Onu həmişə kəndimizdə, ya da rayon mərkəzində görəndə sadəcə salam
verib yanından keçərdim. Daha yaxınlaşıb hal-əhval tutmazdım. Yox,
aramızda heç bir inciklik yox idi. Üstəlik, rəhmətlik atamla onun çox
yaxşı münasibəti vardı. Hətta atam buna görə məni danlayardı da… Mən
isə susmaqla atama cavab verərdim. Amma həmişə onunla həmsöhbət
olmaq istəyirdim. Məndən 9 yaş böyük olan bu şəxs də sanki bunu hiss
etmişdi.
Əvvəlki iş yerimdə çalışarkən bir nəfərin məni soruşduğunu dedilər. Zəng edən şəxs adını unutduğum bir yazım haqqında ədəbiyyat adamı kimi öz dəyərli fikirlərini bildirdi. Və söhbətinin sonunda özünü: “Oxucularınızdan biriyəm”,- deyərək özünü təqdim etdi. Amma onun belə təqdimatı ilə razılaşmadım. Adını, soyadını da deməsini israr etdim. O: “Həkim Cabir Məmmədov” deyəndə elə bil dünyanı mənə verdilər.
Bəli, o, illər boyu yanından yalnız salam verib keçdiyim kəndimizin ilk ali
savadlı həkimi, “gümüş oğlan” kimi yaddaşıma həkk olunmuş Cabir
Məmmədov idi. Elə o gün cəsarətləndim və onunla üzbəüz oturub
həmsöhbət olmaq fikrinə düşdüm. Amma bəzi səbəblərdən o günlərdə
onunla görüşmək mənə nəsib olmadı.
… Bu günlərdə - istrirahət günlərinin birində Qubada olarkən tərəddüd
etmədən Cabir həkimə zəng etdim. O, salam-kəlamdan sonra: “Elə indi
gəlirəm”,- dedi və vədə verdiyi vaxtda görüş yerinə özünü çatdırdı. Özü
də tanınmış şairimiz Ramiz Qusarçaylı ilə… Sən demə, o, Ramiz
Qusarçaylının poeziyasının da pərəstişkarı imiş. Söhbət üçün müvafiq
məkanı da “Şəfəq” qəzetinin baş redaktoru Qəhrəman Qasımovun
“xeyir-duası” ilə Cabir həkim seçdi. Az sonra biz elə Cabir həkimin
maşını ilə Qəçrəş meşəsindəki istirahət məkanlarından birinə üz tutduq.
Yeri gəlmişkən, qeyd edim ki, elə “fıstıqlı dağ ətəyi” mənasını verən Qəçrəşi bütün ölkəmizdə məşhur edən də bu meşə sahəsidir. Təbiət
mənzərələri və istirahət mərkəzləri ilə diqqət çəkən Qəçrəş ilin
bütün fəsillərində çoxsaylı turist qəbul edir.
…Secdiyimiz məkanın məsul əməkdaşları, eləcə də xidmətçiləri Cabir
həkimi görən kimi: “Həkim də bizi yad edərmiş”, - deyərək, yarızarafat-
yarıgerçək: “Həmişə biz xəstəxanaya gələsi deyilik ki”, - söylədilər. Cabir
həkim sadəcə vaxtdan gileylənməklə onların irqadlarına münasibət
bildirdi.
Çay içə-içə söhbətimiz elə qızışdı ki… Mən sadəcə Cabir həkimin
söylədiklərinə daha çox fikir verməyə çalışırdım. O, ədəbiyyat
aləmindən elə danışırdı ki, Nizamidən, Füzulidən, Nəsimidən, eləcə də
çağdaş yazarlarımızdan elə şeirlər söyləyirdi ki, onu tanımasaydım
deyərdim ki, bu ki xalis ədəbiyyatçıdır. Bu fikrimi Ramiz Qusarçaylıya
pıçıldayanda şair: -“Elədir ki var”, - dedi. Az sonra Cabir həkim Anton
Pavloviç Çexovun: “Həkimlik mənim kəbinli arvadım, ədəbiyyat isə
sevgilimdir” fikrini dilə gətirməklə müşahidəmdə yanılmadığımı
təsdiqlədi.
