İnternetdən alınan mal keyfiyyəsiz çıxıbsa, onu necə qaytarmaq olar? - EKSPERT RƏYİ


Dünyada olduğu kimi Azərbaycanda da elektron ticarət geniş vüsət almaqdadır. Lakin bir çox üstünlükləri olan bu alış-verişin mənfi tərəfləri də var. Belə ki, bəzən internet vasitəsi ilə alınan məhsullar keyfiyyəsiz çıxır və onu geri qaytarmaq məsələsi isə problem olaraq qalır. Bəs elektron ticarət üzrə alınan malın keyfiyyətsiz olduğu müəyyənləşərsə, istehlakçı onu necə və hansı müddətə qaytara bilər? Prosedur qaydaları necədir?
Məsələ ilə əlaqədar Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynova müraciət etdik.
O, açıqlamasında bildirib ki, Azərbaycanda qəbul edilmiliş “Elektron ticarət haqqında” qanuna əsasən, istehlakçı keyfiyyətsiz məhsulu 5 gün ərzində qaytara bilər.
E.Hüseynovun sözlərinə görə, istehlakçının hüququ var ki, həmin malı lazımi keyfiyyətdə olan malla dəyişdirsin, yaxud da uyğun mal olmadığı təqdirdə, onu qaytarasın: “Bu zaman istehakçı aldığı malı işlətməməlidir”.
AİB sədri qeyd edib ki, qanunda müəyyən olunmuş 5 gün müddət azdır: “Həmin müddət minimum 14 gün olmalıdır. Çünki malın qaytarılması üçün elektron yazışmalar müəyyən qədər vaxt aparır”. 
E.Hüseynov istehlakçılara xəbərdarlıq da edib:”İstehlakçılar bilməlidirlər ki, elektron ticarətlə satın alınan malların, xüsusən də dərman vasitələrinin 70 faizi saxta olur. İnternetdən dərman vasitələrini birmənalı olaraq almaq olmaz. Elektron ticarətlə bağlı birliyimizə çoxlu şikayətlər daxil olur. Elə ticarət subyektindən mal alsınlar ki, ofisləri ən azından Bakıda yerləşsin”. 
Onun sözlərinə görə, əgər istehlakçı malı qaytardığı halda onu geri götürməzlərsə, bu zaman iki yerə müraciət edə bilər. “İqtisadiyyat Nazirliyinin “195-2” telefon xəttinə zəng etmək imkanı var. Digər tərəfdən malın sənədləri olmaq şərtilə məhkəməyə müraciət edə bilər. İstehlakçı bu zaman məhkəmə üçün dövlət rüsumundan azad edilir”. (e-huquq.az)

DİGƏR XƏBƏRLƏR

Top