Mingəçevir şəhər Gənclər və İdman İdarəsi və Mənzil İstismar sahələri ilə birgə şəhər İcra Hakimiyyətinin tövsiyyəsinə uyğun olaraq yay tətili günlərində məhəllələr arası idmanın müxtəlif növləri üzrə birincilik keçirilir.
Yeniavaz.com xəbər verir ki, artıq futbol və dama yarışları başa çatıb, növbəti yarışlar yaşlılar arasında nərd və yeniyetmələr arasında şahmat, qızlar arasında isə voleybol turnirləri də təşkil edilib keçiriləcək. Əsas məqsəd yay mövsümündə gənclərin eyni zamanda yaşlı insanların asudə vaxtlarını səmərəli təşkil etməkdir. Digər tərəfdən də sağlam həyat tərzinin təbliğ olunması nəzərdə tutulur. Bu gün futbol və dama yarışlarının qaliblərinə kubok və diplomlar təqdim olunub.Təşkil olunan mərasimdə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov da iştirak edib. Başçı çıxışında gənclərə uğurlar arzulayıb və hər birini təbrik edib. Bildirib ki,şəhərimizdə yaradılan nümunəvi məhəllələrdə uşaqlar və yeniyetmələr də yaddan çıxmır. Onların asudə vaxtlarının səmərəli təşkili üçün idman qurğuları, mini futbol meydançaları da yaradılır. Tədbirdə Mingəçevir Gənclər və İdman idarəsinin rəisi Kamal Nəcəfli də çıxışında məqsəd gənclər arasında idmana marağı artırmaqdan ibarət olduğunu bildirib. Sonda qaliblər mükafatlandırılıb.
Esmira Hidayətova, Mingəçevir