
Dünyanın ən böyük iqtisadiyyatına sahib olan ABŞ-da vətəndaşlardan alınan gəlir vergisinin azaldılması gözlənilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat "nytimes.com" da ("The New York Times" qəzeti) yer alıb. Məlumatda bildirilir ki, Tramp hakimiyyətə gəldiyi zaman ölkə iqtisadiyyatında 5-6%-lik artımın olacağını vəd etmişdir. Lakin, iqtisadi artım 2%-dən çox olmayıb. Elə bu səbəbdən də Tramp administrasiyası vergiləri azaltmaqla ölkə iqtisadiyyatında canlanma yaratmağı planlayır. "The New York Times"ın yazdığına görə artıq bununla bağlı təkliflər planı hazırdır.
Məlumat üçün bildirək ki, hazırda ABŞ-da fiziki şəxslərdən alınan gəlir vergisinin dərəcəsi 10% ilə 39,6% arasında dəyişir. Əgər fiziki şəxsin illik gəliri 9 325 dollardan azdırsa bunun 10%-ni vergi olaraq ödəyir. Gəlirləri 9326 - 37950 dollar arasında olanlar 15%, 37 951 - 91 900 dollar arasında olanlar 25%, 91 901 - 191 650 dollar arasında olanlar 28%, 191 651 - 416 700 dollar arasında olanlar 33%, 416 701 - 418 400 dollar arasında olanlar 35%, 418 401 dollardan yüksək olanlar isə 39,6% həddində vergi ödəməlidirlər.
Qeyd edək ki, Azərbaycanda da fərqli gəlir vergisi tətbiq olunur. Azərbaycanda muzdlu işdən (əmək müqaviləsilə işləyənlər) əldə olunan aylıq 2500 manatadək gəlirlərdən 14%, daha yuxarı məbləğdən isə 350 manat + 25% vergi tutulur. Sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin gəlirlərindən isə 20% vergi tutulur.
Gəlir vergisi dünyanın əksər ölkəsində büdcənin formalaşmasında əsas mənbə hesab edilsə də, bu vergi növü ilə bağlı birmənalı fikir mövcud deyil. İnsanlar belə hesab edirlər ki, onlar zəhmət çəkərək pul qazanırlar və dövlətin bu qazancın bir hissəsini onların əlindən alması ədalətli deyil.
Xatırlayırsınızsa bir-neçə il əvvəl məşhur fransız aktyoru Jerar Depardyeye ölkəsindəki yüksək gəlir vergisinə etiraz olaraq Fransa vətəndaşlığından imtina edərək Rusiya vətəndaşlığını qəbul edib.
Hazırda Fransada gəlir vergisinin yuxarı həddi 45% həddindədir. Lakin, dünyada bundan da yüksək gəlir vergisinin tətbiq olunduğu ölkələr var. Ən yüksək gəlir vergisi İsveçdə alınır. Bu ölkədə gəlir vergisinin yuxarı həddi 61,8%-ə bərabərdir. Bundan başqa Çad (60 %), Fil Dişi Sahili (60 %), Aruba (59), Yaponiya (55,9 %), Danimarka ( 55,8 %), Avstriya (55 %), Belçika (53,7 %), Hollandiya (51,7 %) və Finlandiya (51,6 %) dünyada ən yüksək gəlir vergisinin olduğu ölkələr hesab olunur.
Onu da bildirək ki, ölkəmizdə gəlir vergisinin dərəcəsi hazırda Avropa və inkişaf etmiş ölkələrlə müqayisədə aşağı olsa da ötən əsrin axırlarında vergi dərəcəsinin yüksəkliyinə görə biz də Avropadan geri qalmamışıq. 1999-cu ilə kimi ölkəmizdə gəlir vergisinin yuxarı həddi 40%-ə bərabər olub. Sonrakı illərdə bu hədd aşağı salınıb.
Azərbaycanla eyni regionda yerləşən ölkələr arasında ən aşağı gəlir vergisi Qazaxıstanda alınır. Bu ölkədə gəlir vergisinin yuxarı həddi 10%-ə bərabərdir. Ən yüksək gəlir vergisi isə Ermənistanda alınır - 36%. Bunlardan başqa gəlir vergisinin yuxarı həddi Türkiyədə 35%, Gürcüstanda 20%, Ukraynada 18%, Rusiya və Belarusda isə 13% həddindədir.
Yüksək gəlir vergisinin olduğu ölkələrlə bərabər vətəndaşın gəlirinə "göz dikməyən" ölkələr də var. Gəlir vergisinin mövcud olmadığı ölkələr əsasən Yaxı Şərqdə yerləşir. "Off-şor" zona kimi tanınan bəzi adalarda və azad iqtisadi zonalarda gəlir vergisi alınmır. Baham adaları, Bəhreyn, Bermud adaları, Bruney, Kayman adaları, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri gəlir vergisinin olmadığı ölkələrdir.