Paşinyan Azərbaycan təşkilatının Ermənistandakı tərəfdaşına 34 min dollar pul ayırdı - SƏBƏB


Sentyabr ayının 8-də işğal altında olan Dağlıq Qarabağ ərazisində seperatçılar tərəfindən yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, seperatçı rejimin keçirəcəyi seçkiyə nəzarət etmək üçün Ermənitsan höküməti iki Qeyri-Hökumət Təşkilatına maliyyə yardımı ayırıb.
Ermənistan mətbuatının yazdığına görə, hökumətin bu gün baş tutan iclasında Baş nazirin ehtiyat fondundan  Qarabağdakı seçkinin monitorinqini aparmaq üçün  Vətəndaşların Məlumatlandırılması Təşkilatı (Xankəndi ofisi) və "Şəffaflıq Ermənistan" Təşkilatının  ("Transparency International" ) İrəvan ofisinə 33,7 milyon dram (70,7 min dollar) ayrılıb.
Ayrılan vəsaitin 16,3 milyon dramı (34,1 min dollar) Vətəndaşların Məlumatlandırılması Təşkilatına, 17,4 milyon dramı (36,6 min dollar) isə "Şəffaflıq Ermənistan" Təşkilatının  İrəvan ofisinə veriləcək.
Məlumat üçün bildirək ki, bu "seçkilər" Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Qarabağda keçirilən ilk "seçkilərdir" və bu səbəbdən də Baş nazir bu prosesə xüsusi diqqət ayırır. Ermənistanda Rober Koçaryan və Serj Sarkisyanın başçılıq etdiyi "Qarabağ klanı"nı məğlub etdikdən sonra Nikol Paşinyanın əsas hədəfi Qarbağdakı seperatçı rejim üzərində nəzarəti artırmaqdır.
Onu da bildirk ki, bu gün Ermənistan Baş nazirinin ehtiyat fondundan 36,6 min dollar maliyyə yardımı alan "Şəffaflıq Ermənistan" Təşkilatı mərkəzi qərargahı Almaniyada, Berlin şəhərində yerləşən beynəlxalq qeyri-hökumət təşkilatıdır. Bu təşkilat dünyanın 90-dan çox ölkəsində yerləşən milli bölmələri, o cümlədən Ermənistan və Azərbaycanda yerləşən ofisləri vasitəsilə həyata keçirilən antikorrupsiya fəaliyyətini əlaqələndirir.
Bu həm də o deməkdir ki, Qarabağdakı seçkinin monitorinqini aparmaq üçün  Ermənistan hökumətindən 36,6 min dollar maliyyə yardımı alan "Şəffaflıq Ermənistan" Təşkilatı ilə Bakıda fəaliyyət göstərən "Şəffaflıq Azərbaycan" Təşkilatı eyni mərkəzə tabedilər.
Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edən, Qarabağda keçirilən qanunsuz seçkini monitorinq etmək üçün Ermənistan büdcəsindən pul alan "Şəffaflıq Ermənistan"  Təşkilatının Azərbaycandakı tərəfdaşı olan "Şəffaflıq Azərbaycan" Təşkilatından məsələyə münasibət öyrənmək üçün Beynəlxalq Şəffaflıq Təşkilatının Azərbaycan Milli Bölməsi - "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Əliməmməd Nuriyevlə əlaqə saxladıq.
Əliməmməd Nuriyevin məsələ ilə bağlı verdiyi açıqlamanı təqdim edirik:

"Ermənistan KİV-nin məlumatına görə, Ermənistan hökuməti qondarma Dağlıq Qarabağ Respublikasında qondarma seçkilərin müşahidəsi üçün vətəndaş cəmiyyətinə təxminən 70 min dolar, 34 milyon dram vəsait ayırıb. Bu məlumatlara görə, Beynəlxalq Şəffaflıq Təşkilatının Ermənistan Milli Bölməsi də bu vəsaiti alacaq və müşahidəni həyata keçirəcək təşkilatların sırasında yer alır. Beynəlxalq Şəffaflıq Təşkilatının Azərbaycan Milli Bölməsi olaraq bəyan edirik ki, bu qətiyyən yolverilməzdir və bu informasiyalar dorğudursa Beynəlxalq Şəffaflıq Təşkilatı dərhal və qətiyyətli şəkildə bu avantürist təşəbbüsün qarşısını almalıdır. Biz dərhal Beynəlxalq Şəffaflıq Təşkilatına müraciət edəcəyik, bu məsələnin dəqiqləşdirilməsinə çalışacağıq və Ermənistan Milli Bölməsinin bu addımının qarşısını alacağıq. Hesab edirik ki, Beynəlxalq Şəffaflıq Təşkilatı dərhal bu məsələ ilə bağı araşdırma aparmalıdır və əgər bu məlumatlar doğrudursa Ermənistan Milli bölməsinə qarşı müvafiq tədbirlər görülməlidir. BMT, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar, dünya ölkələri birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıblar. Dağlıq Qarabağ Azərbaycan ərazisidir və Ermənistan tərəfindən işğal olunub. Qondarma Dağlıq Qarabağ Respublikası dünyada heç bir ölkə tərəfindən tanınmayıb və Beynəlxalq Şəffaflıq Təşkilatının Ermənistan Milli Bölməsinin bu addımı separatizmə, terrorçuluğa dəstək kimi qiymətləndirilə bilər. Beynəlxalq Şəffaflıq Təşkilatı bu cür təşəbbüsə dəstək verə bilməz, dözümlü yanaşa bilməz və beynəlxalq hüquq prinsiplərinə hər zaman hörmətlə yanaşan bu təşkilat öz mövqeyini ortaya qoymalıdır. Beynəlxalq Şəffafqlı Təşkilatı siyasi proseslərlə bağlı məsələlərdə iştirak etmir, seçki müşahidəçiliyi də bura daxildir. Beynəlxalq Şəffaflıq Təşkilatı seçki müşahidəçiliyini həyata keçirmir. Bunu nəzərə alaraq da Ermənistan Milli Bölməsinin bu addımı yolverilməzdir.
Əgər bu məlumatlar düzdürsə Ermənistan Milli Bölməsinə qarşı elə tədbirlər görülməlidir ki, separatizmi, terrorçuluğu təşviq edən, işğal faktına haqq qazandıran bu addım presedent yaratmasın. Söhbət Beynəlxalq Şəffaflıq Təşkilatının mövqeyindən, reputasiyası və obyektivliyindən gedir və əminik ki, təşkilat öz qəti mövqeyini açıqlayacaq. Azərbaycan Milli Bölməsi olaraq prinisipal mövqeyimiz bundan ibarətdir və Ermənistan Milli Bölməsinə qarşı müvfiq tədbirlər görülənə qədər bu istiqamətdə səylərmiz davam edəcək. İstisna etmirik ki, ermənilər yenə öz ənənəvi tərz və siyasətlərinə sadiq qalaraq Beynəlxalq Şəffaflıq Təşkilatını da fakt qarşısında qoymağa, təxribata çəkməyə çalışırlar. İstənilən halda bu cəhdlər heç bir nəticə verməyəcək".

DİGƏR XƏBƏRLƏR

Top