Sözün düzü, onun dediklərindən, söylədiyi fikirlərindən çox şey əxz
etdim. Hətta indiyədək onunla həmsöhbət olmadığıma görə özümü
qınadım da… Buna rəğmən, bir zamanlar Cabir həkimə qarşı olan
“soyuqluğuma” da aydınlıq gətirməyə cəhd etdim:
-Cabir həkim, bəri başdan bildirim ki, o zamanlar mənə elə gəlirdi ki,
orta məktəbi gümüş medalla bitirmiş Sizin kimi bir şəxslə həmsöhbət
olmaq üçün mənim bilik səviyyəm elə də yetərli deyil. Daha doğrusu,
qorxurdum ki, birdən məni imtahana çəkə və mən də imtahanınızdan
kəsiləm. Siz də: “Savadda, bilikdə heç atan Məhəbbət müəllimə
oxşamadın”, - deyəsiniz. Özlüyümdə “Gümüş oğlan” ləqəbi verdiyim
Sizə qarşı olan “soyuqluğum”, Sizdən “qaçmağım” da elə bundan irəli
gəlirdi. Hə, onu da deyim ki, Siz bizim Alpan kənd orta məktəbini gümüş medalla bitirmiş ilk və sonuncu məzun olmusunuz. Sözün düzü, mən bu
rekordunuzu təzələmək niyyətində idim. Deyirdim ki, bir gün Cabir
həkimə özümü yeni bir medalçı kimi təqdim edəcəyəm. Amma məndən
asılı olmayan səbəblərdən buna nail ola bilmədim. Son anda bu da
məndə Sizə qarşı daha bir “soyuqluq” yaratdı.
Cabir həkim bu sözlərimdən sonra bayaqdan bəri əlində saxladığı
stəkandakı çaydan bir neçə qurtum içdi. Nəsə söyləmək istədi. Amma
dinmədi. Bu arada Ramiz Qusarçaylı dilləndi:
-Cabir həkim, məncə, bu, Sizə olan sayqıdan irəli gəlib…
Mən isə fikirmi davam etdirdim:
-Bu məsələdə sonradan daha bir amil də mühüm rol oynadı. Nədənsə
mən Sizi həmişə Azərbaycan teatrı və kinosunda bir-birindən maraqlı,
yaddaqalan obrazlar yaratmış, metroda, yolda, ümumiyyətlə, ictimai
nəqliyyatda rastlaşdığım Xalq artisti Fuad Poladova oxşatmışam. Hətta
onunla (Allah rəhmət eləsin) üzbəüz gələndə belə xarici görünüşündən,
üstəlik, yerişindən elə bilmişəm ki, o, Sizsiniz (Allah sizə ömür versin).
Odur ki, onun da yanından keçəndə sadəcə salam verməklə
kifayətlənmişəm. Bəlkə də Fuad Poladovla da daha dərindən
həmsöhbət olmağıma elə bu “ənənəm” mane olub. Amma bu gün hiss
etdim ki, bu “soyuqluğum” əbəs imiş.
Bu sözlərimdən sonra Cabir həkimin təklifi ilə rəhmətlik Fuad Poladovu
bir dəqiqəlik sükutla yad elədik. Cabir həkim: “Fuad Poladov həqiqətən,
həm böyük aktyor, həm də böyük şəxsiyyət idi”, - dedikdən sonra
yenidən ədəbiyyata girişdi.: “Mənə elə gəlir ki, ədəbiyyatdan, xüsusən
də poeziyadan uzaq olsaydım, yaxşı həkim kimi fəaliyyət göstərə
bilməzdim. Təcrübəmə əsasən deyə bilərəm ki, hər bir insan özlüyündə
mükəmməl bir poeziyadır. Bu mənada mənə elə gəlir ki, poeziyanı
sevməyən həkim xəstəliyə dücar olmuş insanı yaxşı dərk edə bilməz”.
Şair Ramiz Qusarçaylı Cabir həkimin bu sözlərindən sonra cibindən
bloknotunu və qələmini çıxarıb hansısa qeydlər etdi və astaca dilləndi:
-Bu qeydlərimin səsi sonra çıxacaq, həkim!
Cabir həkim zarafatından qalmadı:
-Bizim Ramiz də söz oğrusudur…
Ramiz Qusarçaylı gülə-gülə belə oğurluqla fəxr etdiyni bildirəndə Cabir
həkim dedi:
-Ramiz Qusarçaylı başdan-başa poetik düşüncəyə malik insandır. Onun
poeziyası təbiətin rəsmidir, onun poeziyası milli düşüncəylə yoğrulmuş
vətəndaş harayıdır. Bu gün onun “Azərbaycan bayrağı” şeiri dillər
əzbəridir. Hətta mən deyərdim ki, bu şeir Səməd Vurğunun məşhur
“Azərbaycan” şeiri mənziləsindədir.
Cəngidə cövlan yerim, cövlanda can yerimsən,
Barışda gül çələngim, savaşda qan yerimsən,
Sən mənim and yerimsən, mənim iman yerimsən,
Dalğalı ləngərlərin yelpiklənən yarpağı, -
Azərbaycan bayrağı!
Bu sözlərdən sonra isə o, belə söylədi:
-Bu mənada mən deyərdim ki, Ramiz Qusarçaylı poeziya aləmində öz
ədəbi səltənətini qurmuş şairdir.
Məni öz aləmimdən ofisiantın: “Yenə çay gətirimmi?” sözləri ayırdı.
