İslamda oğurluğa görə əl kəsmək varmı?


Oğurluğun maddi və mənəvi zərərləri, bu hadisəyə görə insanların duyduğu izdirablar, keçirdiyi qorxu və təşvişlər yəqin ki hər bir insan üçün eynidir. Oğurluq hadisəsi sadəcə hər hansı bir malın oğurlanması deyil, həm də insanların zəhmətinin, əməyinin, alın tərinin, illərinin oğurlanması kimi də başa düşmək olar.
Bu hadisə sadəcə oğurluq edilən bir evin, dükanın, ya da iş yerinin təhdid altında qalması ilə kifayətlənmir. Bu həm də o məhəllə və küçədəki bütün evlərin, dükanların təhdid altında qalması deməkdir. Belə bir hadisədən sonra insanlar, “görəsən qonşunun başına gələn mənim də başıma gələrmi” deyə düşünməyə başlayarlar. Beləcə oğurluğun meydana gəldiyi məhəllədə hər kəs özünü təhlükədə hiss edər.
Oğurluq hadisəsi kimi zaman cinayətlə də nəticələnir… Neçə-neçə cavanlar oğurluq hadisəsinə görə həbsə gedir, nə qədər cinayətin, adam öldürmənin altında oğurluq hadisəsi yatır. Ancaq oğurluq hadisəsini bir yönü ilə adam öldürməkdən daha ağır bir cinayət hesab etmək olar. Çünki adam öldürmək fərdi bir cinayətdir və öldürülənin ailəsindən başqa cəmiyyətdə heç kim bu acını o qədər də hiss edib yaşamır. Oğurluq hadisəsi isə bir başa bütün cəmiyyətə təsir edir. Zəhmət çəkərək az ya da çox mal-mülk sahibi olanlar, əkin-biçin edənlər, mal-qara saxlayanlar və.s kimi bir çox insan yaşam qarantı olaraq gördükləri mal-mülkünün əllərindən çıxma təhlükəsi yaşayır, özlərini təhdid altında hiss edirlər.
Kasıbların, fəqir-füqəranın haqqının verilmədiyi, xəstələrin izdirab içində inlədiyi, onların acılarının duyulmadığı, əksinə bu kimi insanların acı və izdirablarının hər gün daha da artdığı bir mühit demək olar ki, oğruların qəsb edib taladığı bir dükandan elə də fərqi yoxdur.
Bu yazıda oğurluq əməli ilə bağlı Quran ayələrində hansı hökmlərin olduğuna nəzər yetirəcəyik…
Quranda oğurluq əməlini işləyən kişi və ya qadına veriləcək cəza ilə bağlı belə buyurulub: “Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq (sağ) əllərini kəsin. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir! Lakin hər kəs gördüyü haqsız işdən (oğurluqdan) sonra tövbə edib özünü düzəltsə, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!” (Maidə, 5/38-39)
Bəlkə də ağıla gələ bilər ki, oğurluğa görə əl kəsmə cəzanı tətbiq edilən dövrlərdə İslam məmləkətləri əlləri kəsilmş insanlarla dolu idi. Görəsən həqiqətən də belə idi? Oğurluğa görə əl kəsmə cəzasının şərtlərinə baxanda görürük ki, bu cəzanın tətbiq edilməsi çox nadir hallarda baş vermişdir. Çünki bir çox şərt eyni anda, eyni hadisə və eyni şəxsdə olması gərəkir ki bu cəza tətbiq edilsin.
“Oğurluq” deyəndə burada “başqasının malını gizli yolla almaq” nəzərdə tutulur. İslama görə bir insana oğurluq əməlinə görə əl kəsmə cəzası vermək üçün oğurlanan mal ən azı on dirhəm (təxminən iki qoyun) dəyərində olmalıdır. Dəyəri on dirhəmdəm aşağı olan bir oğurluğa görə əl kəsmə (hədd) cəzası deyil, hakimin təyin etdiyi daha xəfif cəzalar verilir. Aşağıda sadalanan şərtlərin hamısı yerində olmayanda hakim əl kəsmə cəzasının yerinə o anki vəziyyət və situasiyaya görə digər fərqli cəzalar verə bilər.
İslamda oğurluğa görə əl kəsmə cəzasının tətbiq edilməsi üçün oğurlanan malın üzərində oğrunun heç bir haqqının olmaması lazımdır. Çünki İslamda ağır cəzalar tətbiq edilməzdən əvvəl ortada azacıq şübhə varsa o cəza tətbiq edilmir. Misal üçün oğulun atasından, atanın oğulundan, iş ortaqlarından birinin digərindən on dirhəm və yuxarı miqdarda nəsə oğurlasa əl kəsmə cəzası tətbiq edilmir. Çünki sadalanan bu mallarda oğrunun haqqının olma ehtimalı var.
Oğurluq edən kişi və qadının əlinin kəsilməsi üçün onun ağıl sahibi və büluğ yaşına çatmış olması lazımdır. Bu o deməkdir ki, oğrunun etdiyi işin nə mənaya gəldiyini, bu işin dinə görə haram olduğunu biləcək bir yaşda olması gərəkir. Oğurluq əməlinin dinə görə haram olduğunu bilməyəcək bir yaşda və ağılda olan şəxslərə əl kəsmə cəzası verilmir.
