Avropa ölkələrindən yalnız ikisi "İstanbul Konvensiyası"na qoşulmayıb - Biri Azərbaycandır


Ötən gün Livanda fəaliyyət göstərən və Yaxın Şərqdəki erməni kilsələrinə nəzarət edən Klikiya erməni katalikosu I Aram bəyan edib ki, Türkiyənin "Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə haqqında" Konvensiyaya qoşulması bu ölkədə yaşayan ermənilər üçün qəbuledilməzdir.
Yeniavaz.com xəbər verir ki, Klikiya erməni katalikosu I Aram Konvensiyada yer alan bəzi müddəaların ermənilərin ailə ənənələrinə uyğun olmadığını irəli sürüb. Katalikos bildirib ki, bu məsələ Türkiyədə yaşayan ermənilər arasında müzakirə olunmalıdır.
Məlumat üçün bildirək ki, "Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə haqqında" Konvensiyası 2011-ci ildə İstanbulda qəbul olunub. "İstanbul Konvensiyası" adlandırılan bu sənəd 2012-ci ildə Türkiyə tərəfindən raifikasiya olunub.
Konvensiya qadın haqlarının qorunması, kişi və qadın bərabərliyinin təmin olunması məqsədilə hazırlanıb.
Onu da bildirək ki, hazırda Avropa Şurasına üzv olan 47 dövlətdən 45-i "Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə haqqında" Konvensiyaya qoşulub. Bu Konvensiyaya qoşulmayan ölkələrdən biri  Azərbaycan, digəri isə Rusiyadır.
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova mətbuata verdiyi açıqlamada yaxın vaxtlarda Azərbaycan "Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə haqqında" Avropa Şurasının İstanbul Konvensiyasına qoşulacağını bildirib. Komitə sədri bildirib ki, ölkə rəhbərliyinin xüsusi tapşırığı ilə konvensiyaya qoşulmaq üçün bir sıra addımlar atılıb. 



 
 

DİGƏR XƏBƏRLƏR

Top