Azərbaycanda 3 mindən çox əcnəbi işlə təmin olunub


"Nazirlər Kabineti tərəfindən bu il iş icazəsi üçün 6800 kvota ayrılıb, il ərzində bu qədər əcnəbi iş üçün cəlb edilə bilər".

Bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib.

Xidmət rəisi qeyd edib ki, bu kvotanın yarısından çoxu artıq dolub: "Biz çalışırıq ki, bu kvotanın mövcudluğu heç bir sahibkarlıq subyekti üçün gərginlik yaratmasın. Hətta kvota bitdiyi təqdirdə belə, buna hökumət tərəfindən təkrar baxıla bilər".

Vüsal Hüseynov bildirib ki, əmək bazarının milliləşməsi dövlətin yanaşmasından biridir: "Sevindirici haldır ki, enerji sektorunda çalışanların 90 faizindən çoxu yerli vətəndaşlardır. Əmək bazarının dinamikasına baxsaq, görərik ki, milliləşmə tədbirləri öz nəticəsini verir. Çünki illər əvvəl bu kvota daha yüksək idi. Burada yanaşma ondan ibarət deyil ki, hansısa sahibkarlıq subyekti və ya bazarı sıxışdırılsın. Bu, paralel tədbirlərlə, yerli iş qüvvəsinin bilik-bacarığını artırmaqla aradan qaldırılır. Əvvəllər tikinti sektorunda və ya digər sahələrdə əcnəbilər çox idisə, bu gün onları yerli mütəxəssislər əvəz edir. Bu, milliləşmənin göstəricisidir".

DMX rəisi iş icazəsi üçün tələb olunan rüsumu da açıqlayıb. O qeyd edib ki, 6 aylıq iş icazəsi üçün dövlət rüsumunun qiyməti 500 manat, 1 illik rüsumun qiyməti isə 1000 manatdır.(APA)

DİGƏR XƏBƏRLƏR

Top