Gəncədə tələbələr "alüminiumzavod"da dərs keçəcəklər - FOTOLAR


Azəralüminium zavodunda Azərbaycan Texnologiya Universitetinin (UTECA) Kimya və Metallurgiya mühəndisliyi kafedrasının filialının açılışı olub.
Yeniavaz.com xəbər verir ki, açılış lentini universitetin rektoru, professor Akif Süleymanov və Azəralüminiumun istehsalat üzrə direktor müavini Oqtay Rəfiyev kəsiblər.
Rektor bildirib ki, müvafiq ixtisasın tələbələri bundan sonra həftənin müəyyən günləri zavodda, tədris üçün zəruri inventarlarla təchiz edilmiş kabinetdə təhsil alacaq, bununla da metallurgiya ixtisasının sirlərinə daha yaxından bələd olacaqlar.
Belə ki, tədris prossesində nəzəri təlimlərlə paralel uyğun sexlərdə əyani hazırlıqlar aparılacaq. Nəticədə gələcəyin texnoloqları müasir texnologiyalar əsasında işləyən müəssisə təcrübəsinə malik olacaqlar. Həmin 2 və 3-cü kurs tələbələrinin gələcəkdə təcrübə müddətinin də  Azəralüminiumda keçiriləcəyi nəzərdə tutulub. Akif Süleymanov qeyd edib ki, elm və istehsalatın bu kimi əyani əməkdaşlığı ölkənin metallurgiya sənayesinə töhfə verəcək. Sonda rektor tələbələrə onlar üçün yaradılmış şəraiti lazımınca dəyərləndirməyi  tövsiyə edərək zavod şəraitində keçilən ilk dərs günündə uğurlar arzulayıb.
Oqtay Rəfiyev və Gəncə Almüminium Kompleksinin istehsalat üzrə rəhbəri Cəmil Səfərov isə çıxışlarında tələbələrin zavodun işçiləri üçün nəzərdə tutulmuş təlim proqramlarından xüsusilə yararlanacaqlarını, əsasən təcrübə xarakterli  olduğu üçün tədrisin daha asan və maraqla mənimsəniləcəyini bildiriblər.
Qeyd edək ki, 3 minə yaxın tələbəsi olan Azərbaycan Texnologiya Universiteti tədrisin keyfiyyətini yüksəltmək üçün hazırda 32 sənaye müəssisəsilə aktiv əməkdaşlıq edir. UTECA tələbələri xidmət və istehsalat sahələrini əhatə edən bu müəssisələrdə təcrübəyə cəlb edilir. Həmin müəssisələrin bir neçəsinin universitetdə müasir standartlara cavab verən tədris-təlim mərkəzləri də qurulub. Müəssisələrdə UTECA kafedralarının müvafiq filiallarının açılması prossesi isə davamlı olacaq. Məqsəd qeyri-neft sektoru sahəsi üçün yüksək ixtisaslı, müasir texnologiyalarla ayaqlaşan kadrlar yetişdirmək, tələbələrin müəssisələrdə tanıdılması və onların iş əlçatanlığının təmin edilməsidir.



Vüqar Nəbiyev

DİGƏR XƏBƏRLƏR

Top