Mingəçevir məktəblərində su yoxdur - "Qoxudan məktəbə girmək mümkün deyil" - TƏFƏRRÜAT

Mingəçevirdə içməli suya smart tipli sayğacların quraşdırılmasından sonra məktəblərdə və uşaq bağçalarında içməli suyun verilməsi il əlaqədar problemlər yaranıb. Həmin məktəblərdən biri də şəhərdə yerləşən 4 saylı məktəbdir.

Problemlə bağlı məktəbdə təhsil alan şagirdlərin vaildeyinləri Yeniavaz.com-a müraciət ediblər.

Valideyinlərin bildirdiyinə görə ilk dərs günündən məktəbdə su problemi yaşanıb. Verilən su limitinin məktəb üçün yetmədiyini bildirən valideyin Elxan Rəşidov dedi: “Bu məktədə 1343 nəfər şagird təhsil alır. 4 hektar olan ərazisində ağaclar var. Bu şagirdləri və məktəbin digər su tələbatını hesbladıqda “Azərsu”nun verdiyi limitin yetmədiyini görürük. Uşaqların təbii ehtiyacları var. Bu uşaqlar məktəbdə olduğu 5-6 saat ərzində təbii ehtiyaclarını ödəməli deyil?

Müəllimlər də deyir ki, içmək və digər işlər üçün istifadə etdiyimiz suyu evdən gətiririk. “Azərsu”nun verdiyi limit ilk dərs günündən qurtarır. Ayaqyolunun qoxusundan məktəbə girmək mümkün deyil. Məcburuq oranı bağlayaq.

Bu cür şəraitdə böyüyən uşaqlardan hansı savad, hansı sağlamlıq gözləmək olar? Görünən odur ki, məmurlara sağlam nəsil deyil, xəstə, müti, qul lazımdır”.

Məktəb xadimələri isə sinif otaqlarını təmziləmək üçün məktəbə yaxın evlərdən su gətirdiklərini bildirirlər.

Məsələ ilə bağlı Mingəçevir Su-kanal idarəsinin rəisi Maarif Məmmədovla əlaqə saxladıq. Məktəblərin bu problemi Təhsil Nazirliyi ilə həll etməli olduqlarını bildirən M. Məmmədov dedi: “Mingəçevirin bütün büdcə təşkilatlarına o cümlədən təhsil ocaqlarına smart tipli su sayğacı quraşdırılıb. Sayğacla əhaliyə verilən su içməli sudur. Sayğac quraşdırılan obyektə su kartı verilərkən kartın üstündə 8 ton su əlavə olaraq verilir. Bu su qurtarandan sonra artıq onun sahibi kartı aktivləşdirməlidir. Bu günlərdə şəhərə texniki suyun verilməsi reallaşacaq. Artıq şəhərin Az DRES qəsəbəsinə texniki su verilib. Məktəblər isə bu problemi Təhsil nazirliyi ilə həll etməlidir. Biz ancaq sayğac quraşdırıb əhalini təmiz su ilə təmin edirik”.

Mövzu ilə əlaqədar Yevlax Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq.

Problemin oktyabrda həll olunacağını bildirən idarənin əməkdaşı dedi: “Bütün ümumtəhsil  və iki kənar təhsil müəsissəsinə ( 26 müəssisəmizə)  “Azərsu”ASC tərəfindən su sayğacları quraşdırılıb. Problem ondadır ki, bizim normativlə və məktəblərə yeni quraşdırılan su sayğaclarına ödəmələrimiz var. Normativlər ödəniləndən sonra smart kartlara ödənişlərimiz olacaq. Bu ayın axırından bütün kartlara məbləğ ödəniləcək. Oktyabr ayına heç bir problem qalmayacaq”.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top