Azərbaycanlı müğənnilər Haluk Leventin çağırışına nə cavab verdi? - SORĞU


Türkiyəli məşhur müğənni Haluk Leventin Türkiyədə yaşayan azərbaycanlı, limfa xərçəngindən əziyyət çəkən Surə Nadirovaya dəstək olmaq üçün Azərbaycanın dövlət rəsmilərinə müraciət etməsi haqqında məlumat vermişdik. O bildirmişdi ki, bunun üçün Bakıda konsert vermək istəyir və buradan gələcək qonorarla xəstə qızın müalicəsinə dəstək olmaq niyyətindədir.
Bəs görəsən belə bir konsert baş tutsa, xərçəng xəstəsi Surəyə dəstək üçün hansı azərbaycanlı müğənni Haluk Leventlə eyni səhnəyə çıxardı?

Yeniavaz.com olaraq bu sualı bəzi müğənnilərə yönəltdik. Azərbaycanın əməkdar artisti Elza Seyidcahan bildirdi ki, hər nə qədər Haluk Leventi tanımasa da belə xeyirxah bir iş üçün bu addımı atardı: "Biz əlbəttə belə şeyləri dəstəkləyirik. Bizim özümüz də türklər demiş, dünyanın nərəsində olursa olsun Allahın yaratdığı insanlara qarşı əlimizdən gələn yaxşılığı təmənnasız edirik. Hərçənd mən həmin türkiyəli müğənnini tanımıram amma, bu bizim üçün qəribə deyil. Bu savab işdir və biz də bunu alqışlayırıq. Demək olar ki, biz bir çox konsertlərimizi belə həyata keçiririk, ancaq, sizlərə demirik. Bu da təvazökarlıqdan yaranır".

E. Seyidcahan həmçinin özünün də dəfələrlə belə addım atdığını dedi: "Mən dəfələrlə heyvanların qorunmasına dəstək üçün belə addımlar atmışam. Demək olar ki, indiyə qədər mənim çox konsertim belə xeyriyyə məqsədi daşıyıb. Bu mənim həyat tərzim olduğu üçün mənə təəccüblü də gəlmir. Bu bizim borcumuzdur. Bunu mənim sənət dostlarım da dəfələrlə ediblər".

Digər əməkdar artist Abbas Bağırov isə sırf xeyriyyə məqsədi ilə lazım gəlsə o səhnəyə 5 dəfə təmənnasız çıxabiləcəyini dedi: "O insan da bizlərdən biridir. Belə bir hal hər kəsin başına gələ bilər. Bu şəxs azərbaycanlı yox, hər hansı birisi də olsa biz yenə dəstək olarıq. Çünki biz belə bir millətik. Düzdür, təəssüflər olsun ki, buna qarşı çıxanlar da tapılar ancaq mən böyük məmnuniyyətlə o səhnəyə çıxardım. Lazım olsa 5 dəfə də çıxaram. Haluk Levent də sağ olsun ki belə bir addım atıb. Hiss olunur ki, bu reklam məqsədi daşımır. Bu insani keyfiyyətin göstəricisidir və böyük bir addımdır".

Məsələ ilə bağlı əməkdar artist Miri Yusif ilə də əlaqə saxlamağa çalışdıq. Onun prodüseri bildirdi ki, əgər belə bir konsert baş tutsa Yusif bəy də bunun dəstəkçisi olacaq: "Əgər belə bir konsert baş tutsa Miri Yusif bu konsertə dəstək olacaq. Ya o səhnədə çıxış edəcək, ya maddi dəstək göstərəcək və ya başqa bir üsulla dəstək olacaq. Təbii ki, əgər belə bir şey olsa bu hamımızın borcudur".

Tanınmış skripka ifaçısı Səlim Abbasov isə sevə-sevə bu addımı atacağını bildirib: "Mən bu barədə hər zaman canla-başla hazıram. Əgər mənim və ya bir başqasının o səhnəyə çıxması ilə müəyyən bir qazanc əldə olunacaqsa və bu qazanc o qızın müalicəsində istifadə olunacaqsa mən sevə-sevə bunu edərdim".

Tanınmış azərbaycanlı aparıcı və prodüser Tarix Əliyev (Tolik) isə bildirdi ki, heç vaxt Haluk Leventin belə bir konsert verməsi üçün təşkilatçılıq etməz: "Çünki Haluk Levent hal-hazırda aktual müğənni deyil. Bizim Azərbaycan tamaşaçısı aktual müğənniləri sevir. Belə də ki, bizim Azərbaycanımızın özünə, imkanlı ailələrinə nə qalıb ki, 75 milyonluq Türkiyənin bir müğənnisi Azərbaycan xalqına məsləhət görürki, mən konsertdə gəlim oxuyum, bu pulla müalicə xərclərini qarşılayaq. Buna görə aidiyyatı qurumlar var ki, onlar bu məsələ ilə məşğul ola bilərlər".

Tolik həmçinin bildirdi ki, Haluk Leventin bu addımı piyar məqsədi güdür: "Haluk Levent bunu etməkdənsə Xocalının işğal günü, Zəhra balamızın ermənilər tərəfindən öldürülməsi ilə əlaqədar etirazını bildirəydi ki, azərbaycanlı qardaşlarımıza belə olub. Haluk Leventin Türkiyədə sevənləri Azərbaycandan çoxdur. Elə Türkiyədə bir konsert versin və oradan gələn pulu həmin qıza bağışlasın. Mütləq Azərbaycana gəlməlidir? Mən belə şeylərə piyar kimi baxıram. Ona görə də onun dediyini səmimi qəbul etmirəm. Allah o xanıma da şəfa versin".

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top