Məmurların sərvətlərini ifşa edən azərbaycanlı jurnalistin həyatı təhlükədədir?

 
"Hər hansı xoşagəlməz hadisə baş verərsə, buna görə ilk növbədə adları çəkilən şəxslərin məsuliyyət daşıyacaqlarını bəyan edirəm".
Yeniavaz.com xəbər verir ki, bu sözlər tanınmış jurnalist Cavanşir Həsənli bildirib. O, öz feyzbuk səhifəsində həyatının təhlükədə olduğunu yazıb və səbəbini belə izah edib: "Aldığım məlumata görə Almaniyadakı azərbaycanlılar arasında mənim fotolarım paylaşılır, yerimi müəyyənləşdirməyə çalışırlar. Bu son günlərdə 1 saylı notarial kontorunun xüsusi notariusu Famil Sabitov və Almaniyada 554 mənzil satmış azərbaycanlı şirkət rəhbəri Nasir Mustafazadə ilə bağlı araşdırmalardan sonra baş verib. Hər hansı xoşagəlməz hadisə baş verərsə, buna görə ilk növbədə adları çəkilən şəxslərin məsuliyyət daşıyacaqlarını bəyan edirəm. Beynəlxalq təşkilatlarla əlaqəsi olan dostlardan məsələni onların diqqətinə çatdırmalarını xahiş edirəm".
Jurnalist məsələ ilə bağlı yaşadığı ölkənin hüquq mühafizə orqanlarına da müraciət etdiyini bildirib: "Bununla əlaqədar yerli polisə müraciət etdiyimi və təhlükəsizliyimə görə, Avropanı tərk etmək məcburiyyətində qaldığımı bildirmək istəyirəm. Ümid edirəm, Azərbaycan ictimaiyyəti və hüquq mühafizə orqanları bu məsələni diqqətdə saxlayacaqlar".
O, paylaşımın sonunda Almaniyada yaşayan azərbaycanlılara müraciət edib: "Almaniyada yaşayan azərbaycanlılardan kimə mənim şəkillərim göndərilibsə, məlumat vermələrini xahiş edirəm".
Qeyd edək ki, Cavanşir Həsənli son dövrlərdə azərbaycanlı məmurların ictimaiyyətə məlum olmayan bahalı mülklərini və qeyri-qanuni bizneslərini araşdırmaqla məşhurlaşıb.

DİGƏR XƏBƏRLƏR

Top