Prezident: "Bundan sonra da neft gəlirləri sosial məsələlərə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək"


Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə “Əsrin kontraktı”nın dünya miqyaslı əhəmiyyətindən danışıb.

Yeniavaz.com xəbər verir ki, ölkə başçısı müqavilənin imzalanmasını tarixi hadisə adlandırıb: 

"Təsəvvür etmək çətindir ki, əgər “Əsrin kontraktı” imzalanmasaydı, Azərbaycan o vaxt nəyin hesabına öz iqtisadi inkişafını təmin edə bilərdi. Biz nəyin hesabına uğurla inkişaf edə bilərdik. “Əsrin kontraktı”nın bizim müstəqil tariximizdə xüsusi yeri, xüsusi rolu var. Bu kontraktın imzalanması da asan məsələ deyildi. Uzun müddət ərzində aparılan danışıqlar nəticə vermirdi. Əlbəttə, hər iki tərəf çalışırdı ki, özü üçün daha əlverişli və məqbul şərtləri əldə etsin. Hesab edirəm ki, biz “Əsrin kontraktı”nın timsalında beynəlxalq əməkdaşlığın müsbət tərəfini görürük. Çünki həm sərmayə qoyan tərəf - investorlar, həm də ki, Azərbaycan dövləti maraqlar balansını taparaq ən məqbul şərtlərlə özləri üçün bu kontraktı imzaladılar. Əgər investorları kontraktların şərtləri qane etməsə, onda əlbəttə ki, heç bir kontraktın imzalanmasından söhbət gedə bilməz. Eyni zamanda, Azərbaycan dövlətinin maraqları da tam şəkildə təmin edildi. Bu gün kontraktın icrasının nəticəsi olan yeniləşən, müasirləşən, güclənən Azərbaycan bu sözlərimin əyani sübutudur. Mən danışıqların son mərhələsini yaxşı xatırlayıram. Amerikanın Hyuston şəhərində bir aydan çox danışıqlar gedirdi. Bu danışıqlar həlledici rol oynamışdır. Kontraktın qüvvəyə minməsi Azərbaycanı yeni inkişaf yoluna çıxardı və bu gün “Əsrin kontraktı” bizim neft sənayemizin inkişafında öz rolunu oynayır. İki il bundan əvvəl kontraktın müddətinin 2050-ci ilə qədər uzadılması göstərir ki, 1994-cü ildə nə qədər düzgün qərar qəbul edilmişdir".

Prezident “Əsrin kontraktı”nın imzalanmasında ulu öndər Heydər Əliyevin xidmətlərindən də danışıb:

"Məhz Heydər Əliyevin cəsarəti, müdrikliyi sayəsində Azərbaycan özünü dünyaya təqdim edə bildi. Tarixdə ilk dəfə xarici şirkətlər Xəzər dənizində neft-qaz yataqlarının işlənilməsində iştirak etməyə başlamışlar. “Əsrin kontraktı”nın imzalanması nəticəsində on minlərlə yeni iş yeri yaradılmışdır. Azərbaycanda minlərlə şirkət bu kontraktın icrasında podratçı kimi fəaliyyət göstərir. Yəni, “Əsrin kontraktı”nın çox böyük faydası var. 

Eyni zamanda o vaxt Azərbaycan dünyada riskli bir ölkə kimi tanınırdı. Ermənistanın ölkəmizin torpaqlarını işğal etməsi, gedən vətəndaş müharibəsi, iqtisadi çətinliklər, bir daha demək istəyirəm ki, Azərbaycanı investisiya üçün əlverişli ölkə kimi təqdim edə bilməzdi. O vaxt ulu öndər Heydər Əliyevin xidmətlərindən biri də o olmuşdu ki, investorları inandıra bilmişdi və Dövlət Neft Şirkətinin rəhbərliyi - bizim dostumuz rəhmətlik Natiq Əliyev, Xoşbəxt Yusifzadə, Valeh Ələsgərov, mən və digər əməkdaşlar çalışırdıq investorları inandıraq ki, Azərbaycana sərmayə qoymaq olar, sərmayə qoymaq lazımdır və Azərbaycana bu gün sərmayə qoyan sabah böyük fayda görəcək. Belə də oldu. “Əsrin kontraktı”nın icrasına qoyulmuş sərmayə artıqlaması ilə qaytarıldı. Xarici investorlar milyardlarla dollar gəlir əldə etdilər. Azərbaycan dövləti yüz milyard dollardan çox gəlir əldə etdi. Yəni, bir daha demək istəyirəm ki, bu, dünya təcrübəsində özünə layiqli yer tutan kontraktdır. Çünki həm dövlətin, həm də investorların maraqları təmin olundu. Eyni zamanda, neftdən əldə edilmiş gəlirlər ölkəmizin sürətli inkişafına şərait yaratdı. Biz dünyada neft sənayesində gedən işlərdən xəbərdarıq. Bir çox hallarda neft xoşbəxtlik gətirmir, faciə gətirir, qarşıdurma gətirir, qeyri-bərabərlik gətirir, ədalətsizlik gətirir. Azərbaycanın timsalında neft xeyir gətirib. Çünki neftdən əldə edilmiş gəlirlər ümumi inkişafımıza sərmayə kimi qoyuldu. Sosial məsələlərin həlli üçün şərait yaratdı. Ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi üçün imkan yaratdı. Müasirləşən şəhərlər, abadlaşan kəndlər, ölkədə gedən quruculuq, abadlıq - bütün bunların təməlində bizim neft sənayemiz dayanır.

