Bibiheybət məscidi və Həkimə xanımın türbəsi - FOTOLAR


Günümüzdəki Bibiheybət məscidinin ilkin variantı Şirvanşahlar dövlətinin iyirmi səkkizinci hökmdarı Əbül-Fəth Fərruxzad ibn Axsitan ibn Fəribürz tərəfindən XIII əsrin II yarısında tikildiyi bilinir. Bu zaman Azərbaycan Şirvanşahlar dövləti Elxanilər dövlətinin tərkibində idi. Bibiheybət məscidinin Fərruxzadın adı ilə əlaqələndirilməsinə münasibət bildirən tarixçi və şərqşünas alim Sara Aşurbəyli isə məscidin daha qədimi tarixi abidə olduğunu deyir: “Burada Fərruxzad adı məscidin sadəcə Şirvanşahlar tərəfindən bərpa edildiyini göstərə bilər. Məscidin özü Şirvanşahlardan da daha qədimə gedib çıxır”.
Bibiheybət məscidi yeddinci imam Musa əl-Kazımın qızı Həkimə xanımın məzarı üzərində tikilib. Həkimə xanım Həzrəti İmam Əli və Həzrəti Fatimənin nəslindən idi. Əsl adı Fətimatuz-Suğra olan Həkimə xanım onu təqib edən xəlifələrin əlindən Bakıya qaçmışdı. Məzar daşına yonulmuş yazıda belə deyilir: “Burada Məhəmmədin nəslindən olan, altıncı imam Cəfər Sadiqin nəvəsi, yeddinci imam Musa əl-Kazımın qızı, səkkizinci imam Əli ər-Rzanın bacısı dəfn olunub”.
Mərhum akademik Ziya Bünyadov “Dinlər, təriqətlər, məzhəblər” kitabında Bibiheybət məscidi haqqında bu məlumatları verir: “Bakının cənub-qərbində yerləşən Şıxlar (Şeyxlər) adlanan kəndindəki məscidin içində vaxtilə yeddinci imam Musa əl-Kazımının qızı 8-ci imam Əli ibn Musa ər-Rzanın bacısı Həkimə xanımın məqbərəsi var idi”. Qeyd edək ki, Z. Bünyadovun adı çəkilən həmin kitabı hələ sovet dövrünün 1977-ci illərində ilk dəfə nəşr olunmuşdu. Bu kitabın yazıldığı tarixlə müstəqillik illərindəki bu məscidin yenidən inşasına qədər hələ 20 ildən çox vaxt var idi. Ziya Bünyadov kitabında qeyd edir ki, Həkimə xanım xəstələnərək öz yaxın adamları və nökərləri ilə 9-cu əsrdə Şıxlar kəndinə gəlirlər. Məhz bu kəndi seçmələrinin səbəbi bu kəndin içindən axan müalicəvi suyun olması idi. Lakin xəstəlik ağırlaşdığına görə Həkimə xanım vəfat edir və onu elə burada dəfn edirlər. Onunla gələnlər isə bu yeri tərk etməyib, burada kənd salıblar. Z. Bünyadov adı çəkilən kitabında sonradan bu məqbərənin xeyrinə vəqflər qurulduğunu və bu vəqflərə mütəvəllilər təyin olunduğunu qeyd edir. Z. Bünyadov qeyd edir ki, “Bibiheybət məqbərəsinin vəqfinə qədimdə Zığ kəndi, üç neft quyusu, bəzi torpaqlar, o cümlədən Badamdar adlanan yer, qoyun sürüləri və s. daxil idi”.
Mərdəkan kəndində də Bibiheybət şıxlarının vəqf yerləri vardı. Bu yerlər Mərdəkandakı dairəvi qalanın ətrafındakı üzüm bağlarından ibarətdir. O vaxtdan burdakı dairəvi qala mərdəkanlılar tərəfindən Şıx qalası adlanır. Yeri gəlmişkən, dairəvi qalaya xalq arasında “Şıx qalası” da deyirlər. Qalanın belə adlanmasına səbəb qala ətrafındakı torpaq sahəsinin Bakının Şıx kəndində mövcud olan Bibiheybət pirinə vəqf olunmasıdır.
Lakin Ziya Bünyadovun yazdıqlarının əksinə olaraq, ziyarətgahın özündə Həzrəti Həkimənin Bakıya gəlməsi başqa cür izah edilir. Bildirilir ki, qardaşı səkkizinci imam ər-Rza indiki Məşhəd şəhərində şəhid olduqdan sonra Musa əl-Kazımın qızı Həzrəti Həkimə təzyiqlərdən qurtulmaq üçün 3 qardaşı uşağı ilə İranın Ənzəli şəhərindən Bakıya gəlir.
Mənbələrdə göstərilir ki, təqiblərdən qurtulmaq məqsədilə Bakıya pənah gətirən Həkimə xanım heç vaxt ailə həyatı qurmamış, bütün ömrünü qardaşı uşaqlarına həsr etmişdir. Qeyd edək ki, yeddinci İmam Musa əl-Kazımın 17-18 qızı olub. O, zəmanəsinin imamı olsa da, çox kasıb yaşadığına görə qızlarına elçi gəlmirdi. Gələn elçilər isə xəlifənin qoyduğu casuslar tərəfindən təqib edilirdilər. Ürəkyandırıcı olsa da, qeyd etmək lazımdır ki, imamın evində cəmi bircə köhnə yamaqlı çarşab olduğuna görə azan vaxtı namaz qılmaq üçün onun qızları növbə gözləmək məcburiyyətində qalırdılar. Bu kimi səbəblərdən Həzrəti Həkimə xanım ailə qura bilməmiş, ömrünü qardaşı balalarına həsr etmişdi. Həkimə xanımın bacılarından biri - Mənsumə xanım İranın Qum şəhərində, Həzrəti Rəhimə xanım Bakının Nardaran kəndində, digər bacı - həzrəti Leyla xanım isə Bakının Bilgəh kəndində dəfn olunub.
Həkimə xanımı və üç qardaşı uşağını Bakı şəhərinə gətirən gəmiçinin adı Baba Sücəddin olub. Baba Sücəddin Bakını Həkimə xanım üçün təhlükəsiz bildiyindən, onu Hacı Bədir adlı imkanlı bir dostuna tapşırır. Tarixi məlumatlara görə, İçərişəhər taciri olan Hacı Bədir zəngin bir tacir imiş. Hacı Bədir bütün ömrü boyu evində himayə etdiyi İmam övladlarına xidmət etmişdir. Düşmənlərinə xəbər çatmasın deyə, Həkimə xanımın əsl adını gizlədərək ona "Bibi” deyə müraciət edirlər.
Həkimə xanımı tanımasınlar deyə Hacı Bədir gizli bir ad qəbul edir. Həkimə xanım və üç uşaq burada yaşadıqdan sonra vəfat ediblər və indiki Bibiheybətin ərazisində yaşayış məskəni olmadığı bir yerdə dəfn ediliblər. Hacı Bədir isə öz arzusu ilə Həkimə xanımın ayaq tərəfində dəfn edilib. Bu, azərbaycanlı Hacı Bədirin Həkimə xanıma və onun timsalında peyğəmbər nəslinə olan sədaqət və məhəbbətinin təzahürü idi.
Həkimə xanımın qəbri nə qədər gizli saxlanılsa da, sonradan bu sirr Bakı əhalisinə və Şirvan şahına aşkar olur. Odur ki, həmişə bu məkan insanlar tərəfindən ziyarət edilən bir məkan halına gəlir. Aradan üç yüz il keçdikdən sonra 1257-ci ildə Şirvanşah ikinci Fərruxzadın əmri ilə burada ilk minarə, məscid və ziyarətgah kompleksinin əsası qoyulur.
Daha sonra məscidin ətrafında nüfuzlu ilahiyyatçılar hesab edilən şeyxlər məskunlaşdılar. Vaxt keçdikcə bu yer Şıxlar adlandırılmağa başlandı (Şeyx sözündən). Buna görə və ya bununla əlaqədar olaraq Bibiheybət məscidinin yerləşdiyi Bakının şəhərətrafı qəsəbəsi Şıxlar adlanır. Məscid yaxınlığında basdırılmalarını vəsiyyət edən bir çox müsəlmanın arasında Hacı Şeyx Şərif də var. Hacı Şeyx Şərif vaxtilə sufizmi yaymaq üçün Bakıya gəlmişdi. O, həyatının qalan hissəsini basdırıldığı bu ibadətxanada keçirmişdi.
Bacısını (Bakı xanı Məlik Məhəmmədin arvadı) ziyarət etmək üçün Bakıya gələn Qubalı Fətəli xan 1789-cu ilin mart ayında vəfat etmişdi. Fətəli xan vəfatından sonra ziyarətgahda olan qəbirlərin ayaqları altında dəfn olunmasını vəsiyyət etmişdi. Onun yaxınları xanın vəsiyyətinə əməl edirlər və Fətəli xan orada dəfn edilir. Lakin 1934-cü ilin sentyabrında bu qəbrlər və yanındakı məscid dağıdılarkən Quba xanı Fətəli xanın da qəbri yerlə-yeksan edilir. Yalnız onun baş daşı bu gün Bakı şəhərində yerləşən Azərbaycan Tarix Muzeyində saxlanılır.

