“Sabah mənim və Seymur üçün həyatımızın dəyişəcəyi gündür”.
Bunu avqustun 29-da həbs müddəti başa çatacaq AXCP fəalı, jurnalist Seymur Həzinin həyat yoldaşı, müsavatçı fəal Nigar Həzi sosial şəbəkədə yazıb.
“Çox çətin günlər gördük. Ancaq yıxılmadıq, ayaqda durduq. Düzdür qarşıda bizi növbəti çətinliklər gözləyir. Amma xoş və şirin çətinliklər. Bizdə hər şey fərqli olduğundan evlilik sonrası dövr də fərqli olacaq. Seymurun azadlığa, cəmiyyətə adaptasiyası, onun mənə, mənim ona adaptasiyam. İki yatıb çıxmışın başı bir qazanda necə qaynayacaq, görəsən? Özümə də maraqlıdır,”,- N. Həzi qeyd edib.
Xatırladaq ki, Seymur Həzi Abşeron rayon Məhkəməsinin qərarıyla 5 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunub. Seymur və Nigar Həzi cütlüyü 2016-cı ilin avqustun 2-də 17 saylı cəzaçəkmə müəssisəsində evləniblər.