Hesablama Palatasının rəyi dövlət büdcəsinin müzakirəsinə 1 gün qalmış bizə verilir - DEPUTAT


"Dövlət büdcəsi ilə bağlı Hesablama Palatasının rəyi bizə, dövlət büdcəsinin müzakirəsinə 1 gün qalmış təqdim olunur".

Bu sözləri millət vəkili Vahid Əhmədov oktyabrın 16-da keçirilən iqtisadi müşavirədə büdcə proqnozları ilə bağlı prezident İlham Əliyevin nazirlərə yönəltdiyi suallarla bağlı Yeniavaz.com-a açıqlama verərkən deyib.

O bildirib ki, verilən proqnozların doğru olub-olmaması hər zaman sual obyekti olub: "Proqnozların əsas müəllifi İqtisadiyyat Nazirliyidir. Çünki Maliyyə Nazirliyi İqtisadiyyat Nazirliyinin verdiyi proqnoza əsasən maliyyələşməni, yəni büdcənin gəlir və xərc hissəsini müəyyən edir. Bu işlə onlar məşğul olmalıdırlar. Ancaq verilən proqnozların doğru olub-olmaması hər zaman sual obyekti olub bizdə. Milli Məclisdə mütəmadi olaraq biz bu məsələni qaldırmışıq. Cənab prezident düz deyir, prqonozları verirlər ancaq, ilin sonunda bu özünü doğrultmur. Bunları ciddi analiz etməyə ehtiyac yaranır. İqtisadiyyat Nazirliyi bu məsələyə daha çox diqqət yetirməlidir".

Millət vəkili proqnozların düzgün həyata keçirilməsinin bir sıra sosial problemlərin həlli üçün çox vacib olduğunu dedi: "Bu proqnoz sistemi sovetin vaxtında yaxşı qurulmuşdu. Bu işə baxan institutlar, plan komitəsi və sairə var idi ki, bunlar müəyyən edirdilər. Proqnozda 1-2 faiz xəta olurdu ancaq, bu səhv o qədər də böyük olmurdu. İndi artıq bu, bizdə müzakirə obyekti olub. Çünki proqnozların düzgün həyata keçirilməsi bir sıra sosial problemlərin həlli üçün çox vacibdir. Gəlir və xərc hissəsi düzgün verilərsə bu sosial problemlləri həyata keçirmək mümkündür".

V. Əhmədov bildirdi ki, Hesablama Palatasının büdcəylə əlaqədar rəyi, büdcə ilə bağlı müzakirələrə bir gün qalmış millət vəkillərinə təqdim olunur: "Hesablama palatası büdcəylə əlaqədar öz rəyini verir. Hansı rəqəmləri quruma təqdim etsələr, o rəqəmlərə uyğun analiz aparırlar. Auditorlar yoxlayıb rəy verirlər ki, büdcədə hansı məsələlər öz əksini tapmalıdır. Hər dəfə Hesablama Palatası rəy verəndə təxminən Azərbaycan hökumətinə 30-40 təklif verir ki, bu təkliflər gələn ilin dövlət büdcəsində təkrar olunmasın, bunların qarşısı alınsın. Amma Hesablama Palatasının rəyi açığını desəm son vaxtlar çox yüksək səviyyədə bizə təqdim olunur. Ancaq orada da bir məsələ var. Dövlət büdcəsini Hesablama Palatasına vaxtında vermirlər və onların çox az vaxtı qalır. Dövlət büdcəsi ilə bağlı Hesablama Palatasının rəyi millət vəkillərinə, dövlət büdcəsinin müzakirəsinə 1 gün qalmış təqdim olunur. Belə bir məsələ də var. Biz o rəylə çox ciddi tanış ola bilmirik. Onu da nəzərə almaq lazımdır".

Xatırladaq ki, müşavirə zamanı prezident İlham Əliyev İqtisadiyyat naziri Şahin Mustafayevə əvvəlki illərdə verilmiş büdcə proqnozlarının özünü doğrultmadığını qeyd etmişdi. 

Prezident həmçinin müşavirədə bütün dövlət qurumlarının hər ilin sonunda büdcə müzakirə olunarkən, sifarişlər göndərdiyini və burada şişirdilmiş rəqəmlərin öz əksini tapdığını bildirmişdi.

Millət vəkili bu məsələyə də münasibət bildirib. O qeyd edib ki, Maliyyə Nazirliyi bu məsələdə sərt mövqe tutmalıdır: "Şişirdilmiş sifarişlər hər zaman olub. Hər bir dövlət qurumu istəyir ki, dövlət büdcəsindən kifayət qədər vəsait götürsün. Bu mən işləyən vaxtlarda da, müstəqilliyimizin əvvəllərində də, indi də olub. Maliyyə Nazirliyi hər zaman sübut etməyə çalışır ki, sənin istədiyin rəqəm düzgün deyil. Yerinə yetirilən müəyyən xahişlər də olur. Cənab prezident düzgün buyurur ki, şişirdilmiş rəqəmlər çoxdur. Nazirlər, komitə sədrləri, müəyyən şirkətlərin rəhbərləri istəyirlər ki, daha çox məbləğ alsınlar. Ona görə də bunun qarşısı alınmalıdır. Maliyyə Nazirliyi bu məsələdə sərt mövqe tutmalıdır ki, yəni sənin verdiyin təkliflər uyğun deyil. Mən belə hesab edirəm ki, Maliyyə Nazirliyi son vaxtlar proqnoz məsələsində bir qədər aktivləşib və çox şeyləri qəbul etmirlər. Samir Şərifovun təklif etdiyi infilyasiya ilə bağlı məsələ də məhz bununla əlaqədardır". 

DİGƏR XƏBƏRLƏR

Top