Cabir həkim əli ilə “gətirin” işarəsini verdi. Fürsətdən istifadə edən
“Şəfəq”in baş redaktoru Qəhrəman Qasımov Cabir həkimlə bağlı
fikirlərini bizimlə bölüşməyə başladı:
-Tərif kimi çıxmasın, Quba Rayon Mərkəzi Xəstəxanasının kardiologiya
şöbəsinin müdiri Cabir Məmmədov rayonumuzun tanınmış
həkimlərindən biridir. Rayonda böyükdən kiçiyə kimdən xəbər alsanız,
onu tanıyacaqlar. Özü də “Tərəqqi” medallı, Əməkdar həkimdir. Elə
adının qarşısındakı bu epitetlər ömrünün 47 ilini bu sənətə həsr etmiş
Cabir həkimin necə həkim olması haqqında dolğun məlumat yaradır.
Bir məsələni də vurğulamaq istəyirəm... O həm də bizim “Şəfəq”in
daimi oxucusudur. Onun irad və təkliflərini də biz həmişə səmimi qəbul
edirik.
Bu zaman deyəsən, Ramiz Qusarçaylının səbir kasası sanki daşdı. Odur
ki, Qəhrəman müəllimə irad tuturmuş kimi dilləndi:
-Cabir həkim həm də gözəl ədəbiyyat bilicisidir. Ona görə də mən ancaq
onun barəsində bir ədəbiyyat adamı kimi bir neçə kəlmə danışmaq
fikrindəyəm. Mən indiyədək çox söz xiridarları ilə oturub-durmuşam.
Amma fikir vermişəm ki, Cabir həkim heç də onlardan geri qalmır. Hətta
deyərdim ki, bəzi məqamlarda onları üstələyir də… Ona görə də həmişə
ədəbiyyatımızın bu kamil bilicisi ilə ünsiyyətdə olmağa can atmışam.
Çünki o mənə həmişə müsbət enerji verir. Çünki o, mənim
yaradıcılığımın əyarını ölçməyə çalışan professional oxucularımdandır.
Hərdən mənə elə gəlir ki, o, şəxsən mənim poeziyamın da həkimidir.
Yəni o, poeziya nümunələrini elə incələyir ki, onlara, əgər belə demək
mümkünsə elə diaqnozlar qoyur ki, mən bir şair kimi hərdən ona həsəd
də aparıram.
…Bu görüş zamanı saatların, dəqiqələrin necə gəlib keçdiyinin fərqinə
vara bilmədim. Çünki poeziya ilə bağlı maraqlı söhbətlər bir-birini elə
əvəz edirdi ki… Üstəlik, məclis əhli Qubanın, eləcə də onun səhiyyəsi ilə
bağlı fikirlərini də bölüşdülər. Qəhrəman Qasımov dedi:
- Bu gün ölkəmizin hər bir bölgəsi, o cümlədən qədim təfəkkür mərkəzi
olan Quba da özünün yeni inkişaf dövrünü yaşayır. Bir qubalı kimi fəxrlə
deyə bilərəm ki, bəlkə də son 50 ildə Qubada bu miqyasda, bu
masştabda işlər görülməyib. Şübhəsiz, bu tərəqqidə ulu öndər Heydər
Əliyevin, eləcə də onun layiqli davamçısı İlham Əliyevin xidmətləri
danılmazdır.
Cabir həkim onun dediklərini təsdiqləd:
-Bütün bunlar danılmazdır, - deyərək əlavə etdi.- Onu da deyim ki, bu
gün səhiyyəmizin 25-30 il bundan əvvəlki vəziyyətini yada salanda
gözlərimiz qarşısında bərbad, qəzalı vəziyyətdə olan xəstəxanalar
canlanır. Mən hələ nasaz avadanlıqları, dərman qıtlığını demirəm….
Odur ki, xarici ekspertlər Azərbaycan səhiyyəsinin inkişafı üçün neçə-
neçə onilliklər lazım olduğunu bildirirdilər. Lakin ulu öndər Heydər
Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin gərgin
əməyi, möhkəm iradəsi sayəsində ölkəmiz öz iqtisadiyyatını günün
tələbləri səviyyəsində qurmaqla səhiyyə sahəsinə də yeni nəfəs verdi.
Bu gün təkcə paytaxtda deyil, bölgələrimizdə, o cümlədən Qubada
yaşayan əhalinin tibbi xidmətlərlə keyfiyyətli şəkildə təmin olunması
məqsədi ilə bütün növ müayinə və müalicə, həmçinin ən ağır
əməliyyatların icrasına imkan verən müasir səhiyyə müəssisələri
yaradılıb və yaradılmaqadır. Bəli, insanların sağlamlığının qorunması,
gələcək nəslin sağlam böyüməsi ölkəmizdə dövlət siyasətinin prioritet
istiqamətlərindən biridir və dövlətimizin başçısı bu məsələləri daim
diqqət mərkəzində saxlayır...
...Mən Cabir həkim kimi bir aysberqin indiyədək məlum olmayan digər
tərəflərini də kəşf etdiyimə görə çox sevincli idim. Görünməyən
tərəflərə vaqif olmaq üçün isə özündə cəsarət tapıb “obyektə” daha çox
yaxınlaşmaq lazımmış.
Qvami Məhəbbətoğlu