Rusiyadakı azərbaycanlı milyarderlərin sərvəti açıqlandı - SİYAHI


Rusiyanın ən varlı 200 iş adamının siyahısı açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, məşhur "Forbes" jurnalının Rusiya versiyasının açıqladığı məlumata əsasən Rusiyanın ən varlı iş adamı Leonid Mixelson hesab olunur. Leonid Mixelsonun ümumi sərvəti 24 milyard dollara bərabərdir.
21,3 milyard dollarlıq sərvəti ilə Vladimir Lisin siyahıda 2-ci sırada yer alıb. Azərbaycan əsilli iş adamı Vahid Ələkbərov isə Rusiyanın ən varlı 3-cü iş adamı hesab olunur. Vahid Ələkbərovun ümumi sərvəti 20,7 milyard dollar həcmində dəyərləndirilir.
Rusiyanın ən varlı iş adamlarının ilk 10-luğuna aşağıdakı şəxslər daxildir:
1. Leonid Mixelson - 24 milyard dollar
2. Vladimir Lisin  - 21,3 milyard dollar
3. Vahid Ələkbərov  - 20,7 milyard dollar
4. Aleksey Mordaşov  - un 20,5 milyard dollar
5. Qennadi Timçenko  -  20,1 milyard dollar
6.  Vladimir Potanin  -  18,1 milyard dollar
7.  Mixail Fridman  - 15 milyard dollar
8. Andrey Melniçenko - 13,8 milyard dollar
9. Alişer Usmanov  - 12,6 milyard dollar
10. Roman Abramoviç - 12,4 milyard dollar
Məlumat üçün bildirək ki, son bir ildə Vahid Ələkbərov sərvətini 4,3 milyard dollar artıraraq siyahıdakı mövqeyini 1 pillə yüksəldib. Belə ki, ötən il Vahid Ələkbərov Rusiyanın ən varlı 4-cü iş adamı olub.
Vahid Ələkbərovdan başqa Rusiyanın ən varlı 200 iş adamının arasına Azərbaycandan olan daha 4 iş adamı daxil ola bilib. Əslən Quba rayonunun "Qırmızı Qəsəbə" kəndindən olan yahudi əsilli Zarax İliev 33-cü, Qod Nisanov isə 34-cü sırada yer alıb. Hər iki iş adamının 3,5 milyard dollar sərvətinin olduğu bildirilir. Həm Zarax İliev, həm də Qod Nisanov son bir ildə sərvətlərini 200 milyon dollar artıraraq siyahıdakı mövqelərini 3 pillə yüksəldə biliblər.
Daha bir Azərbaycan əsilli iş adamı - Araz Ağalarov 1,9 milyard dollar sərvətilə siyahıda 52-ci sırada qərarlaşıb. Araz Ağalarov da son bir ildə sərvətini 100 milyon artırıb və siyahıda 2 pillə irəliləyib.
Rusiyanın ən varlı 200 iş adamının siyahısında 67-ci sırada olan Azərbaycan əsilli iş adamı Fərhad Əhmədovun isə 1,4 milyard dollar sərvəti var. Fərhad Əhmədov son bir ildə mövqeyini 2 pillə gücləndirsə də sərvətində hər hansı bir dəyişiklik olmayıb.
Onu da bildirək ki, siyahıda erməni əsilli iş adamları arasında ən varlısı Samvel Karapetyan hesab olunur. Samvel Karapetyan  Rusiyanın ən varlı 200 iş adamının siyahısında 29-cu sırada yer alıb və onun 3,7 milyard dollar sərvətinin olduğu bildirilir.
 

DİGƏR XƏBƏRLƏR

Top