun 6,8 % 6,9 % 3,7 % 8,2 %
İyul 6,6 % 6,9 % 3,7 % 8,4 %
Avqust 6,2 % 7,4 % 3,1 % 8,9 %
Sentyabr 6,4 % 7,2 % 2,8 % 11,7 %
Oktyabr 6,9 % 6,4 % 2,8 % -
Noyabr 7 % 6,2 % 2,9 % -
Dekabr 6,9 % 5,7 % 3 % -
 
Allahverdi Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top