
Ötən dərs ili ilə müqayisədə yeni tədris ilində övladlarının rus dilində təhsil almasını arzu edən valideyinlərin sayı xeyli artıb.
Yeniavaz.com xəbər verir ki, Mingəçevir şəhərinin 4 ümumtəhsil məktəbində rus dili bölmələri fəaliyyət göstərir. Rəsmi məlumata əsasən onların hər biri üzrə məktəbəqədər hazırlıq qruplarına öncədən nəzərdə tutulan proqnozlar gözləntilərin üstünə qalxıb. Müraciətlərin üstünlük təşkil etdiyi təhsil müəssisələri arasında rus dilli təhsil üzrə ixtisaslaşmış Mingəçevir 3 saylı beynəlmiləl tam orta məktəb xüsusi ilə diqqəti cəlb edir. Belə ki, bu il məktəbin hazırlıq qruplarının 4 sinif üzrə Azərbaycan böməsinə 80 müraciət qəbul olunduğu halda cəmi iki qrup rus bölməsi üzrə 68 nəfər müraciət edib.
Məktəbin direktoru Gültəkin Quliyeva əslində bu rəqəmin də son hədd olmadığını bildirir. Onun sözlərinə görə limiti aşmaq kimi səlahiyyətləri yoxdur və bu səbəbdən də yalnız iki hazırlıq qrupu formalaşdırılıb. Hətta onlarda belə uşaq sayı normadan bir qədər artıqdır.
Müşahidələr söyləməyə əsas verir ki, valideyinlər əksər hallarda rus bölmələrini seçərkən övladlarının daha müasir ruhda yetişəcəyinə ümid edir.Yuxarı siniflərdə təhsil alan şagirdlər də bunu danmır. Məktəbin şagirdləri isə deyir ki, biz rus bölməsini seçməklə bu illər ərzində 3 dili daha yaxşı qavraya bilirik. Onlar Azərbaycan, rus və ingilis dilləridir.
Esmira Hidayətova, Mingəçevir