
"Türkiyə, İraq, Azərbaycan, Türkmənistan, Əfqanıstan, Pakistan və Bəsrə körfəzindəki ölkələr ilə İran inkişaf etmək üçün bir-birlərinə möhtacdırlar".
Yeniavaz.com xəbər verir ki, bu sözləri İranın sabiq prezidenti Mahmud Əhmədinejad Türkiyənin "Anadolu" İnformasiya Agentliyinə (AA)verdiyi müsahibəsi zamanı deyib. O bildirib ki, ölkələrin qonşuluq əlaqələri onların inkişafı üçün hər zaman vacibdir: "Mədəniyyətlərinin oxşarlığı və eyni coğrafi ərazidə yaşadıqları üçün bu dövlətlər birlikdə inkişaf etməlidirlər. Çünki ortaq dəyərlər və tarixi dostluqlar bu inkişafı daha da sürətləndirər".
M. Əhmədinejad heç bir qonşu ölkənin İranda başlayacaq bir müharibədən qazanc əldə edə bilməyəcəyini deyib: "Geyim, mətbəx və adət-ənənələrimiz eynidir. Türkiyə, İraq, Azərbaycan, Türkmənistan, Əfqanıstan, Pakistan və Bəsrə körfəzindəki ölkələr ilə İran inkişaf etmək üçün bir-birlərinə möhtacdırlar. Biri uduzduğu zaman digəri qazana bilməz. Türkiyə və digər qonşularla əl-ələ verib birgə yaşamalıyıq ."
Türkiyə, İraq, Azərbaycan, Türkmənistan, Əfqanıstan, Pakistan, Suriya, İordaniya, Misir, Səudiyyə Ərəbistanı, Türkmənistan və körfəzdəki digər ölkələrin böyük coğrafi ərazidə yerləşdiyini bildirən sabiq prezident bu ölkələrin həmçinin dünyanın enerji ehtiyyatlarını da əlində tutduğunu deyib.
M. Əhmədinejad AA-ya müsahibəsi zamanı İranın hazırkı siyasi vəziyyəti, ABŞ-la əlaqələr və Suriyada gedən proseslər haqqında da danışıb.
Qeyd edək ki, M. Əhmədinejad hazırkı prezident Həsən Ruhanidən əvvəl 2005-2013-cü illər aralığında ard-arda iki dəfə İran prezidenti olub.
Tətbiqimizi yükləyə bilərsiniz