İtkin düşmüş qız 20 il sonra Rusiyada tapıldı - VİDEO


20 il əvvəl uşaq olarkən elektrik qatarında itkin düşmüş belarusiyalı qız Rusiyada tapılıb.

Nazirliyin məlumatına görə, Yuliya adlı qız dörd yaşı olarkən "Minsk-Osipoviçi" gecə qatarında itib. Onun atası və anası iki gün stansiyaları gəzərək uşağı tapmağa çalışıblar. Axtarışların nəticə vermədiyini görən valideynlər milisə müraciət ediblər.

Qeyd olunur ki, rayon milisi uşağı qatarlarda, vağzal və stansiyalarda axtarıb. Axtarışlarda kütləvi informasiya vasitələrinin də köməyindən istifadə olunub, nəticə əldə edilməyib.

20 il sonra, bu ilin avqustunda Yuliyaya valideynlərini tapmağa dostlarından biri kömək edib. Qeyd edilir ki, gənc Rusiyadan Belarus milisinə zəng vurub.

"O, 24 yaşlı tanışı haqqında məlumat verib: o yetimdir, uşaqlığını internatda keçirib, sonra himayədar ailədə yaşayıb, elektrik qatarında itkin düşdüyünü xatırlayır", - Belarus polisinin mətbuat xidməti deyib.

Yuliyanın dostu onun haqqında internetdə məlumat toplaya bilib. O, "Yuliya adlı qız", "4 yaş", "uşaq itib" açar sözlərindən istifadə etməklə internetdə itkin düşmüş qız haqqında məqalə tapıb. Lakin məqalədə uşağın atasının adı qeyd olunmayıb. Bundan başqa, gənc "Orşanka" qəzetində də itkin düşmüş Yuliya Viktorovna haqqında məlumat tapa bilib və bundan sonra bütün şübhələr yox olub. Hətta məqalədə Yuliyanın alnında olan çapıqdan da yazılıb.

Belarus Daxili İşlər Nazirliyinin əməkdaşları dərhal Yuliya ilə əlaqə saxlayıblar. O, uşaqlığından bəzi fraqmentləri, böyük qardaşını, bacısını və 1999-cu ildə Ryazan stansiyasında tapıldığını xatırladığını bildirib.

Belarusun Məhkəmə Ekspertizaları üzrə Dövlət Komitəsinin mütəxəssisləri Yuliyanın və onun anası olduğu güman edilən qadının DNT-lərini analiz etdikdən sonra qadının Yuliyanın anası olduğu təsdiqlənib.


Sputnik

DİGƏR XƏBƏRLƏR

Top