Vandakı Akdamar kilsəsi albanlara, yoxsa ermənilərə məxsusdur?


İki gün sonra - 8 sentyabr tarixində ermənilər Türkiyənin Van bölgəsində yerləşən Akdamar kilsəsində dini ayin keçirməyi planlaşdırırlar.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən bildirir ki, mərasimin yüksək səviyyədə keçirilməsi üçün Van valisinin müavini Ferhat Atar, kilsənin yerləşdiyi ərazinin bələdiyyə sədri Murat Sezer, bölgənin Mədəniyyət və turizm idarəsinin müdiri Muzaffer Aktuğ və digər rəsmi şəxslər kilsəni ziyarət edərək  hazırlıq işlərilə tanış olublar.
Van valisinin müavini Ferhat Atar ayinin yüksək səviyyədə keçirilməsi üçün təlimat verib. Mədəniyyət və turizm idarəsinin müdiri Muzaffer Aktuğ isə bildirib ki, 2010-cu ildən etibarən ermənilər Akdamar kilsəsində dini ayin icra edirlər: "Təhlükəsizlik səbəbilə 3 il ayin keçirilmədi. Lakin ötən ildən başlayaraq yenidən keçirməyə başlamışıq".
Mədəniyyət və turizm idarəsinin müdiri deyib ki, ermənilərin burada dini ayin keçirməsi bölgədə turizmin inkişafı üçün çox vacibdir: "Artıq otellərimizdə boş yer qalmayıb. Ümid edirik ki, gələn qonaqları yüksək səviyyədə qəbul edib, yola sala biləcəyik".
Məlumat üçün bildirək ki, təxminən bir həftə əvvəl Alban-Udin Xristian Dini İcmasının təşkilatçılığı ilə Azərbaycandan olan nümayəndə heyəti də Akdamar kilsəsini ziyarət edərək burada dini ayin icra ediblər. Lakin, həmin ayində Türkiyə tərəfindən yalnız bəzi QHT nümayəndələri iştirak edib.
Onu da bildirək ki, Azərbaycan rəsmi şəkildə Akdamar kilsəsinin erməni deyil, alban kilsəsi olduğunu bəyan edib. Bu ilin iyun ayında Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri Akdamar kilsəsini ziyarət ediblər.
 
 

DİGƏR XƏBƏRLƏR

Top