MTN İŞİ: "Lənkəranski ilə əlaqələrimin olmadığını dedim, inanmadılar"

Bakı Hərbi Məhkəməsində Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Tural İsgəndərli ifadə verib. O bildirib ki, MTN-in Xəzər rayon İdarəsinin rəisi Rafiq Səfərov ondan 10 min dollar və 500 manat pul alıb: "O vaxtı sosial şəbəkələrdə avtomaşının yanında “AKM” avtomatı ilə fotom yayılmışdı. Bir neçə gün sonra Rafiq Səfərovun işçiləri zəng edərək məni idarəyə dəvət etdilər. Orda dedilər ki, həmin fotoya görə ölkədə xaos yaranıb. Lənkəranlı olduğum üçün mənim Rövşən Lənkəranskinin dəstəsinin üzvü olduğumu bildirdilər. Onlara silahın mənə aid olmadığını, Rövşən Lənkəranski ilə əlaqələrimin olmadığı bildirdim. Lakin mənə inanmadılar, qabağıma silah və narkotik qoydular. Dedilər səni buna görə həbs edəcəyik".
Zərərçəkmiş qeyd edib ki, idarədə azad olunması üçün 20 min manat pul tələb edilib: "O qədər pulumun olmadığını dedim. Sonunda 10 min dollar və 500 manat pul verdim".
Tural İsgəndərli bildirib ki, verdiyi pulu geri ala bilməyib: "Vüqar Mahmudovu tanımıram. Məndə pulu Rafiq Səfərov alıb. Onun barəsində cinayət işinin başlanmasını tələb edirəm".
Proses oktyabrın 7-də davam edəcək.
Qeyd edək ki, keçmiş milli təhlükəsizlik naziri E.Mahmudovun əmisi oğlu V.Mahmudov 2017-ci il noyabr ayının əvvəlində həbs edilib. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq sabiq nazir E.Mahmudovun köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant V.Mahmudov MTN-in vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. V.Mahmudova Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.1-ci (əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda), 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə) və 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

DİGƏR XƏBƏRLƏR

Top