Elmar Məmmədyarov həmkarları ilə görüşlər keçirib - FOTOLAR

Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Fələstin dövlətinin Xarici İşlər naziri Riad Əl-Maliki ilə görüşüb.

Yeniavaz.com xəbər verir ki, görüşün əvvəlində Fələstin naziri Azərbaycanı QH-də sədrliyə başlaması, dövlət müstəqilliyinin 28 illiyi və G-77 qrupuna qoşulması münasibətilə təbrik edib.

Söhbət əsnasında məhz BMT-nin Nizamnaməsi və TŞ-nin qətnamələrinin dünyada mövcüd olan münaqişələrin və hər hansı ziddiyətli məsələlərin həlli üçün əsas təşkil etməsi vurğulanıb. Bu mənada, Azərbaycanın BMT, habelə İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq platformalar çərçivəsində Fələstin xalqının hüquqlarının təmin edilməsinə yönəldilən səylərin dəstəkləndiyi qeyd olunub.

Həmsöhbətlər çoxtərəfli formatlarda əlaqələndirilmiş birgə səylər göstərilməsinin vacibliyini bildirərək, bunun beynəlxalq sülh və təhlükəsizliyə ciddi töhfə verə biləcəyi barədə ümumi qənaətə gəliblər.

Fələstin XİN-in başçısı Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi dövründə bu ali dəyərlərin təbliğ ediləcəyi, qlobal və regional sülh və əmin-amanlığa xidmət edəcəyindən əminliyi bildirərək, ölkəmizə uğurlar diləyib. Bu xüsusda, hazırkı Zirvə Görüşünün əlamətdar olduğunu və müasir dünyada olduqca vacib olan coxtərəfli əməkdaşlığın təşviq edilməsi üçün əhəmiyyət kəsb etdiyi qeyd edilib.

Nazir Elmar Məmmədyarov QH ilə G-77 arasında əlaqələndirilmiş fəaliyyətin və Cənub-Cənub əməkdaşlıq platforması çərçivəsində birgə səylərin əhəmiyyətinə diqqət yetirib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Elmar Məmmədyarov Zirvə Görüşü çərçivəsində Singapurun Müdafiə və Xarici İşlər üzrə Baş dövlət katibi Mohamad Maliki Bin Osman ilə də görüşüb.

Görüşdə həmsöhbətlər iki ölkə arasında mövcud olan siyasi və iqtisadi əməkdaşlıq münasibətlərinin qarşılıqlı faydalı şəkildə inkişaf etdiyindən məmnunluq ifadə ediblər. Azərbaycan ilə Sinqapur arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə toxunan tərəflər, qarşılıqlı faydalı əməkdaşlığın açdığı bütün bu imkanlardan daha səmərəli şəkildə istifadə edilməsi üçün beynəlxalq təşkilatlar və forumlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd ediblər.

Sinqapurla Azərbaycan arasında ikitərəfli iqtisadi-ticari əməkdaşlığın müsbət məcrada inkişaf etdiyini qeyd edən Dövlət katibi, Sinqapur şirkətləri ilə Azərbaycan şirkətləri arasında sıx əməkdaşlıq münasibətlərinin mövcud olmasını məmnunluqla dilə gətirdi və ölkələr arasında mövcud olan perspektivlərdən faydalanmağın, bu xüsusda İKT və s. sahələrdə təcrübələrin bölüşdürülməsinin əhəmiyyətini vurğulayıb.

Öz növbəsində nazir Elmar Məmmədyarov Sinqapurun Azərbaycan üçün əsas tərəfdaşlardan olduğunu məmnuniyyətlə qeyd edərək, ikitərəfli əməkdaşlığa əlavə təkan verilməsi üçün müqavilə-hüquq bazasının daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Sonra Sinqapur rəsmisi Azərbaycanın QH-də sədrliyinin uğurlu olacağına və ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf edəcəyinə dair əminliyini ifadə edib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Küveyt dövlətinin Baş nazirinin müavini, Xarici İşlər naziri Sabah Xalid Al Hamad Al Sabah ilə də görüşüb.
Nazirlər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətləri və ikitərəfli əlaqələrin genişləndirilməsi perspektivləri barəsində fikir mübadiləsi aparıblar.
Azərbaycanı Qoşulmama Hərəkatına sədrliyi münasibətilə təbrik edən Sabah Xalid Al Hamad Al Sabah XVIII Zirvə Görüşünün yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb. Görüş zamanı ikitərəfli siyasi münasibətlərin cari vəziyyətini yüksək qiymətləndirildi və Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın növbəti iclasının tezliklə keçirilməsinin zəruriliyi vurğulanıb.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

DİGƏR XƏBƏRLƏR

Top