Açıq bir yerdə və heç kimin qorumadığı bir malın oğurlanmasına görə də əl kəsmə cəzası tətbiq edilmir. Yəni mal sahibi malını hər hansı bir üsulla qorumamış, bağlı qapılar arxasında saxlamamış və sahibsiz bir şəkildə buraxmışsa bu zaman da oğurluq hadisəsinə görə əl kəsmə cəzası deyil, hakimin təyin etdiyi digər cəzalar verilir. Möhtac olduğu üçün oğurluq edənə, qida və ərzaq maddələri, həmçinin meyvə və göyərti oğurlayan şəxslərə də əl kəsmə cəzası verilmir. Qıtlıq dövründə ac qaldığı üçün oğurluq edən şəxsə də əl kəsmə cəzası tətbiq edilmir.
Buradan anlamaq olar ki, İslam dinində oğurluğa görə əl kəsmə cəzasının tətbiq edilməsində əsas məqsəd məhz insanları cəzalandırmq deyil, cəmiyyətdə hüzuru, insanların mal və mülklərinin təhlükəsizliyini təmin etməkdir.
Ərəb şairlərindən Əbul-Ala Maarri on dirhəm (təxminən iki qoyun) oğurluğa görə əl kəsmə cəzasının verilməsini şair ədası isə tənqid edərək belə demişdi: “İki yüz əlli dinar dəyərində olan bir əl, necə olur ki, on dirhəmə görə kəsilir?” Bir dinar o dövrdə on dirhəm idi. İki yüz əlli dinarla 500 qoyun alınırdı. Şairin burada qəsd etdiyi iki yüz əlli dinar İslamda bir insanın əlinə görə təzminat olaraq ödənən qan bədəlinin dəyəridir. Əbul-Ala Maarriyə dövrün alimlərindən Abdulvəhhab əl-Maliki belə cavab vermişdi: “Əl əmin olanda dəyərli idi. Xalqa, insanların malına xəyanət edəndə dəyərini itirdi”. Digər bir alim də bu məsələyə belə cavab vermişdi: “Cinayət tərkibli bir hadisədə əlin kəsilməsinə görə iki yüz əlli dinar təzminat və qan bədəli qoyulub ki, insana qarşı, insanın bədən üzvlərinə qarşı cinayət işlənməsin. Ən az on dirhəm oğurluğa görə əl kəsmək cəzası qoyulub ki, insanlar oğurluğa rəğbət etməsin”.
İslam dini oğurluq edənlərə belə bir ağır cəza vermədən əvvəl o cəmiyyətdə insanların əsas ehtiyaclarının qarşılanması şərtini qoşur. Bir cəmiyyətdə qadın, kişi, uşaqlar, bir sözlə cəmiyyətin bütün üzvləri qida sıxıntısı çəkməməli və ehtiyac duyulan qədər ərzaq ala bilməlilər. Hər bir ailənin yaşamaq üçün ev, təhsil və səhiyyə kimi ehtiyacları aradan qaldırılmalıdır. Bunları təmin edən bir dövlət İslamın bu yöndəki əmrlərini yerinə yetirmiş sayılır. Bu sadalanan ehtiyacları aradan qaldırmadan hər hansı bir cəmiyyətdə təhlükəsizlikdən bəhs etmək olmaz. Aclığın olduğu yerdə də mal və can təhlükəsizliyindən bəhs etmək əbəsdir.
İslamda bir cəmiyyətdə oğurluğun qarşısını almaq üçün bir sıra önləyici tədbirlər alınıb. Burada nəzərdə tutulan önləyici tədbirlər kasıblara, imkansızlara “oğurluq etmək olmaz” xəbərdarlığı vermək deyil. Əksinə burada zənginlərin acları, kasıb və yoxsulları doyurmaları əmr edilir. Qurandakı: “Onların mallarında da dilənçinin və (abrına qısılıb dilənməyən) yoxsulun haqqı (payı) var. (Zariyat, 51/19) ayəsinə əsasən İslam dini kasıba yardım etməyi, möhtaca əl tutmağı bir seçim deyil, bir vəzifə halına gətirmişdir.
İslama görə bütün müsəlman vətəndaşların bir-biriylə qardaş olduğu, ən az maaş alanın maaşı dövlət başçısının maaşı ilə eyni olduğu bir cəmiyyətdə oğurluq hadisəsinin sadəcə adı qala bilər. Dövlət başçısı ilə dağdakı çobanın mədəsinin eyni olduğu qəbul edilən bir sistemdə oğurluq hadisələri tarixə qarışmağa məhkumdur.
İslamda şərin, pisliyin qarşısını almaq üçün müxtəlif üsullara müraciət edilir. Bunlardan biri də qabaqlayıcı tədbirlərdir. Qabaqlayıcı tədbirlər olmadan İslamda cəza yönümlü tədbirlərə mürciət edilmir. İslama görə vətəndaşını qorumağa gücü çatmayanın onu cəzalandırmağa haqqı yoxdur. Həzrət Ömər xəlifəlik illərində qoruyucu tədbirlər alınmadan, misal üçün vətəndaşların qarnını doyuzdurmadan onlara cəzalar yağdırmağı qadağan etmiş, aclıq səbəbilə oğurluq edən şəxsə cəza verməmişdi. Hətta bu barədə valilərə məktublar göndərmişdi.

Nazim Mustafayev
 

DİGƏR XƏBƏRLƏR

Top