XIX əsrin görkəmli şəxsiyyətlərindən biri olan Azərbaycan xalqının şairə qızı Xurşud Banu Natəvan (Qarabağ xanı Mehdiqulu xanın qızı) ərə gedəndən sonra bir müddət uşağı olmadığı üçün Bibiheybət ziyarətgahına gəlmiş və burada Allahdan özünə övlad diləmişdir. Nəzir olaraq isə bu ziyarətgaha yol çəkməyi əhd etmişdir. Oğlu dünyaya gələndən sonra əhdini yerinə yetirən Xurşud Banu Natəvan balasını qucağına alıb, çəkdirdiyi yolla Həkimə xanımın qəbrini ziyarətə gəlmişdir.
1920-ci ildə Azərbaycanda sovet rejimi qurulduqdan sonra bolşeviklərin dinə qarşı mübarizəsi başladı. Müsəlmanlar üçün böyük əhəmiyyət kəsb edən Bibiheybət məscidi Bakıdakı provoslav Aleksandr Nevski kafedralı və polyak katolik kilsəsi — Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi ilə birlikdə yeni hökumətin hədəfi oldu.
1935-ci ilin sentyabrında Azərbaycan SSR Mərkəzi İcra Komitəsi və Bakı Sovetinin Rəyasət Heyəti “zəhmətkeşlərin şikayətlərinə əsaslanaraq” qətnamə qəbul edib məscidlərdəki dini mərasimləri qadağan etdi. Arxiv sənədlərinə görə, 29 avqust 1935-ci ildə Mərkəzi İcra Komitəsinin qərarı ilə bu müqəddəs ziyarətgah bağlanmış, sentyabrın 25-də sökülməsi haqqında qərar verilmiş və 1937-ci ildə məscid partladılmışdır.

