Şeir yazıb, mahnı bəstələyən, yaradıcılıqla məşğul olan TANINMIŞLAR - SİYAHI


Bu günə qədər tutduğu mövqedən, peşəsindən asılı olmayaraq bir çox məmurlar,  vəzifə sahibləri mahnı bəstələyib şeir yazıblar. Son zamanlar mətbuatda da məhz Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədov tərəfindən yazıldığı iddia olunan şeir çıxmışdı. Lakin, sabiq "nəqliyyat şefi",  Ziya Hafiz imzası ilə yayılan şeirlərin onaməxsus olmadığını qeyd edib.
Yeniavaz.com bu günə qədər şeir yazıb, mahnı bəstələyən vəzifə sahiblərinin siyahısını təqdim edir: 

Bu siyahıya ilk olaraq keçmiş nazirin oğlu Anar Məmmədovdan başlayaq. O, bir çox musiqilərin müəllifidir. Belə ki, onun mahnılarını daha çox müğənni Abbas Bağırov ifa edir. Bəstələdiyi “Aləm gözəl” mahnısı isə bir zamanlar xitə çevrilmiş mahnılardan biri idi.

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bəstəkar olması hər kəsə məlumdur. Mahnılarını əsasən “Kamal” imzası ilə bəstələyən nazirin 2009-cu ildə işıq üzü görən “Sənə güvəndiyim dağlar” adlı 4 diskdən ibarət olan albomunda “Səndən nigaranam”, “Yenə yaz gələcək”, “Xalq Heydər söyləyəcək”, “Ayrılığa dözmərəm” kimi populyar mahnıları yer alıb. Nazirin bəstələdiyi mahnıları Flora Kərimova, Alim Qasımov, İlhamə Quliyeva, Aygün Kazımova, Ağadadaş Ağayev, İlqar Muradov, Aygün Bəylər, Zülfiyyə Xanbabayeva, Röya Ayxan, Yalçın Rzazadə  kimi tanınmış müğənnilər ifa ediblər.

Milli Məclisin yaradıcı deputatlarında biri də Aqil Abbasdır. Deputat bədii yaradıcılığa 1970-ci ildən başlayıb. “Evləri köndələn yar”, “Ən xoşbəxt adam”,  “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”, “Dolu” kitablarının müəllifidir. Eyni zamanda “Biz qayıdacağıq” və “Dolu” filmlərinin müəllifidir.

Deputat Sabir Rüstəmxanlı Milli Məclis üzvü olmaqla yanaşı, "Tanımaq istəsən", "Xəbər gözləyirəm", "Gəncə qapısı", "Sağ ol, ana dilim!", "Qan yaddaşı", "Zaman məndən keçir" və sair kimi şer kitablarının, "Xətai yurdu", ", "Ölüm Zirvəsi (Cavad xan)", "Atamın ruhu", "Göy Tanrı” romanlarının müəllifidir.

Xanım deputat Qənirə Paşayeva da yaradıcılıqla məşğul olur. O, bir çox kitabların müəllifidir. Milli Məclisin xanım üzvünün yaradıcılığında əsasən şeirlər üstünlük təşkil edir. Q.Paşayevanın 2012-ci ildə 2 albomun təqdimat mərasimi keçirilib. 2013-cü ildə xanım deputatın sözlərinə yazılmış mahnılar əsasında 3 musiqi albomu işıq üzü görüb. Onlardan biri sözləri Qənirə Paşayevaya, musiqiləri əməkdar artist Elza Seyidcahana məxsus olan "HƏYATA KÜSMƏ" albomudur. Mahnıları müğənni-bəstəkar Elza Seyidcahanla yanaşı müğənni Ramal İsrafilov da ifa ediblər.

Deputat Musa Quliyev (Musa Urud) də bir çox həmkarları kimi şeir yazır. O, “Nuh gəminə götür bizi”, “Tanrı şam yandırıb”, “Ömürdən 101 şer” şeirlər kitabının müəllifidir.

Deputat Eldar Allahyaroğlu və Novruz Aslan da parlamentlə yanaşı, ədəbi yaradıcılıqla məşğul olurlar. Sözləri Eldar Allahyaroğlu, Novruz Aslana məxsus  “Sən oldun” mahnısı hər kəs tərəfindən tanınır.  Mahnını əməkdar artist Tünzalə Ağayeva ifa edib.

Deputat Hüseynbala Mirələmov Milli Məclisin üzvü olmaqla yanaşı yazıçı, ssenarist və çoxsaylı elmi, bədii əsərlərin müəllifidir. “Güllələnmiş Heykəllər”, “Durnalar qayıtdı”, “Simuzər” kimi əsərlər yaradıcılğının nümunələrindəndir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Cavid Qurbanov məmur fəaliyyəti ilə yanaşı şeir də yazmaq istedadına malikdir.
O, “Dünya qəmli nağıl imiş” adlı kitabın müəllifidir.

DİGƏR XƏBƏRLƏR

Top