Kənd Təsərrüfatı Nazirliyi subsidiya alanların siyahısını niyə gizlətdi? - Nazirlikdən AÇIQLAMA


Kənd Təsərrüfatı Nazirliyinin və tabeliyindəki qurumların rəsmi internet səhifələri yenilənib.
Yeniavaz.com xəbər verir ki, nazirliyin rəsmi internet səhifəsinin yenilənməsilə bağlı mətbuatda heç bir məlumat yayılımayıb. Mətbuatda analoji məlumat sonuncu dəfə 2015-ci ilin oktyabr ayında yer alıb. Sonuncu yenilənmədən sonra nazirliyin rəsmi internet səhifəsinin yalnız görünüşü dəyişməyib. Eyni zamanda saytda yerləşdirilən məlumatlar da dəyişdirilib. Ən ciddi dəyişikliklərdən biri isə fermerlərə verilən subsidiyalarla bağlı olub. Saytın əvvəlki formasında mövcud olan və subsidiya alan fermerlər haqqında məlumatların yerləşdirildiyi "Subsidiya" bölməsi ləğv olunub. Artıq Kənd Təsərrüfatı Nazirliyinin rəsmi internet səhifəsində subsidiya alan fermerlər haqqında məlumat mövcud deyil.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov yeniavaz.com-a açıqlamasında bu yeniliyin səbəbini subsidyaların verilməsi prosesinin elektronlaşdırılması ilə əlaqələndirib.
Vüqar Hüseynov bildirdi ki, artıq fermerlərə verilən subsidiyalar haqqında məlumatı, onların yerinə DAİM-lər (Dövlət Aqrar İnkişaf Mərkəzləri) Maliyyə idarələrinə verir: "Elektron kənd təsərrüfatı informasiya sisteminə keçidlə əlaqədar əvvəlki mexanizm tamamilə aradan qalxıb. Yeni saytda onu nəzərdə tutmadıq çünki, bu proses elektron şəkildə dövlət və fermerlər arasında vasitəçi olmadan həyata keçiriləcək". 
V. Hüseynov həmin prosesi belə izah edib: "Biz həmin məlumatları ona görə sayta yerləşdirirdik ki, fermer bizim saytdan özünə aid olan məlumatı götürüb çap etdirsin və maliyyə idarəsinə təqdim etsin. İndi həmin o proses artıq Dövlət Aqrar İnkişaf Mərkəzləri vasitəsilə həyata keçirilir. Əmrlər DAİM-lərə göndərilir, DAİM-lər də fermerlərin əvəzinə həmin məlumatları Maliyyə idarələrinə təqdim edirlər. Bu səbəbdən də artıq həmin məlumatların saytda yerləşdirilməsinə ehtiyac qalmadı".
Məlumat üçün bildirək ki, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibinin fikirlərindən fərqli olaraq subsidyalarla bağlı məlumatların nazirliyin rəsmi saytında yerləşdirilməsi subsidiya mexanizminin ictimai monitorinqi və şəffaflığı baxımından da əhəmiyyətlidir.
Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiq edilən "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması QAYDASI"nda açıq şəkildə qeyd olunub ki, subsidiya verilmiş fermerlərin rayon (şəhər) və kəndlər üzrə siyahısı hər il dekabr ayının 25-dən gec olmayaraq Agentliyin (Aqrar Kredit və İnkişaf Agentliyi) rəsmi internet saytında yerləşdirilir.
Amma göründüyü kimi nə Kənd Təsərrüfatı Nazirliyinin, nə də onun tabeliyində olan Aqrar Kredit və İnkişaf Agentliyinin rəsmi saytında subsidiya alanlarla bağlı məlumat yoxdur.
Onu da qeyd edək ki, daha əvvəl subsidiya alan fermerlərin siyahısı nazirliyin rəsmi səhifəsində yerləşdirildiyi zaman orada yüksək rütbəli dövlət məmurlarının və onların ailə üzvlərinin adlarına da rast gəlmək mümkün olurdu.

DİGƏR XƏBƏRLƏR

Top