“Gallup” beynəlxalq ictimai rəyi öyrənmə şirkətinin ən son hesabatına görə bütün dünyada kədərli, acıqlı və nigaran insanların sayı artıb. “Gallup” bu hesabatın hazırlanması üçün bütün dünyada 140 ölkənin 151 min sakininin fikirlərini öyrənib. Respondentlərin 25 faizi “elə bu sorğudan bir gün əvvəl” böyük narahatlıqlar yaşadığını deyib. Rəyi soruşulanların 25 faizi kədərli, 22 faizi isə hirsli olduğunu dilə gətirib. Hesabatda Azərbaycana, Qafqaza, keçmiş sovet məkanına aid də maraqlı müşahidələr var. Azərbaycan respondentlərinin 15 faizi stressli, 24 faizi narahat olduğunu bildiriblər.
Görəsən stressin yaranma səbəbləri nələrdir?
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərovun bildirdiyinə görə, stress və depressiya kimi sağlamlıq üçün problem yaradan psixi pozuntulara səbəb olan amillər müxtəlifdir: "Bunların bəziləri sırf insanın psixoloji durumu, xarakteri və şəxsi keyfiyyətləri ilə bağlıdır. Ümumiyyətlə, müasir insanın həyat tərzinin fəallığı, qarşıya qoyulmuş məqsəd və tələblər insanda stress və depressiv halların yaranmasına səbəb olur".
Asəf Qənbərov stressin yaranma səbəblərindən biri kimi insanın bəzən sosial rolların ziddiyyəti ilə üzləşməsini göstərir: "Misal üçün iş həyatında uğurlu bir karyera sahibi olan şəxs ailə başçısı vəzifəsini o qədər də müvəffəqiyyətlə yerinə yetirə bilmir. Onun vəzifələrindən biri digərinə maneçilik törədir. Geniş yayılmış sosial fakt kimi, bu proses elmi ədəbiyyata “rolların ziddiyyəti” anlayışı kimi daxil olub. Belə hadisələr insanın şəxsiyyət və fərd kimi parçalanmasına, stressə və psixi sağlamlığının pozulmasına gətirib çıxarır. Qısaca demək olar ki, ruhi sağlamlıq insanın psixikası, sosial münasibətləri, ailə və dostları ilə əlaqələri, eyni zamanda, dünyagörüşü, həyata dini-fəlsəfi baxışı ilə əlaqəlidir".
Asəf Qənbərov bildirir ki, müasir dövrdə stress, depressiya və digər psixi pozuntuların aradan qaldırılması ilə tibb, daha dəqiq ifadə ilə psixoterapiya məşğul olsa da, bu problemlərlə mübarizədə müxtəlif mənəvi-dini konsultasiya proqramlarının tətbiq edildiyi də müşahidə olunur: "Misal üçün bəzi Qərb ölkələrində, əsasən, din xadimləri tərəfindən məhbuslar, xəstələr və psixi dəstəyə ehtiyac duyan həssas qruplar mənəvi məsləhətə cəlb olunurlar. Dini inancın insan psixikasına müsbət təsirini nəzərə alsaq, belə fəaliyyətin məqsədə uyğun olduğunu demək olar".
Müsahibimiz vurğulayır ki, dini inanc və ruhi sağlamlıq arasındakı münasibətlər müasir din psixologiyasının aktual problemlərindən biridir: "Aparılan araşdırmalara əsasən inanclı və inancı olmayan fərdlər arasında stress, depressiya, intihara meyillilik, ümid və xoşbəxtlik hissi və digər göstəricilər müqayisə edilmişdir. Bu zaman dini inancın ruhi sağlamlığa müsbət təsir göstərdiyi aşkarlanmışdır. Tədqiqatlar göstərir ki, dindar insanlar zərərli vərdişlərə az aludə olur, depressiya, stress və digər psixi pozuntulara daha az məruz qalırlar".
Asəf Qənbərov insanın stressə məruz qalmamasının mümkünsüz olduğunu bildirir. Onun dediyinə görə, hər kəs həyatın çətinlikləri ilə üzləşdikdə stressə uğrayır: "Əslində, bu, təbiidir, çünki stess orqanizmin fövqəladə vəziyyətlərdə verdiyi təbii reaksiyadır. Əsas problem stressin öhdəsindən gəlmək və onun xroniki depressiyaya aparıb-çıxarmamasına çalışmaqdır. Buna görə də ilk növbədə, sağlam fiziki və psixi həyat tərzi sürmək, daha sonra isə tibbi profilaktika böyük əhəmiyyət kəsb edir. Bununla belə, stress və depressiv halların aradan qaldırılmasında dinin təsəlliedici və kompensasiya funksiyalarından yararlanmaq mümkündür. Şübhə yoxdur ki, Allah inancı, axirət inancı, ilahi taleyə inanmaq insanlarda möhkəm təsəlli və ümid qaynağıdır. Dini inancın müasir dövrdə də varlığını qoruyub-saxlamasının bir səbəbi məhz dinin insan həyatına məna qazandırması, həyatın çətinlikləri ilə mübarizədə ona dəstək olması ilə izah edilir. Bütün hallarda, ruhi sağlamlığın qorunmasında din amilinin nəzərə alınmasını, mənəvi konsultasiya cəhətdən, dindən yararlanmanın məqsədəuyğun olduğunu hesab etmək olar".
Asəf Qənbərov onu da qeyd edir ki, bütün dinlərdə olduğu kimi, İslamda da ruhi sağlamlığa əhəmiyyət verilir: "Bir qayda olaraq, ruhi sağlamlığın əsas şərti Allaha, axirətə inam və saleh əməllər hesab edilir. Bu məqamlara toxunan amillərə həm ayələrdə, həm də hədislərdə geniş yer verilir. Məsələn Quranda: “Qəlblərin ancaq Allahı xatırlamaqla rahatlıq tapacağı” vurğulanır; Allaha və axirət gününə iman edənlər müjdələnir; bəla və müsibət keçirənlərə bütün hadisələrin Allahın təqdiri ilə baş verdiyi xatırladılaraq təsəlli edilir".
Həmçinin müsahibimizin dediyinə görə, təsəlliedici funksiya, sadəcə, İslam deyil, bütün dinlər üçün xarakterik əlamətdir. Xüsusilə, ölüm qorxusunun öhdəsindən gəlmək baxımından dini dünyagörüşü çox əhəmiyyətlidir. Məhz buna görə dinlərin əsas təlimlərindən biri olan ölümdən sonrakı həyata və hesab verməyə inam insanların həyata və ölümə məna qazandırmasında, məsuliyyətli həyat sürməsində mühüm rol oynayır.
Nazim Mustafayev