Mirqasımovdan Mehdiyevə kimi - Akademiya­nın bütün prezidentləri - DOSYE


Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Milli Elmlər Akademiya­sının (AMEA) Rəyasət Heyətinin Ümumi yığıncağında akademik Ramiz Mehdiyev qurumun yeni prezidenti seçilib.
Yeniavaz.com xəbər verir ki, Ramiz Mehdiyev eyni zamanda AMEA-nın sayca 11-ci prezidenti olub.
Məlumat üçün bildirək ki, Azərbaycan Elmlər Akademiya­sı  SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı ilə yaradılıb. Akademiya 1932-35-ci illərdə  ­SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi, 1935-45-ci illərdə isə SSRİ EA Azərbaycan Filialı kimi fəaliyyət göstərib.
1945-ci ildə bu günə kimi Elmlər Akademiya­sına rəhbərlik edən şəxslər bunlar olub:
1. Mirqasımov Mirəsədulla Mirələsgər oğlu 1883-cü il noyabrın 17-də Bakıda anadan olub. 1945-ci ildə - 62 yaşında Elmlər Akademiya­sının ilk prezidenti seçilib. Vəzifəsini 1947-ci ilə kimi (2 il) davam etdirib. M.Mirqasımov 19 iyul 1958-ci ildə Bakıda vəfat edib, Fəxri Xiya­ban­da dəfn olunub.
2. Məmmədəliyev Yusif Heydər oğlu 1905-ci ildə Naxçıvan MR-nın Ordubad şəhərində anadan olub. 1947-ci ildə  - 42 yaşında Elmlər Akademiya­sının prezidenti seçilib. Vəzifəsini 1950-ci ilə kimi (3 il) davam etdirib. 1958-ci ildə 2-ci dəfə Elmlər Akademiya­sının prezidenti seçilib və 1961-ci ilə kimi (3 il) bu vəzifədə olub. Y. Məmmədəliyev 1961-ci ildə vəfat edib.
3. Əliyev Musa Mirzə oğlu 1908-ci ildə Şa­maxı şəhə­rində ana­dan olub. 1950-ci ildə  - 42 yaşında Elmlər Akademiya­sının prezidenti seçilib. Vəzifəsini 1958-ci ilə kimi (8 il) davam etdirib. Musa Əliyev 1985-ci ildə Moskvada vəfat edib, Bakıda dəfn olunub.
4. Xəlilov Zahid İsmayıl oğlu 1911-ci il fevralın 14-də Tiflis şəhərində anadan olub.  1961-ci ildə  - 50 yaşında Elmlər Akademiya­sının prezidenti seçilib. Vəzifəsini 1967-ci ilə kimi (6 il) davam etdirib. Zahid Xəlilov 1974-cü ildə vəfat edib, Fəxri Xiyabanda dəfn edilib.
5. İsmayılov Rüstəm Hacıəli oğlu 1909-cu il iyulun 1-də Bakı şəhərində anadan ol­ub. 1967-ci ildə  - 58 yaşında Elmlər Akademiya­sının prezidenti seçilib. Vəzifəsini 1970-ci ilə kimi (3 il) davam etdirib. Rüstəm İsmayılov 1972-ci ildə Bakıda vəfat edib.
6. Abdullayev Həsən Məmmədbağır oğlu 20 avqust 1918-ci ildə Naxçıvan MR-də anadan olub. 1970-ci ildə  - 58 yaşında Elmlər Akademiya­sının prezidenti seçilib. Vəzifəsini 1983-cü ilə kimi (13 il) davam etdirib. 1 sentyabr 1993-cü ildə Bakı şəhərində vəfat edib.
7. Salayev Eldar Yunus oğlu 1933-cü il de­kabrın 31-də Naxçıvan şəhərində ana­dan ol­ub. 1983-cü ildə  - 50 yaşında Elmlər Akademiya­sının prezidenti seçilib. Vəzifəsini 1997-ci ilə kimi (14 il) davam etdirib. Hazırda 86 yaşı var...
8. Maqsudov Fəraməz Qəzənfər oğlu 1930-cu il martın 20-də Naxçıvan şəhərində anadan olub. 1997-ci ildə  - 67 yaşında Elmlər Akademiya­sının prezidenti seçilib. Vəzifəsini 2000-ci ilə kimi  (3 il) davam etdirib. Akademik Fərəməz Maqsudov 2000-ci ildə Bakıda vəfat edib, Fəxri Xiya­banda dəfn edilib.
9. Kərimov Mahmud Kərim oğlu 18 oktyabr 1948-ci ildə keçmiş Ermənistan SSR, İrəvan şəhərində anadan olub. 2000-ci ildə  - 52 yaşında Elmlər Akademiya­sının prezidenti seçilib. Vəzifəsini 2013-cü ilə kimi (13 il) davam etdirib. Mahmud Kərimov 2013-cü ildə vəfat edib.
10. Əlizadə Akif Ağa Mehdi oğlu 1934-cü ildə Bakı şəhərində anadan olub. 2013-cü ildə  - 79 yaşında Elmlər Akademiya­sının prezidenti seçilib. Vəzifəsini 2019-cu ilə kimi (6 il) davam etdirib. Hazırda 85 yaşı var...
11. Ramiz Mehdiyev 1938-ci il aprelin 17-də Bakı şəhərində anadan olub. 2019-cü ildə - 81 yaşında Elmlər Akademiya­sının sonuncu prezidenti seçilib...

İlkin Uğur

DİGƏR XƏBƏRLƏR

Top