Məcburi köçkün: Deyirlər ki, sənə ev düşmür, kirayədə qalmışam


İşğal altındakı Xocavənd rayonunun Tuğ kəndindən olan məcburi köçkün Şaiq Məmmədov bir neçə ildir ki, evsizdir. Beyləqan rayonunda məcburi köçkünlər üçün salınmış  “Tuğ” qəsəbəsində ailə üzvləri ilə birlikdə qohumlarına məxsus evdə məskunlaşıb. Deyir ki, evsiz olmağına baxmayaraq, 146 ailə üçün salınmış yeni qəsəbədə ona ev vermirlər.

Ş. Məmmədov bu şikayətlə virtualaz.org-un redaksiyasına müraciət edib. Onun sözlərinə görə, üç ildən artıqdır ki, ailəsi ilə gah kirayədə, gah da qohum evində məskunlaşıb. Daimi iş yeri olmadığından kirayə pulunu ödəyə bilmir, qazancı ancaq çörək almağa yetir: “Kirayə pulunu verməkdə çox çətinlik çəkirəm. Bir ildə beş dəfə ev dəyişmişəm. Hazırda qohumun evində qalıram, sağ olsun heç məndən pul da götürmür. Yoldaşım böyrək xəstəsidir. Bir övladım var o da xəstədir. Camaatın qapısında fəhləlik edib 3-5 manat qazanıram, o da heç çörəyimizə çatmır”, - şikayətçi bildirir.

Ş. Məmmədov deyir ki, buna görə də, özünün ev tikmək imkanı qeyri-mümkündür. Bütün aidiyyati orqanlara müraciət etsə də, problemini həll edən olmayıb: “Xocavənd rayon İcra Hakimiyyətinin  başçısına, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət eləmişəm. Bakıdan nümayəndələr də gəlib maraqlanıblar, amma deyirlər ki, sənə ev düşmür. Hansı səbəbə görə düşmür, onu heç kim izah eləmir. Bu evdən də çıxarsalar, hara gedəcəyimi bilmirəm”, - Şaiq Məmmədov bildirir.

Problemlə bağlı Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırıl-ması şöbəsinin müdiri Azər Süleymanovla əlaqə saxladıq. A. Süleymanov virtualaz.org-a bildirdi ki, əgər Ş. Məmmədov növbəyə dayansa, ona da ev veriləcək: “Rayonda məcburi köçkünlər üçün evlər bir neçə ildən bir tikilir. Həmin evlər qanun əsasında, növbə ilə məcburi köçkünlərə paylanır. Əgər ev 100 nəfər üçün tikilirsə, onu 101 adama vermək qeyri-mümkündür. Heç kim evsiz qalamayacaq, hamıya ev veriləcək. Ola bilər ki, hələ həmin şəxsə  növbə çatmayıb, ondan əvvəl növbədə kimsə var”, - A. Süleymanov bildirib.

Qeyd edək ki, Xocavənd rayonunun Tuğ kəndi ermənilər tərəfindən 1991-ci ilin oktyabrında işğal olunub. Kənddən olan məcburi köçkülər Beyləqan rayonunda Tuğ adı verilən yeni qəsəbədə məskunlaşıblar.  

DİGƏR XƏBƏRLƏR

Top