İcra başçısı 63 yaşlı iflic xəstəsini pensiyasını kəsməklə hədələyib? – ŞİKAYƏT


Göyçay rayon Heydər Əliyev küçəsi, ev 176 sakini 1-ci qrup əlil Əhmədov Şahin İdris oğlu evinin qəzalı vəziyyətdə olduğunu, bununla bağlı rayon icra hakimiyyətinə müraciət etsə də, müraciətinin cavabsız qaldığını iddia edir.
Bu barədə Şahin Əhmədov Yeniavaz.com-a müraciətində bildirib. O deyib ki, 9 yaşından serebral iflicdir:
“1956-cı ildə Göyçay rayonunda anadan olmuşam. 1965-ci ildə 9 yaşım olanda serebral iflici nəticəsində hər iki əl və ayağımdan məhrum olmuşam. Həmin vaxtdan məni əlil arabasında gəzdirirlər. Valideyinlərimin köməkliyi ilə orta təhsil almışam. Ailəliyəm, iki övladım var. Hər ikisi ailəlidir. Həmçinin həyat yoldaşım və oğlum da acınacaqlı xəstədirlər, əlildilər. Bizim ailə mənim aldığım pensiya ilə dolanır. Üstəlik hər ay müalicəmi də aldığım təqaüdlə etdirirəm”.
Ş. Əhmədov deyir ki, hazırda evlərinin dam örtüyü qəzalı vəziyyətdədir və yağış yağan zaman su evə dolur:
“Bizim ailə 1950-ci ildə tikilmiş qəzalı evdə yaşayır. Evin dam örtüyü çox bərbad vəziyyətdədir. Yağan qar-yağış tamamilə evə dolur. Dəfərlə rayondakı aidiyyati qrumlara məlumat vermişəm. Bir müddət öncə rayonda əsən güclü külək nəticəsində evin dam örtüyündəki şiferləri külək daha da aralı etdi. İndi yağan yağış əvvəlkindən daha çox evə dolur. Göyçay rayon icra başçısının birinci müavini İkram Vəliyevin və icra aparatının bir çox məmurlarının qəbulunda olmuşam. Onlar isə fondda pul olmadığını deyərək məni yola veriblər”.
Ş. Əhmədov iddia edir ki, Göyçay rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə, onu pensiyasını kəsməklə hədələyib:
“Mehdi Səlimzadə mənə deyir ki, yüksək vəzifəli şəxslərə şikayət etsən, pensiyanı kəsdirərik. 17 oktyabr 2019-cu il tarixdə icra hakimiyyətindən və rayonun mənzil istismar idarəsindən bizə nümayəndələr gəlib dedilər ki, bizim büdcədə evi təmir edəcək məbləğ yoxdur”.
Məsələ ilə bağlı Göyçay Rayon İcra Hakimiyyətinin müvafiq şöbəsi ilə əlaqə saxlamağa çalışsaq da bütün zənglərimiz cavabsız qaldı.




 
Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top