Şəhid övladı: "Bu həyatımda aldığım ən böyük hədiyyədir" - VİDEO


Aprel şəhidləri - gizirlər Rahim Tağıyevin və Rüstəm Əhmədovun ailələrinə Müdafiə Nazirliyi tərəfindən mənzil verilməsi haqqında xəbər vermişdik.
Həmin şəhidlərimizin ailələri öz təəssüratlarının Yeniavaz.com-la bölüşüblər.
Şəhid Rahim Tağıyevin azyaşlı övladı Nicat bildirib ki, bu hədiyyə onun həyatında aldığı ən böyük hədiyyədir. Şəhidin həyat yoldaşı Vüsalə Tağıyeva isə dedi ki, bu xəbər bizə iki qat sevinc gətirdi: "Bu gün Nicatın sevinməsi məni bir ana kimi qürurlandırdı. Çünki bu onun atasına verilən dəyərdir. 3 övladımla kiçik mənzildə qalmışdıq. Uşaqlar dərslərini çox çətinliklə hazırlaya bilirdi. Bu dəstəyə görə əməyi keçən hər kəsə təşəkkür edirik. Ümumiyyətlə, dövlət daim şəhid ailələrinə dəstək olur və qayğımıza qalır. Mənim evimdə də gələcəyin iki əsgəri yetişir. İnanıram ki, onlar da ataları kimi vətənpərvər mərd igid olacaqlar”.
Aprel döyüşləri zamanı şəhid olan Əhmədov Rüstəmin atası Əhmədov Oruc da mənzilə görə dövlət başçısına və Müdafiə Nazirliyinə təşəkkür edib: "Mənim bir yox, artıq iki Rüstəmim var. Onun hər bir övladı mənim üçün elə Rüstəmdir. Onlar da, mən də hər an silahlanaraq vətəni müdafiəyə hazırıq. Biz dövlətimizin bizə göstərdiyi qayğıdan çox razıyıq".
Qeyd edək ki, Aprel şəhidi Rahim Tağıyevin 3 övladı, Rüstəm Əhmədovun isə 2 övladı var.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top