Həzrəti Həkimə xanımın Şıx kəndindəki (Sovet dövründən bu yana kəndə Şıxov deyirlər) qəbri və buradakı məscid 1937-ci ildə Mircəfər Bağırovun hakimiyyəti dövründə (çox güman ki, onun tapşırığı ilə) Səməd adlı kommunist rəhbərlərdən biri vasitəsilə dinamit qoyularaq partladılmışdır. Kompleksin bir çox tikililəri birinci partlayışdan sonra dağılsa da, minarəni yalnız üçüncü partlayışdan sonra dağıda bilmişdilər. Xoşbəxtlikdən imam övladlarının qəbrləri dağılmamış və xalq bu qəbrləri məscidin yıxılmış sütunları altında gizlətmişdir. Sovet dönəmində insanlar gizli yolla uzun müddət bu qəbrləri ziyarət etmişlər.
Məscidin dağıdılmasından sonra elə eyni ildə Moskvada tarixi əhəmiyyəti olan memarlıq abidələrinin saxlanmasına qərar verildi. Məscidin dağıdılmasında məsul olan şəxs A.Salamov 20 il Sibirə sürgün edilib. Buna baxmayaraq ziyarətgahın yerində şose yolu salınıb, məscidin yerində isə “Zəfər tağı” inşa edilmişdi.

1991-ci ildə Bibiheybətdə keçirilən aşura mərasiminə aid video kadrlarda 1937-ci ildə dağıdılan məscidin yerində ucaldılan "Zəfər tağı"nın görüntülərini görmək olar. Sonradan bu “Zəfər tağı” sökülərək məscid kompleksi yenidən inşa olunacaqdı. Sovetlər dövrünün ilk başlarında hər nə qədər Bibiheybət məscidi tamamilə sökülüb yerinə bu “Zəfər tağı” tikilsə də aradan yarım əsrdən çox vaxtın keçməsinə baxmayaraq insanlar yenə həmin məkana gəlir, bəlkədə oradakı tarixin unudulması üçün tikilən “Zəfər tağı”nın yanında yenə də öz dini mərasimlərini keçirirdilər.

1997-ci ildə prezident Heydər Əliyev iyulun 23-də Həzrət Peyğəmbərin (s.ə.s) mövludu günündə burada yeni məscid kompleksinin bünövrəsinin qoyulma mərasimində iştirak etmişdir. Bir il sonra, 1998-ci il iyul ayının 12-də yenə Həzrət Peyğəmbərimizin (s.ə.s) mövludu günündə məscidin açılış mərasimində iştirak etmişdir. Sonraları prezident İlham Əliyevin təşəbbüsü ilə Bibiheybət məscid-ziyarətgah kompleksinin genişləndirilməsi və yenidən qurulması işləri davam etdirilmişdir.
Klassik Şərq üslubunda tikilən Bibiheybət ziyarətgahının daxili hissəsi bütünlüklə ağ mərmərlə işlənilib. Məsciddə 2 minarə ucaldılıb və minarələrdən biri Heydər Əliyevin adına “Heydər minarəsi” adlanır. Bibiheybət məscidində eyni vaxtda təxminən 3 min nəfərin namaz qılması mümkündür.
  
Qeyd: Yazıda “www.wikiwand.com” saytının “Bibiheybət məscidi” başlıqlı yazısından və tədqiqatçı Paşa Yaqubun bu mövzudakı araşdırmalarından istifadə edilmişdir.
  
Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top