Ötən ay problemli kreditlər 900 min manat artıb


Avqust ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda banklar və bank olmayan kredit təşkilatları tərəfindən 13 milyard 681,4 milyon manat kredit verilib.
Yeniavaz.com Mərkəzi Bankın açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, bu ilin əvvəli ilə müqayisədə verilən kreditlərin həcmi 5,1% və ya 661,1 milyon manat artıb.
Bu ilin əvvəlindən ötən 7 ay ərzində isə ödəniş müddəti keçmiş kreditlərin, yəni problemli kreditlərin həcmi 97,6 milyon manat və ya 6,1% azalıb. İyul ayı ərzində isə problemli kreditlərin həcmi 900 min manat və ya 0,06% artıb.
Onu da bildirək ki, bu ilin əvvəlinə vaxtı keçmiş kreditlər ümumi kredit portfelində 12,2% paya malik olsa da, avqust ayının əvvlində 10,9 düşüb. 
Xatırladaq ki, bu ilin fevral ayının 28-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərman imzalayıb və həmin Fərmana əsasən fziki şəxslərin vaxtı keçmiş kredit borclarının (problemli kreditlər) restrukturizasiyası məqsədilə banklara 682 milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kreditin verilməsi də nəzərdə tutulub.
İyun ayının əvvəlində Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı məlumatda qeyd olunub ki, Prezidenti 28 fevral 2019-cu il tarixli Fərmanının icrası uğurla başa çatdırılıb və Maliyyə Nazirliyi tərəfindən ayrılan 600,1 milyon manat məbləğində vəsaitin 288,8 milyon manatı 562 min nəfər fiziki şəxsin ödəniş müddəti keçmiş kreditlərinə yönəldilib.
 
 

DİGƏR XƏBƏRLƏR

Top