Ermənistanda keçmiş Maliyyə naziri həbs olundu


Ermənistanın keçmiş Maliyyə naziri Qaqik Xaçatryan həbs edilib.

Virtualaz.org bildirir ki, bu barədə Ermənistan dövlət təhlükəsizlik orqanları məlumat yayıb.

Xatırladaq ki, o, külli miqdarda korrupsiyada və dövlət əmlakını mənimsəməkdə ittiham olunur.

Onu da xatırladaq ki, Xaçatryan 2008-2018-ci illərdə Serj Sarkisyan iqtidarının əsas fiqurlarından biri olub. Belə ki, o, Maliyyə naziri vəzifəsindən əlavə, Dövlət Gəlirləri Komitəsinin rəhbəri kimi də fəaliyyət göstərib.

Qaqik Xaçatryan Qarabağ klanının hakimiyyəti dövründə Ermənistanın ən iri oliqarx-məmurlarından biri olub. O, dövlət gəlirləri Komitəsinə rəhbər təyin edilməzdən əvvəl 8 il gömrük xidmətinə başçılıq edib. 2018-ci ilin aprelində hakimiyyət dəyişikliyindən sonra Xaçatryanın ABŞ-a qaçdığı bildirilirdi. Lakin daha sonra o geri qayıdıb. Belə məlumatlar dolaşırdı ki, yeni hakimiyyət Xaçatryandan oğurladığı pulları geri qaytarmağı tələb edir, amma keçmiş nazir bununla razılaşmır.

hetq.am portalı Qaqik Xaçatryan barədə o hələ nazir olarkən ifşaedici araşdırma dərc edib. Orada bildirilirdi ki, nazirin oğulları-Qurgen və Artyom 2010-cu ildə ABŞ-ın Los-Anceles şəhərinin prestijli rayonunda 14.4 milyon dollara dəbdəbəli malikanə alıb. Və həmin mülkü 35 milyon dollara satmağa hazırlaşırlar.

Xaçatryan bu faktı inkar etməmişdi və demişdi ki, oğulları mülkü “leqal yolla” alıblar, çünki yetkinlik yaşına çatmış şəxslər kimi ABŞ-da müstəqil bizneslə məşğuldurlar.//virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top