Deputatdan təklif: Xankəndi Pedaqoji İnstitutu bərpa edilsin


“Xankəndi Pedaqoji İnstitutu (universiteti) cəbhə xəttinə yaxın bir yerdə Ağcabədidə, Bərdədə, Ağdamda yerləşə bilər”

Belə bir təkliflə millət vəkili Aydın Mirzəzadə çıxış edib.

Deputat bildirib ki, hələ 1973-cü ildə sovet Azərbaycanının rəhbəri Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi şəhəri Xankəndində Pedaqoji İnstitut açılıb.

Onun dediyinə görə, bəlkə də SSRİ-də az-az institutlarda vardı ki,  orada üç dildə tədris aparılırdı və bunlardan biri də məhz həmin institut idi.

“O institutun açılması Qarabağdakı Azərbaycan icmasının öz mövqeyinin möhkəmlənməsində, Azərbaycan ictimai fikrinin öyrənilməsində çox böyük rol oynayıb. Çox təəssüf ki, məlum Dağlıq Qarabağ məsələlərindən sonra həmin institut Şuşaya köçdü,  Şuşanın işğalından sonra Azərbaycanın başqa regionuna köçdü, sonda isə hansısa universitetə birləşdirildi.

Ona görə mən belə hesab edirəm ki, həmin institutu – Xankəndi Pedaqji İnstitutu bərpa edilməlidir. Tələbə qəbulu verilməlidir. O institut-universitet cəbhə xəttinə yaxın bir yerdə Ağcabədidə, Bərdədə, Ağdamda, lap Mingəçevirdə yerləşə bilər və  bir qaçqın universiteti kimi ermənilərin işğalçılıq siyasətinə qarşı ideoloji silah kimi onun mövcudluğundan istifadə edə bilərik” -deyə, A. Mirzəzadə sözlərinə əlavə edib. (Etikxeber.az)

DİGƏR XƏBƏRLƏR

Top