Bu gün Vurğun Əyyubun qırx mərasimi keçiriləcək


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq sədri, vəfatına qədər Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədr müavini olan Vurğun Əyyubun ölümündən 40 gün ötür. Bununla əlaqədar “Tural” mərasim evində yas mərasimi keçiriləcək. Mərasim saat 11:00-da başlayır. Kişi və qadınlar üçün yas mərasimi müxtəlif zallarda eyni vaxtda başlayır.

Qırx mərasimindən bir gün öncə mərhumun Hövsan qəsəbəsində yerləşən “Dədə Qorqud” qəbiristanlığındakı məzarı yaxınları, dostları və silahdaşları tərəfindən anılıb. Bu barədə “Yeni Müsavat”a V.Əyyubun yaxın qohumu Şahnaz Bəylərqızı məlumat verdi.

Məlumat üçün bildirək ki, V.Əyyub sağalmaz xərçəng xəstəliyindən həyatını itirib.

V.Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 1973-cü ildə keçmiş Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olub.

1977-1984-ci illərdə Sabirabad və Tovuz rayonlarında müəllim, 1985-1993-cü illərdə N.Tusi adına Azərbaycan Pedaqoji Universitetdə işləyib. 1988-ci ildən filologiya elmləri namizədidir. Bir kitabın, 150-dən çox elmi, siyasi-publisistik məqalələrin müəllifidir.

1986-cı ildə Azərbaycanda yaradılmış ilk qeyri-hökumət təşkilatı - “Çənlibel” elmi-ədəbi birliyinin yaradıcılarından və sədri olub. 1992-1993-cü illərdə V.Əyyub Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına rəhbərlik edib.

15 noyabr 1992-ci ildə test üsulu ilə rüşvətsiz tələbə qəbulunun keçirilməsini təmin edib.

Keçmiş Sovet İttifaqı ərazisində Test üsulu ilə rüşvətsiz tələbə qəbulunun 1992-ci ildən indiyədək yalnız Azərbaycanda keçirilməsi xalqımızın mədəni səviyyəsinin fəxr olunacaq bir göstəricisidir.

Allah rəhmət eləsin!

DİGƏR XƏBƏRLƏR

Top