Hacı Qalibdən torpaq zəbt etməsi iddiasına reaksiya: Hər il Həccə nə qədər adam yollayıram

Keçmiş deputat Qalib Salahzadə Bilgəhdə Seymur Quliyev və Ağasif Şakiroğluna məxsus torpaqları zəbt etməsi barədə iddialara reaksiya verib.

Yeniavaz.com xəbər verir ki, Q.Salahzadə Oxu.Az-a açıqlamasında deyib ki, torpaq sahəsinin ona aid olması bütün sənədlərdə aydın göstərilib.

"Kimsə deyir ki, Bilgəhdə Aslan Salahzadə küçəsi, döngə 21, ev 1-də yerləşən torpağı və mülkü Qalib Salahzadə tərəfindən zəbt olunub. Bir müraciət edin, görün, ümumiyyətlə, belə bir ünvan varmı? Mənə qarşı vicdansızlıq edirlər. Mən hər il Həcc ziyarətində olan adamam. Hər il də Həcc ziyarətinə nə qədər adam yollayıram. Bu zamana qədər 500 adama yardım etmişəm, onlar da Həccə gedib. Görün indi mənim barəmdə nələr yazırlar".

Eks-deputat həmin şəxslərin mətbuata müraciət etməsinə təəccübləndiyini dilə gətirib.
“Kiminsə şikayəti varsa, polisə, prokurorluğa müraciət etməlidir. Vallah mən bilmirəm ki, niyə mətbuata müraciət edirlər. Ölkədə qanun var, məhkəmələr var. Məgər mətbuat polisdir, məhkəmədir?!", - deyə Q.Salahzadə əlavə edib.

Qeyd edək ki, ötən gün bir neçə narazı vətəndaş İnsan Hüquqları üzrə Birgə İşçi Qrupa müraciət edərək eks-deputat Q.Salahzadənin Bilgəhdə onlara məxsus torpaqları zəbt etməsi iddiası ilə mətbuat konfransı keçirib.

"Qafqazinfo"nun məlumatına görə, tədbirdə çıxış edən şikayətçi Seymur Quliyev bildirib ki, Bilgəhdə Aslan Salahzadə küçəsi: döngə 21, ev 1-də yerləşən torpağı və mülkü Q.Salahzadə tərəfindən zəbt olunub.

"2011-ci ilə qədər torpağımda 3 mərtəbəli ev tikdirmişdim. Həyətdə böyük hovuzum, şirin su quyusu var idi. 2012- ci ildə torpağımı zəbt edəndən sonra Hacı Qalib evimi, hovuzumu yox edib. Hazırda torpağımda ev qalmayıb. Hacı Qalib oranı parkinq edib. Yaxınlıqda “Şəbəkə” restoranı fəaliyyət göstərir. O restoranın müştəriləri üçün pullu parkinq yaradılıb. Hacı Qalib mənə 2 milyon 460 min manat məbləğində maddi ziyan vurub", - deyə S.Quliyev əlavə edib.

Ağasif Şakiroğlu isə bildirib ki, Bilgəhdə “Xəzri” istirahət mərkəzinin yanında 127 sot ərazi də Q.Salahzadə tərəfindən tutulub.

DİGƏR XƏBƏRLƏR

Top