Son günlərdə sürücülərin Bakı Nəqliyyat Agentliyi (BNA) barədə şikayətləri artıb. Məktəblərin başlamasına az vaxt qalmış şəhərdə süni sıxlığın aradan qaldırılması üçün BNA tərəfindən tədbirlər görülür. Bəhs edilən tədbirlər sürücülər arasında şikayətlərin artmasına səbəb olur. Sürücülər BNA-nın heç bir üzrlü səbəbləri nəzərə almadan cərimə tədbiq etdiklərini bildirirlər. Bəs BNA hansı hallarda cərimə yazmalı, hansı hallarda güzəşt etməlidir? Avtomobillərin qadağan edilmiş ərazilərdə dayana bilməsi üçün üzrlü səbəblər hansılardı? Mövzu ilə bağlı BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə danışdıq.
O, Yeniavaz.com-a açıqlamasında dayanma-durma nişanlarının olduğu yerlərdə avtomobillərin dayandırılmamasını məsləhət gördü: "Əvvəlcə qeyd edim ki, əgər ərazidə dayanma-durmanı qadağan edən işarə varsa birmənalı olaraq orada maşın saxlamaq olmaz. Sadəcə olaraq BNA sürücülərə müəyyən rahatlıqlar olsun deyə onlara müəyyən zaman çərçivəsində güzəşt edir. Bu 1, 2 və 3 dəqiqədə ola bilər. Bu kamera ilə çəkilən yerlərə aiddir. Ancaq kamera olmayan yerlərdə bu vəzifəni əməkdaşlarımız yerinə yetirir. Əgər qadağan olunmuş ərazilərdə avtomobil dayandırılıbsa və sürücü də oradadırsa, ona əməkdaşlarımız yaxınlaşaraq nəqliyyat vasitəsini götürməsini məsləhət görür. Bizim məqsədimiz qadağan edilmiş yerlərdə avtomobil saxlayanları görən kimi cərimələmək deyil. Əgər sürücü maşını götürməyə hazırlaşırsa ona icazə verilir. Və yaxud insanlıq halıdır ola bilər ki, 1-2 dəqiqəyə dostu və ya yoldaşını götürüb gedəcəksə ona da icazə verilir, cərimələnmir".
M.Ağayev xüsusilə 20 Yanvar və Koroğlu metrosu yaxınlığıdakı sıxlıqların aradan qaldırılması üçün tədbirlərin davam edəcəyini bildirdi: "20 Yanvar metrosunun yaxınlığı, Koroğlu metrosunun yaxınlığında da 10 ilə yaxındır dayanma-durma ilə bağlı problemlər var. Nə vaxt ki bu ərzilərdə tədbirlə aparırıq orada vəziyyət sabitləşir. Ancaq bizim əməkdaşlar ordan uzaqlaşan kimi yenə vəziyyət dəyişməyə başlayır. Bəhs etdiyimiz ərazilərdə vəziyyət yaxşılaşana qədər oradakı tədbirlərimiz davam edəcək".
BNA-nın mətbuat xidmətinin rəhbəri sıxlığa səbəb olan piyadalarla bağlı da tədbilərin görüləcəyini bildirdi: "Mən qeyd etmək istəyirəm ki, 20 Yanvar metrosu yaxınlığında təkcə sürücülərin günahı yoxdur. Orada sıxlığa səbəb olan amillərdən biri də yolu keçən piyadalardır. İnsanlar qırmızı, yaşıl gözləmədən, keçidlərdən istifadə etmədən hardan gəldi yolu keçirlər. Onun qarşısının alınması istiqamətində də hazırda işlər gedir. Yaxın vaxtlarda 20 Yanvar dairəsi ətrafında səkilər boyunca bütün piyada yolları məhəccərlənəcək. Kameralar inzibati xətanı sadəcə qeydə alır. Onu protokol halına salan isə əməkdaşlarımızdır. Hələlik qanunda kameralar tərəfindən cərimələrin protokollaşdırılmasına icazə verilmir".
Ruslan Yusibov