Alimentin məbləği Bakı və rayonlarda fərqlidirmi? - ŞƏRH


Azərbaycanda qadınların keçmiş ərlərindən alimenti vaxtında, yaxud ümumiyyətlə ala bilməməsi ilə bağlı problemlərin olduğu heç kimə sirr deyil. Digər problem isə alimentin məbləği ilə bağlıdır. Alimentin miqdarının az olması boşanan qadınları narahat edən problemə çevrilib. Qarşı tərəf isə gəlirlərinin aşağı olmasını əsas gətirərək alimenti ödəməkdən boyun qaçırırlar. Rayonlarla müqayisədə Bakıda yaşayış səviyyəsinin yüksək olduğunu nəzərə alsaq, paytaxtda qeydiyyatda olanlar daha yüksək məbləğdə aliment verməlidirmi?

Mövzu ilə bağlı vəkil Gülşən Salmanovaya müraciət etdik.  

Yeniavaz.com xəbər verir ki, vəkil e-huquq.az-a açıqlamasında bildirib ki, Azərbaycanda alimentin miqdarı yaşayış səviyyəsi fərqli olduğuna görə Bakı və rayonlar üzrə dəyişə biməz. Onun sözlərinə görə, alimentin məbləği Bakı və rayonlar üzrə heç bir halda az, yaxud çox ola bilməz.

Vəkil qeyd edib ki, qanunvericilikdə belə bir hal nəzərdə tutulmayıb. G. Salmanova diqqətə çatdırıb ki, alimentin miqdarı yalnız keçmiş həyat yoldaşın gəlirləri, fərdi halları nəzərə alınmaqla müəyyən edilir: “Elə ola bilər ki, rayonda yaşayan kişinin gəlirləri çox olduğuna görə, o, Bakıda yaşayandan daha çox aliment ödəsin. Aliment  bu kimi hallar əsasında ağlabatan həcmdə olmalıdır. Kişinin Bakı və ya rayon qeydiyyatında olması alimentin miqdarına təsir göstərmir”.

Vəkilin sözlərinə görə, qadın alimentin miqdarını artırmaq istəyirsə, keçmiş ərinin gəlirlərinin artdığını sübuta yetirməli və bu məqsədlə məhkəmədə iddia qaldırmalıdır. O qeyd edib ki, alimentin minimum miqdarı bütün respublika ərazisi üzrə eynidir: “Hazırda alimentin minimum məbləği təqribən 160 manatdır. Bu rəqəm hər il dəyişir”.  

DİGƏR XƏBƏRLƏR

Top