Türkiyədə 3 bələdiyyə sədrinin yerinə qəyyum təyin olundu - SƏBƏB


Türkiyənin Daxili İşlər Nazirliyi Van, Mardin və Diyarbəkir vilayətlərinin bələdiyyə sədrlərinin vəzifə səlahiyyətlərinin əllərindən alındığını bildirən açıqlama yayıb.
Yeniavaz.com
Türkiyə KİV-ə istinadla məlumat verir ki, nazirlik, həmin vilayətlərdə valilərin bələdiyyə sədrliyinə vəkalət edəcəyini bildirib.
Qeyd edək ki, vəzifələrindən uzaqlaşdırılan Diyarbəkir bələdiyyəsinin sədri Adnan Səlcuq Mızraklı, Van bələdiyyəsinin sədri Bedia Özgökcə Ərtan və Mardin bələdiyyəsinin sədri Əhməd Türk bu il mart ayının 31-də Türkiyədə keçirilən bələdiyyə seçkilərində HDP-dən (Xalqların Demokratik Partiyası) seçilmiş bələdiyyə sədrləri idi.
Daxili İşlər Nazirliyindən verilən açıqlamada PKK/KCK terror təşkilatları və əlaltılarının bu şəxslərdən istifadə edərək bələdiyyənin səlahiyyətlərini qeyri-qanuni məqsədlər üçün istifadə etdiyi bildirilir. Həmçinin sözügedən bələdiyyə sədrləri haqqında istintaq başladıldığı da qeyd olunur.
HDP-nin Diyarbəkirdən seçilmiş millət vəkili Qaro Paylan, hökumətin bu addımına öz "Twitter" səhifəsindən etiraz edib: "Xalqın iradəsinə qarşı törədilmiş bu inqilaba bütün siyasi partiyalar və cəmiyyət reaksiya verməlidir. Susduqca sıra Ankara və İstanbula da gələcək".

DİGƏR XƏBƏRLƏR

Top