Xəbər verdiyimiz kimi, ötən gün Vergilər Nazirliyinin əməkdaşları Lerik rayonu ərazisində yerləşən "Relax" istirahət mərkəzində yoxlama həyata keçirmək istəyərkən mərkəzin əməkdaşları tərəfindən zorakılığa məruz qalıblar. Nəticədə "Relax" istirahət mərkəzinin vəzifəli şəxsləri - deputat İqbal Məmmədovun oğlu Mirhəmid, qardaşı oğlu Orxan və daha 4 nəfər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Yeniavaz.com xəbər verir ki, baş verən hadisə barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Vergilər Nazirliyi tərəfindən birgə açıqlma verilib. Açıqlamada qeyd olunub ki, faktiki sahəsi 14 hektardan çox olan və qonaqların qalması üçün 142 nömrədən ibarət istirahət mərkəzində müxtəlif təyinatlı 20 obyektin fəaliyyət göstərməsinə baxmayaraq, 2018-ci ildə cəmi 10 726 manat, 2019-cu ilin ötən dövrü ərzində isə 972 manat məbləğində vergi ödənilib. Bundan başqa, "Relax" istirahət mərkəzi vahid idarəetmə sisteminə malik olmasına baxmayaraq, vergidən yayınma məqsədilə buradakı obyektlər ayrı-ayrı vergi ödəyicilərinin adına rəsmiləşdirilib, bir sıra obyektlər vergi orqanında uçota alınmadan fəaliyyət göstəriblər.
Maraqlıdır ki, "Relax" istirahət mərkəzinin yerləşdiyi Lerik rayonu üzrə açıqlanan rəsmi rəqəmlər bu rayonda turzm fəaliyyətilə bağlı vergidən yayınma hallarının olduğunu açıq şəkildə göstərir. Açıqlanan rəsmi məlumata görə bu ilin ilk 6 ayında Lerik rayonu ərazisində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrin gəliri 427,8 min manat olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisdə 91 dəfə çox olub. Belə ki, 2018-ci ilin ilk yarısında Lerik rayonu ərazisində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrin gəliri cəmi 4,7 min manat olub. Diqqət çəkən daha bir məqam isə odur ki, bu ilin ilk 6 ayında Lerik rayonu ərazisində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrdə 1920 nəfər Azərbaycan vətəndaşı gecələdiyi halda, ötən ilin ilk 6 ayında cəmi 17 nəfərin gecələdiyi bildirilib ki, bunlardan da cəmi 2 nəfəri Azərbaycan vətəndaşı olub. Rəqmlərdən belə görünür ki, son bir ildə Lerik rayonu ərazisindəki mehmanxana və mehmanxana tipli müəssisələrdə gecələyən Azərbaycan vətəndaşlarının sayı 960 dəfə artıb.
Göründüyü kimi, ötən ilin ilk 6 ayında "Relax" kimi böyük istirahət mərkəzinin yerləşdiyi bir rayonda mehmanxana və mehmanxana tipli müəssisələrdə cəmi 17 nəfər qalırsa və gəlirləri də cəmi 4,7 min manat olursa, o zaman burada vergidən yayınma ilə bağlı ciddi şübələrin olduğu görsənməkdədir. Lakin maraqlıdır ki, bu cür şübəli rəqəmlərin bir il əvvəldən mövcud olmasına baxmayaraq yoxlamalar vaxtında həyata keçirilməyib.