Narkotik satmaqda ittiham edilən "Səbiş" hakim qarşısında - FOTO


Külli miqdarda narkotik satışında təqsirləndirilən qadının məhkəməsi keçirilib.

Yeniavaz.com Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satışında təqsirləndirilərək həbs edilən 1988-ci il təvəllüdlü Səbinə Quliyevanın cinayət işi üzrə məhkəmə iclası baş tutub.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası baş tutub. Məhkəmədə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Səbinə Quliyeva Biləcəri qəsəbəsində yaşayıb və “Səbiş” ləqəbi ilə tanınıb.

S.Quliyeva bu ilin may ayında saxlanılıb. Belə ki, Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşları daxil olan məlumat əsasında Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Hüseynovu saxlayıblar. Onun üzərində şəxsi axtarış aparılan zaman 1003 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. R.Hüseynov ifadəsində narkotik vasitəni Biləcəri qəsəbəsində yaşayan “Səbiş” ləqəbli şəxsdən aldığını bildirib. Bölmə əməkdaşlarının keçirdikləri əlavə əməliyyat zamanı həmin şəxs, paytaxt sakini Səbinə Quliyeva da tutularaq istintaqa təqdim edilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 50,020 qram, yaşadığı evdən isə əlavə olaraq 1 kiloqram 15 qram narkotik vasitə heroin aşkar edilərək götürülüb.

S.Quliyeva ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Ona Cinayət Məcəlləsinin 234.4.3 (külli-miqdarda narkotik vasitələrin qanunsuz satışı) maddəsi ilə ittiham verilib.
 

DİGƏR XƏBƏRLƏR

Top