Sahibsiz əşya tapsaq nə etməliyik? – Məsələnin dini və hüquqi tərəfi


Bir sıra hallarda parkda, küçədə və.s kimi yerlərdə nəsə sahibsiz və dəyərli bir əşyaya rast gəliririk. Bu sahibsiz əşya kimi zaman bir əl çantası, kimi zaman pul qabı, bəzən qızıl zinət əşyası, telefon və.s ola bilər. Hamımız yəqin edərik ki, bu əşyaları sahibləri bilərəkdən orada buraxmazlar. Bu zaman insan biraz tərəddüd yaşayır… Bir sıra suallara cavablar axtarır… Görəsən nə etməliyəm? O əşyanı alım, yoxsa almayım? Əgər alacamsa onu kimə və hara təhvil verməliyəm?
Demək olar ki “tapılan sahibsiz əşya”lar bir cəmiyyətə, ya da onu tapan şəxsə güzgülük edir. Bir insanın sınanması, bir şəxsin imtahanı məhz bu kimi vaxtlarda üzə çıxır. İnsanın əsl kimliyini, şəxsiyyətini bu zamanlarda daha yaxşı tanımaq olar. İtən bir əşya ilə qarşılaşanda onun sahibini taparaq malını ona qaytarmağı bir insanlıq borcu hesab etmək olar.
Tapılan sahibsiz əşyalarla bağlı görəsən İslamda hansı qaydalar var? Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsində bu kimi hallarla bağlı nə deyilib? Qərara gəldik ki bu barədə araşdırma edək… Siz oxuculara bu haqda müqayisəli bəzi məlumatlar verək…
İslamda tapılan sahibsiz əşyalar məsələsində əşyanı tapan şəxsin niyyəti çox əhəmiyyət daşıyır. Tapılan bir əşya əgər sahibinə verilmək məqsədilə alınarsa bu xoş və gözəl bir əməldir. Bu zaman həmin əşya və ya mal həmin adamda əmanət hökmündə qalmış sayılır.
Əgər itən əşyanı tapan şəxs malı öz mülkünə keçirmək üçün alarsa İslama görə haram bir feil işləmiş olar və bu malı qəsb etmək kimi anlaşılır. Malı qəsb etmək məqsədilə aldığı üçün mal tələf olarsa bundan məsuliyyət daşıyır. İtmiş malı tapan şəxsin buradakı niyyəti İslama görə hüquqi məsuliyyət məsələlərinə ciddi mənada təsir edir.
İslam alimlərinə görə tapılan bir əşyanı sahibinə vermək məqsədilə almaq orada buraxmaqdan daha fəzilətlidir. Çünki bu halda o malın itməsinin qarşısı alınmış olur. İtmiş bir malı sahibinə vermək məqsədilə alaraq qorumaq, orada tərk etməkdən daha üstün hesab edilir. Həmçinin İslam hüququna görə itmiş bir malı taparaq qoruyan, bunu elan edən şəxsə mal sahibi malını ondan alanda bəxşiş verə bilər.
Bir malın, əşya ya da pulun itməsi, başqa bir şəxsin də onu tapması hadisəsi İslamın ilk illərində, Həzrəti Peyğəmbər (s.ə.s) dövründə də yaşanmışdır. Səhabələrdən Ubey ibn Kab başından keçən hadisəni belə xəbər verir: Bir dəfə içində yüz dinar olan bir kisə tapdım. Onu Rəsulullaha (s.ə.s) göstərdim. Rəsulullah (s.ə.s) həmin kisəni bir il boyunca elan etməyimi istədi. Mən də bir il elan etdim. Sahibi tapılmadı. Yenidən Rəsulullahın (s.ə.s) yanına gəldim. Rəsulullah (s.ə.s) yenə bir il elan etməyimi istədi. Yenə sahibini tapa bilmədim. Bu dəfə Rəsulullah (s.ə.s) belə buyurdu: “Bu kisəni, içindəki pulun məbləğini yaxşı yadında saxla. Sahibini tapsan ona geri qaytar. Əgər sahibini tapmasan özün üçün xərclə”. (Buxari, Luqata, 1).
Onu da deyək ki, burada keçən dinar qızıl pul vahidi idi. Bir dinarla o dövründə 2 qoyun almaq olardı. Bu da o demək idi ki, Ubey ibn Kabın tapdığı yüz dinar ilə iki yüz qoyun almaq olardı.
İslama görə itirilən malı tapan şəxs bir il ərzində ictimai yerlərdə-bazarlarda, məscidlərdə və s. müxtəlif üsullarla tapılan malı elan etməldir. Günümüzdə bu elan məsələsində sosial medianın, xəbər saytlarının imkanlarından istifadə etmək olar. İtmiş malı tapan şəxs sahibi ortaya çıxmasa həmin malı sahibinin adından kasıblara, ehtiyacı olanlara paylaya bilər. Əgər özü həqiqətən kasıbdırsa həmin maldan istifadə edə bilər. Özü həmin maldan istifadə etsə sonradan malın sahibi məlum olarsa istifadə elədiyi malın əvəzini ödəməlidir.
Tapıntı əşyalarla bağlı hüquqi proseslərin necə tənzimləndiyini vəkil Emil Qurbanovdan öyrəndik. Emil Qurbanovun bu barədə redaksiyamıza məlumat verdi… Azərbaycan Respublikası Mülki Məcəlləsinin 186-cı maddəsinin 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci bəndlərinə əsasən tapıntıya görə müxtəlif yanaşmalar mövcuddur.
Mülki Məcəllənin 186-cı maddəsinə görə tapıntı əşyalar dəyərinə, həcminə, tez xarab olma xüsusiyyətlərinə və saxlanma xərclərinə görə müxtəlif bölümlərə ayırmaq olar. Mülki məcəlləyə görə əşyanı tapan şəxs Daxili İşlər Nazirliyinin tabeliyində olan Tapıntılar Bürosuna məlumat verməli, ya da tapılan əşyanı birbaşa gətirərək həmin orqana təhvil verməlidir.
Əgər mülkiyyətçi məlumdursa və əşyasının itirilməsi barədə Tapıntılar Bürosuna müraciət etmişdirsə, bu hal istisna olmaqla digər hallarda mülkiyyətçini müəyyən etmək mümkün olmadıqda və 1 illik müddət keçdikdən sonra tapan şəxs onu öz mülkiyyəti kimi istifadə edə və ya barəsində sərəncam verə bilər. Burada diqqəti çəkən bir məqam var ki, İslamda tapılan əşyanın sahibinin üzə çıxması ilə bağlı verilən bir illik müddətlə, mülki məcəllədə eyni məsələ ilə bağlı verilən müddət eynidir. Mülki məcəlləyə görə əşyanı tapan şəxs mülkiyyətdən imtina edərsə o zaman Tapıntılar Bürosu onu hərracda satıb mənfəət əldə edə bilər və ya məhv edə bilər.
Qanun həmçinin tapan şəxsə tapıntının dəyərinin 5%-i dəyərində mükafat və tapıntının saxlanılma xərclərini tələb etmək hüququ verir. Bu cür tələb hüququ tapıntını gizlətməyə cəhd etmiş və ya xəbər verməyən şəxsə verilmir.
Əgər tapıntı heyvan və ya tez xarab olan, yaxud saxlanılması çox xərc tələb edən əşya olarsa 1 illik müddəti gözləmədən onun satışını təmin edərək əldə edilən vəsait mülkiyyətçiyə ödənilir.
 
 
Nazim Mustafayev
 

DİGƏR XƏBƏRLƏR

Top