Süleyman Soyludan İmamoğluna: Həddini bil, cahil!


"Buradan deyirəm. İşini gör, başımızın üstündə yerin var. Açıqca deyirəm, başqa işlərlə məşğul olsan səni pərişan edərik".
Yeniavaz.com Türkiyənin "Sözcü" qəzetinə istinadla xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Süleyman Soylu Diyarbəkir vilayətində keçirdiyi görüşlərə və dediyi sözlərə görə İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğluna deyib.
Xatırladaq ki, Ə. İmamoğlu ötən şənbə Diyarbəkir vilayətində PKK və KCK terror təşkilatlarına dəstək verməkdə təqsirləndirilərək vəzifə səlahiyyətləri əllərindən alınmış Diyarbəkir bələdiyyəsinin sədri Adnan Səlcuq Mızraklı və Mardin bələdiyyəsinin sədri Əhməd Türk ilə görüşüb. O bu görüş zamanı atılan addımları qınayıb və sözügedən şəxslərin haqsız yerə təqsirləndirildiyini bildirib.
S. Soylu isə bu hərəkətinə görə Ə. İmamoğlunu sərt tənqid edib: "Onlar "bizim terror təşkilatları ilə heç bir əlaqəmiz yoxdur" demədilər. İmamoğlu da deyir ki, bu bələdiyyə sədrlərinə şər atılıb. Şər atılıbsa biz atmışıq. Sadəcə ayıb olsun. Sübuta yetirilmiş heç nə yoxdur deyə bizi günahlandıran bu şəxs, həmin bələdiyyə sədrlərinin günahsız olduğu haqqında dəqiq hökm verə bilir. Axı sən kimsən? Sən sadəcə bələdiyyə sədrisən!".
Nazir İmamoğlunu nəzərdə tutaraq bildirib ki, bu gün Diyarbəkirdə yallı gedən şəxslərin, vətən övladları şəhid olanda və mitinqlər keçiriləndə səsləri çıxmırdı: "Deyirlər ki, bəzilərinə fürsət verməyək. Bəziləri dediyi PKK terror təşkilatı deyilsə kimdir? Dövləti nəzərdə tutur? Cahil, həddini bil! Bu məmləkət 40 ildir ki, terrorla mübarizə aparır. Zəiflədib bir nöqtəyə kimi gətirmişik. Sənin yenidən buna təkan verməyə həddin çatmaz. O vilayətlərdə, bölgələrdə, ölkəmizdə rifahı təmin etmək sənə qalıb?".
S. Soylu başqa işlərlə məşğul olduğu təqdirdə Ə. İmamoğlu haqqında da lazımi tədbirləri görəcəklərini sərt dillə bəyan edib: "Buradan deyirəm. İşini gör, başımızın üstündə yerin var. Açıqca deyirəm, başqa işlərlə məşğul olsan səni pərişan edərik. Bunu, bu ölkə, bu millət adına və sağına-soluna baxmadan edərik. İllərdir ki, terror hadisələrindən təsirlənənlər duran yerdə, terrorçular üçün yas saxlayanlara dəstək vermək bizi yaralayar, heç kim inciməsin".
Qeyd edək ki, avqust ayının 19-da Türkiyənin Diyarbəkir, Van və Mardin vilayətlərinin bələdiyyə sədrləri PKK və KCK terror təşkilatlarına dəstək verməkdə təqsirləndirilərək vəzifədən kənarlaşdırılıblar. Onların yerinə isə müvafiq vilayətlərin valiləri qəyyum təyin edilib. Bu hadisə Türkiyədə hakim partiyası AKP ilə (Ədalət və İnkişaf Partiyası) müxalifət partiyaları arasında münasibətlərin kəskinləşməsinə səbəb olub.

DİGƏR XƏBƏRLƏR

Top