Prezident Azərbaycanın aparıcı sektorunun neft-qaz sektoru olduğunu qeyd edib:

Biz əlbəttə ki, bu gün iqtisadi sahədə şaxələndirmə yolunu seçmişik. Yəni, neftdən asılılığı aşağı salmağa çalışırıq, qeyri-neft sektorunu inkişaf etdiririk. Ancaq bilməliyik ki, bu gün və sabah ölkəmizin aparıcı sektoru neft-qaz sektorudur. Bu gün və sabah ölkəmizin uğurlu inkişafı üçün bizim qəhrəman neftçilərimizin əməyi əvəzolunmazdır. Məhz bizim neftçilərimiz bu gün Azərbaycanın qüdrətini, inkişafını təmin edirlər. Ona görə neft-qaz sektorunun bundan sonra da uğurla inkişafı prioritet məsələlərdən biridir. Mən yenə də bunu ona görə deyirəm ki, biz iqtisadi inkişafla bağlı apardığımız siyasəti təbii olaraq qeyri-neft sektoru üzərində qururuq. Ancaq bilməliyik ki, əgər neft sektoru inkişaf etməsə, bizim qeyri-neft sektorumuz bu gün ölkəmizin tələbatını ödəyə bilməz”.

I.Əliyev neftdən əldə edilmiş gəlirlərin ölkə iqtisadiyyatının inkişafında istifadə olunduğuna diqqət çəkdi: "Biz bunu o istiqamətə yönəltdik. İnfrastruktur tamamilə yeniləndi. Yadınıza salın, 1994-cü ildə bizim infrastrukturumuz nə vəziyyətdə idi, bu gün nə vəziyyətdədir. O vaxt hətta Bakı şəhərinin yarısı təbii qaz ala bilmirdi. Rayonlarda ümumiyyətlə bundan söhbət gedə bilməzdi. Bu gün Azərbaycanda qazlaşdırma 96 faizdir. Biz ən ucqar dağ kəndlərinə qaz xətləri çəkmişik və bu proses davam etdirilir. Mən Dövlət Neft Şirkətinə tapşırıq vermişəm ki, bu işlər dayanmasın. Düzdür, 96 faiz çox böyük rəqəmdir. Nadir hallarda ölkələrdə bu dərəcədə qazlaşdırma aparılır. Amma biz bunu davam etdirməliyik. O illərdə ölkəmizin yarısı işıqsız qalırdı. Bakı şəhərinin özündə işıq çatışmırdı. Hətta bəzi hallarda saat 12-də televiziya kanalları da fəaliyyətini dayandırırdı ki, vətəndaşlar elektrikdən az istifadə etsinlər. Çünki elektrik çatışmırdı. Artıq 3 min meqavata yaxın yeni generasiya gücləri yaradılıb və biz nəinki özümüzü təmin edirik, ixrac da edirik.

Yollar bərbad vəziyyətdə idi. Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, bu gün Azərbaycan yolları keyfiyyətinə görə dünya miqyasında 34-cü yerdədir. İçməli su böyük problem idi. Bu gün əhalinin 75 faizi dayanıqlı içməli su ilə təmin edilir və bu proses davam etdirilir.

Məcburi köçkünlər üçün yüzdən çox şəhərcik salındı. Çadır şəhərciklərini biz hələ 2007-ci ildə ləğv etdik. Nəyin hesabına? Neft Fondunun hesabına. Neft Fonduna vəsait haradan gəlir? “Əsrin kontraktı”nın icrasından. Biz yüz minlərlə köçkünə yeni evlər verdik, yeni mənzillər təqdim etdik. Şəhid ailələrinə, müharibə veteranlarına edilən güzəştlər, verilən müavinətlər, mənzillər, minik avtomobilləri. Yəni, “Əsrin kontraktı”nın çox böyük faydası var və biz vəsaitdən düzgün istifadə etdik. Neft Fondunun gəlirlərindən yalnız büdcə çərçivəsində istifadə etmək mümkündür. Yəni, Azərbaycan vətəndaşları Milli Məclisdə öz təmsilçiləri vasitəsilə bu vəsaitin bölgüsündə iştirak edirlər.

Sosial infrastruktur tamamilə yenidən quruldu, 3200-dən çox məktəb, 640-dan çox xəstəxana tikildi və təmir olundu, idman qurğuları inşa edildi. Azərbaycan kosmik dövlətə çevrildi. Bizim 3 peykimiz var. Biz gəlirlərdən istifadə edərək dövlət borcumuzu aşağı səviyyədə saxlayırıq. Bu, ümumi daxili məhsulun cəmi 19 faizini təşkil edir. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan beş dəfə artıqdır. Bu, hansı ölkələrdə ola bilər? Var, amma bu ölkələrin sayı o qədər də çox deyil.

“Əsrin kontraktı”nın faydasından çox danışmaq olar. Bundan sonra da neftin satışından əldə ediləcək gəlirlər, ilk növbədə, sosial məsələlərə, infrastruktur layihələrinə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək ki, Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişafı təmin edilsin".

DİGƏR XƏBƏRLƏR

Top