Səhiyyə Nazirliyindən 81,6 min manatlıq şübhəli ödəmə - FOTOFAKT


Son 15 gün ərzində Səhiyyə Nazirliyinin Respublika Cüzəm (Leproz) Xəstəxanası tərəfindən elan edilən kotirovka sorğusunun 3 qalibi olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Respublika Cüzəm (Leproz) Xəstəxanası tərəfindən keçirilən sorğunun qalibi "Brett-Gruop" MMC, "Azola.az" MMC və "Valmart-MK" MMC olub. Bu şirkətlərə 5 kotirovka sorğusu üzrə ümumilikdə 81 min 601,8 manat vəsait ödəniləcək.
Respublika Cüzəm (Leproz) Xəstəxanası "Dəftərxana və təsərrüfat malları"nın alınması üçün "Brett-Gruop" MMC-yə 37 min 732 manat, "İdarənin digər xərcləri"ni qarşılmaq üçün "Azola.az" MMC -yə 13 min 983 manat,  "Avtonəqliyyat vasitələrinə ehtiyyat hissələrinin satın alınması" üçün "Valmart-MK" MMC-yə 29 min 882,8 manat ödəyəcək.
Maraqlıdır ki, Respublika Cüzəm (Leproz) Xəstəxanası tərəfindən elan edilən kotirovka sorğusunun qalibi olan bu şirkətlərdən 2-nin - "Brett-Gruop" MMC və "Valmart-MK" MMC-nin hüquqi ünvanı, qanuni təmsilçisi, nizamnamə kapitalı və qeydiyyat tarixləri üst-üstə düşür.
Hər iki şirkət cəmi 4 ay əvvəl - 21 may 2019-cu il tarixində dövlət qeydiyyatına alınıb. Şirkətlərin hüquqi ünvanı kimi Nərimanov rayonu, Bakı ət kombinatı, ev 3 B göstərilir. Hər iki şirkətin qanuni təmsilçisi Məmmədov Kamal Fərman oğludur.
Kotirovka sorğusunun qalibi olan 3-cü şirkətin "Azola.az" MMC-nin hüquqi ünvanı və qanuni təmsilçisi fərqli olsa da, bu şirkət də cəmi 4 ay əvvəl - 23 may 2019-cu il tarixində qeydə alınıb.
Maraqlıdır ki, eyni tarixlərdə dövlət qeydiyyatına alınan şirkətlər çox qısa müddətdən (4 ay) sonra eyni müəssisənin keçirdiyi kotirovka sorğusunda qalib gəlirlər. Kotirovka sorğusunun daha əvvəldən göndərildiyini nəzərə alsaq, o zaman belə görünür ki, Respublika Cüzəm (Leproz) Xəstəxanası heç bir təcrübəsi olmayan, cəmi bir-neçə ay əvvəl qeydə alnan  şirkətələrə kotirovka sorğusu göndərib.
Onu da bildirək ki, adları qeyd olunan şirkətlərdən heç biri barədə açıq internet resurlarda hər hansı bir məlumata rast gəlmək mümkün deyil. Onların nə veb-səhifəsi, nə sosial şəbəkə hesabları mövcud deyil. Bu şirkətlər ictimaiyyət üçün tamamilə qapalıdır.

DİGƏR XƏBƏRLƏR

Top