Tovuzda sabiq məhkəmə sədrinin qətli ilə bağlı cinayət işi başlanıb.
Tovuz rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, məlumat daxil olan kimi dərhal hadisə yerinə polis və prokurorluq orqanları əməkdaşlarının iştirakı ilə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin olunub və digər zərusi təxirəsalınmaz tədbirlər həyata keçirilib.
Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
Xatıqladaq ki, məlum hadisə bu gün səhər saatlarında baş verib. Tovuz rayon Yanıxlı kənd sakini, 1959-cu il təvəllüdlü Əli Şəmiyev Firudin Ələkbərlini güllələyib. F.Ələkbərli aldığı xəsarətdən xəstəxanada ölüb. Ə.Şəmiyev saxlanılıb.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində törədilib.
Qeyd edək ki, qətlə yetirilən Firudin Ələkbərli 90-cı illərdə Tovuz rayon xalq məhkəməsinin sədri vəzifəsində çalışıb. O, 1995-ci ildə nöqsanlara görə tutduğu vəzifədən azad edilib.